Azərbaycan Ordusunun müasir dövrdə inkişafı dövlətin və xalqın prioritetlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu istiqamətində mühüm addımlar atılır. Müasir silah və texnika ilə təchiz edilmiş ordumuz hərbi strategiya və taktikaların təkmilləşdirilməsi sayəsində regionun ən güclü ordularından birinə çevrilib.
Azərbaycan Ordusunun nailiyyətləri yalnız hərbi sahədə deyil, sosial və iqtisadi sahələrdə də özünü göstərir. Ordunun gücləndirilməsi üçün ayrılan maliyyə vəsaitləri ölkənin ümumi iqtisadi inkişafına da töhfə verir. Müdafiə sənayesi sahəsində həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müasir hərbi texnikaların istehsalı və modernləşdirilməsi həyata keçirilir. Bu isə ordumuzun arsenalını, silahlanma səviyyəsini daha da yüksəldir.
Azərbaycan Ordusunun beynəlxalq arenada da mövqeyi güclənir. Müxtəlif beynəlxalq hərbi təlimlərdə və əməkdaşlıq proqramlarında iştirak edən ordumuz dünya orduları ilə təcrübə mübadiləsi aparır. Bu isə Azərbaycan Ordusunun döyüş qabiliyyətini və peşəkarlığını daha da yüksəldir.
Ordunun şəxsi heyətinin peşəkarlığı və mənəvi-psixoloji hazırlığı da diqqət mərkəzindədir. Hərbi təlim və tədris proqramları hərbi qulluqçularımızın peşəkar hazırlığını təmin edir. Eyni zamanda, ordumuzda mənəvi-psixoloji hazırlığın yüksək səviyyədə saxlanılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində hərbi qulluqçularımızın döyüş əzmi və ruhu daim yüksəlir.
Azərbaycan Ordusunun silahlanması, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi dövlətin ən çox diqqət yetirdiyi sahələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək, ordumuzun inkişafını təmin edir. Vətən müharibəsinə qədər olan dövrdə yeni hərbi hissələrin tikilməsi, beynəlxalq təlimlərin keçirilməsi ordunun döyüş hazırlığının artırılmasında mühüm rol oynadı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısını alan Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücuma keçdi. Qısa müddət ərzində ordumuz düşmənin işğal müddətində qurduğu müdafiə sədlərini darmadağın etdi. Bu müharibədə əldə edilən zəfər ordumuzun döyüş əzmini və qələbə ruhunu artırdı. Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Vətən müharibəsində qazanılan qələbə Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Suqovuşanın, Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət, Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusu tarix yazdı. Bu zəfər xalqın qürur mənbəyi oldu və Azərbaycanı sevən dövlətlərə könül xoşluğu yaşatdı.
Azərbaycan Ordusunun gücü təkcə döyüş meydanında deyil, həm də sülhməramlı missiyalarda da özünü göstərir. Ordumuz BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində keçirilən sülhməramlı əməliyyatlarda fəal iştirak edir. Bu, Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, ordumuzun peşəkarlığını və döyüş hazırlığını bir daha sübut edir.
Azərbaycan Ordusunun qələbələri və uğurları xalqımızın birlik və həmrəyliyinin nəticəsidir. Ordumuz xalqımızın güvənc yeri və qürur mənbəyi olaraq, ölkəmizin müdafiəsini təmin etməklə yanaşı, Azərbaycan dövlətinin və xalqının gücünü və iradəsini nümayiş etdirir. Hazırda yeni bir tarixi mərhələdə olan Azərbaycan Ordusu qüdrət, güc və zəfər mərhələsini yaşayır. Xalq ordumuza inanır və güvənir. Bu inam və güvənc ordumuzun gələcəkdə də böyük zəfərlər qazanacağının təminatıdır. Yeni inkişaf mərhələn mübarək, Azərbaycan Ordusu!
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"