Azərbaycan Ordusunun hər bir mənsubu istənilən vaxt qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlməyə hazır olub. Hərbi qulluqçularımız yetərincə silahlandırılmış düşmənə qarşı Vətən müharibəsində, antiterror və digər hərbi əməliyyatlarda hünər və cəsarət nümayiş etdiriblər. Qazanılan qələbələr, əldə olunan uğurlar savadlı, bacarıqlı kadrlarımızın hesabına mümkün olub. Onlardan biri də Vətən müharibəsi iştirakçısı mayor Elvin Qurbanovdur.
Mayor Elvin Namiq oğlu Qurbanov 29 mart 1987-ci ildə Lənkəran rayonunda anadan olub. Uşaqlıq illəri Lənkəranın füsunkar təbiəti və gözəl kənd mühiti içərisində keçib. Vətənpərvərliyi və xalqına olan bağlılığı onun həyatında mühüm rol oynayıb. Belə ki, Elvin məktəbli olanda hərbçi olmaq qərarına gəlib. Hərbi sahəyə olan marağı və Vətənə xidmət arzusu onu 2002-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yönəldib. Liseydə aldığı təhsil, intizam, hərbi təlimlər və təcrübələr, onun hərbi xidmətində uğur qazanmasına böyük kömək olub. 2005-ci ildə liseyi müvəffəqiyyətlə bitirdikdən sonra hərbi təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. Məktəbdə aldığı təhsil hərbi strateji düşüncəsini və taktiki bacarıqlarını daha da inkişaf etdirib. Ali təhsil ocağında keçilən dərslər və praktiki təlimlər peşəkar hərbçi kimi formalaşmasında mühüm rol oynayıb. Elvin 2009-cu ildə "leytenant" rütbəsində minaatan taqım komandiri kimi hərbi xidmətə başlayıb. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası və müdafiəsi uğrunda bir sıra mühüm döyüş əməliyyatlarında iştirak edib. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi onun döyüş təcrübəsinin ən vacib mərhələlərindən olub.
30 ilə yaxın işğalda qalmış ərazilərimizin azad olunması uğrunda başlayan Vətən müharibəsində mayor Elvin Qurbanovun rəhbərlik etdiyi bölmələr də fəal iştirak edib, bir çox əməliyyatların uğurla həyata keçirilməsində mühüm rol oynayıb. Döyüşlər zamanı zabit döyüş meydanında göstərdiyi igidliyi ilə fərqlənib. O, yaxınlığına düşən top mərmisinin dalğasından zərbə alsa da, döyüş mövqeyini tərk etməyib, komandirlik vəzifəsini layiqincə yerinə yetirib. Bu cəsarəti onun əsgərləri üçün nümunə olub, onların döyüş əzmini artırıb. Mayor Elvin Qurbanov hərbi xidmətdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalına layiq görülüb.
Mayor E.Qurbanov kimi hərbçilərimizin döyüş fəaliyyəti bu gün hər bir Azərbaycan gənci üçün örnəkdir. Vətənə olan sevgisi, xidmətdə və döyüşlərdə göstərdiyi igidlik gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılayacaq, onları Vətənə xidmət etməyə həvəsləndirəcəkdir.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"