Bölmələrdə şəxsi heyətin döyüş hazırlığı həmişə önəmli məqsəd daşıyıb. Belə ki, hər bir əsgərin fərdi hazırlığı heyətin, bölmənin döyüş hazırlığına təsir edən ən mühüm amillərdəndir. Bu günlərdə hərbi hissədə özüyeriyən artilleriya qurğusunun heyətinin məşğələ yerində olduq. Mayor Tural Abbasov bildirdi ki, tabeliyində olan bölmələr müntəzəm təlim məşqləri keçirlər. Əsgərlər həmişə öyrənməyə can atırlar. Silah və döyüş texnikası üzərində öyrədilən hər bir bilgi onlar üçün yenilikdir və bunu daha ciddi mənimsəməyə səy göstərirlər. İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş zabit heyətlərin yüksək döyüş hazırlığından söz açaraq dedi:
- Hələ müharibədən əvvəl də tabeliyimdə olan hər bir əsgərin döyüş və mənəvi hazırlığını yüksəltməyə çalışmışam. Həmişə müharibənin başlayacağı anı səbirsizliklə gözləmişəm. Çünki o zaman torpaqlarımız erməni silahlı dəstələrinin işğalı altında idi. Biz heç vaxt bu işğalla barışmamışdıq. Bu səbəbdən də biz hərbçilərin üzərinə böyük məsuliyyət düşürdü. Müharibə başlayan kimi ilk döyüşə gedən biz olacaqdıq. Döyüşdə qalib gəlməyin, uğur qazanmağın yeganə yolu əsgərlərin yüksək döyüş hazırlığından keçir. Bütün gücümüzü bu istiqamətdə cəmləmişdik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə başlayan əks-hücum əməliyyatı cəmi 44 gün çəkdi. Bu, həm də biz hərbçilərin daim üzərimizdə çalışmağımızın nəticəsi idi.
Zabit Tural Abbasov onu da qeyd etdi ki, İkinci Qarabağ müharibəsində iştirak etmiş, hazırda da yüksək döyüş hazırlığı göstəriciləri ilə fərqlənən gizir Mirpaşa Ağayev digər silahdaşlarına da nümunədir. Özüyeriyən artilleriya qurğusunun komandiri ilə məşğələ yerində görüşdük. Əslən Ağdam rayonundan olan gizir 10 ilə yaxındır ki, hərbi xidmətdədir. Hərbçi olmaq onun hələ kiçik yaşlarındakı arzusu olub. Gözünü açandan doğma Ağdamı və digər ərazilərimizin ermənilər tərəfindən işğal edildiyini görüb. İşğal ağrısı həmişə onu sıxıb. Vətənimizi bütöv, xalqımızı sülh, əmin-amanlıq şəraitində görmək onun ən başlıca məqsədi olub. Bu gün torpaqlarımızı azad gördüyünə ən çox sevinənlərdən biri də Mirpaşadır. O, müharibə zamanı komandiri olduğu özüyeriyən tırtıllı top ilə əvvəlcədən təyin edilmiş məntəqəyə çıxıb, daha sonra verilən döyüş tapşırığını uğurla icra edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Özüyeriyən artilleriya qurğusunun heyət üzvü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ruslan İbrahimov Gəncə şəhərində anadan olub. Ruslan neçə ildi ordu sıralarında xidmətini şərəflə davam etdirir. İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında da iştirak edib. Atası Əli İbrahimov Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Hərbi xidmətə başladığı ilk gündən Vətən qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə davam etdirəcəyini qarşısına məqsəd qoyub. Əhdinə sadiq qalan Ruslan bu gün komandirləri və silahdaşları tərəfindən sevilir. Ruslan deyir ki, hər bir hərbi qulluqçu özü özünü ucaldır. İnsan özünü ucaltdığı qədər onu heç kim ucalda bilməz. İnsanı ucaldan da onun çalışqanlığı, biliyi, bacarığı, mədəniyyətidir. İşində məsuliyyətli olmasıdır.
Müddətli həqiqi hərbi xidmət qulluqçularından Emil Hacıyev, Elmir Əhmədzadə, Aqil Əlihəsənli də özüyeriyən artilleriya qurğusunun heyətinin üzvləridirlər. Onların da hərəsinin öz vəzifəsi, öz tapşırığı var. Əsgərlərin hər biri Vətənimizin ayrı-ayrı bölgəsindəndir. Onları burada birləşdirən Vətənə xidmətdir. Əsgərlər həm də müxtəlif vaxtlarda hərbi xidmətə gəlsələr də, üzərlərinə düşən vəzifələri mükəmməl öyrənirlər. Bölmə çöl-atış təliminə çıxan zaman icra edəcəyi tapşırığı yaxşı bilir. Onların çöl-atış təlimi zaman icra etdiyi komandalar gələcəkdə döyüşdə tətbiq edəcəklərinə əmindirlər. Bu səbəbdən də hər bir heyət üzvü ona verilən tapşırığı, öyrədilən bilikləri dərindən mənimsəməyi qarşıya məqsəd qoyub. Əsgər Emil Hacıyev deyir ki, həftə içi dərslər keçirik. Özüyeriyən artilleriya qurğusunun taktiki-texniki xüsusiyyətlərini, ondan istifadə qaydalarını dönə-dönə təkrar edirik. Bu da nəticə etibarilə qurğudan mükəmməl istifadə bacarıqlarını aşılayır.
Məşğələ yerində gizir Mirpaşa Ağayev növbəti mövzu əsasında qurğunun taktiki-texniki xüsusiyyətlərini heyət üzvlərindən soruşanda hər bir üzvü verilən sualları dərhal, düzgün cavablandırırdı. Bəlli olurdu ki, heyət üzvləri dərsə hazır olduqları kimi, onların döyüş hazırlıqlarının da yüksək səviyyədə olduğuna əyani sübut idi.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"