Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2024 16:52

Hərbi hissədə yeni idman şəhərciyi istifadəyə verilib

Döyüş hazırlığı fiziki hazırlıqla tənzimlənir. Buna görə də hərbi hissələrdə sıra, atış hazırlıqları ilə bir sırada fiziki hazırlıq da günün nizam qaydaları əsasında müntəzəm və təlimata müvafiq aparılır. Yüksək fiziki imkanlar aşılayan bu hazırlıq həm də əsgərin ovqatını yüksəldir, düşüncələrinin nizamının tənzimlənməsində vasitə olur. Əsgərin dözümlüyünün, çevikliyinin, qətiyyətliyinin artırılmasında vasitə olan fiziki hazırlıq həm də xarakter formalaşdırır. Bunların mahiyyəti hərbi xidmətlə tənzimlənir.
Hərbi hissələrdə yeni idman sahələrinin yaradılması, onların müasir qurğularla təchiz edilməsi hərbi hissədə fiziki hazırlığın daha yüksək səviyyədə saxlanılmasında mühüm vasitə olur. Əsgər bunu həm də hərbi qulluqçulara qayğı bilir; hərbi hissədə yüksək intizam yüksək fiziki hazırlıqla tamamlanır.
Polkovnik-leytenant Aqil Cəfərov yeni yaradılan idman sahəsinin əsgərlərin fiziki hazırlığının daha səmərəli təşkilində əhəmiyyətli olduğunu dedi. Bildirdi ki, müxtəlif təyinatlı qurğular əsgərlərin fiziki inkişafında mühüm texniki vasitədir. Geniş ərazidə yaradılmış idman və fiziki hazırlıq sahəsini idman şəhərciyi də adlandırmaq olar. İdman şəhərciyi əsgərlərin fiziki imkanlarının artırılmasında, formalaşmasında, böyük idmana hazırlaşmasında bütün müasir tələblərə cavab verir. Əsgər Əmrah Abdullayev dedi ki, gənc əsgər hazırlığı kursunda da fiziki hazırlıq üzrə müxtəlif çalışmaları yerinə yetirirdik. Bunlar bizim çevikliyimizin, dözümlüyümüzün formalaşmasında əhəmiyyətli olurdu. Hərbi hissəmizdə yaradılan bu şəhərcikdə yeni idman qurğuları bizim fiziki hazırlıq məşğələlərinə marağımızı daha da artırıb. Bu şəhərciyin yaradılmasını bizə göstərilən qayğı bilirik. Mən də, əsgər yoldaşlarım da günün nizam qaydalarına müvafiq saatlarda burada məşğul oluruq, asudə vaxtlarımızda da fiziki imkanlarımızı burada artırırıq, bu və ya digər idman yarışına da burada hazırlaşırıq. Mən və Elman turniklərdə Şamil, Rəvan, İntiqam paralel qollarda, digərləri pres qurğularında məşq etməyi sevirik. Nəticə etibarilə hamımız bütün qurğulardan bəhrələnirik.
Əsgər Ramiz Zəkizadə dedi ki, yenilik həmişə gözçəkən olur. Yeni idman şəhərciyi, yeni qurğular hamımızın marağına səbəb oldu. Bu maraq qurğularla təmaslardan sonra həvəsə çevrildi. İndi günün nizam qaydalarına əsasən, bu qurğulardan istifadə etməklə fiziki hazırlığımızı yüksəldirik. Bu, həm də bölüyümüzün idman şərəfinin cəfakeşi olmaqda gərəklidir. Taborlararası yarışlarda biz də iştirak edirik. Fiziki hazırlığımız yüksək olmalıdır ki, bölüyümüz mükafatlara layiq görülsün.
Əsgərlər dedilər ki, Vətən müharibəsində Azərbaycan əsgəri tarixi Zəfəri yüksək döyüş hazırlığı ilə qazandı. Əsgər döyüş hazırlığına hərbi bilikləri təcrübi yerinə yetirmə bacarığı ilə bir sırada yüksək fiziki hazırlığı ilə nail olur. Biz qalib əsgərlərin döyüş yolunu həm yüksək döyüş hazırlığına, həm də yüksək fiziki hazırlığa malik olmaqla davam etdirə bilərik və etdiririk.
Əsgər Mətləb Həsənov dedi:
- Döyüş hazırlığı, döyüş hazırlığını formalaşdıran fiziki hazırlıq mənəvi-psixoloji hazırlıq olmadan qüdrətə dönə bilməz. Vətən müharibəsində Azərbaycan əsgəri hansı mənəvi-psixoloji hazırlığı ilə döyüşdüsə, qələbə qazandısa, biz də həmin mənəvi-psixoloji hazırlıq səviyyəsi ilə xidmət edirik. Döyüş hazırlığımız da yüksəkdir, mənəvi-psixoloji hazırlığımız da, fiziki hazırlığımız da. Biz də Ali Baş Komandanın bütün əmrlərini yerinə yetiməyə hazırıq.
Əsgərin həm öz adından, həm də əsgər yoldaşlarının adından dediklərini bir gerçəkliyin ifadəsi bildik: Azərbaycan Ordusu güclüdür. Bu əminliyimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" kəlamının işığı var...
Əsgər Eltun Mirzəyevin hərbi xidmətin asudə vaxtları ilə bağlı dedikləri də yeniliyə minnətdarlıq kimi səsləndi: "Bu qurğular bizim idmana marağımızı artırdı. Əsgər yoldaşlarımın əksəriyyəti idmanla daha müntəzəm məşğul olmağı qərara alıb. Fiziki hazırlığımızı yüksəltməklə yüngül atletika üzrə taborlararası, yarışlarda, Azərbaycan Ordusu səviyyəsində birinciliklərdə iştirak etməyi qərara almışıq. İndi müntəzəm məşqlər edirik. İstəyirik ki, adımız taborumuzun idman tarixinə yazılsın". Gözəl niyyətdir. Bu gözəl niyyəti yeni idman şəhərciyi yaradıb...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"