Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2024 20:34

“Əsgər mahnısı” festivalına start verildi

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən Vətənimizin tarixinə qızıl hərflərlə yazılmış, tarixi həqiqətləri bərpa edən 44 günlük Vətən müharibəsində qazanılan Zəfər gününə həsr olunmuş "Əsgər mahnısı" musiqi festivalı keçirilir. Festivalda Azərbaycan Ordusunun hərbi qulluqçuları, onların ailə üzvləri, müharibə veteranları, döyüşlərdə yaralananlar və şəhid ailə üzvləri iştirak edirlər.
Festivalın keçirilməsində əsas məqsəd qədim və zənginliyi ilə seçilən milli mədəniyyətimizin və incəsənətimizin, hərbi ənənələrin, hərbi xidmətdə olan gənclərin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təbliğinin genişləndirilməsidir. Festivala cəlb olunan istedadlı gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin yaradılmasına hərtərəfli kömək göstərilməsi əsas məqsəd daşıyır. Hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirilməsində onlara Vətən Müharibəsi Qəhrəmanlarının geniş miqyasda tanıdılması, ordu ilə xalq birliyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini artırmaqdır.
Musiqi festivalına qeydiyyat iyunun 12-dən avqustun 1-dək aparılacaq, seçim turları keçiriləcək. Daha çox bal toplayanlar yarımfinal konsertində iştirak etmək hüququ qazanacaqlar. Final konsertində isə daha çox fərqlənən istedadlı gənclər və yüksək bal toplayanlar çıxış edəcəklər.
Əsas nominasiya olan "Əsgər mahnısı" festivalında iştirak etmək üçün lokal, hərbi vətənpərvərlik mövzusunda mahnı, muğam, müxtəlif musiqi alətlərinin ifaçıları iştirak edə bilərlər. Əlavə nominasiyalarda milli rəqs, müasir idman üslubunda rəqslər, zərb, simli, nəfəsli və digər alətlərdə ifa bacarıqlarını nümayiş etdirə bilərlər.
İştirakçıların seçimi professional münsiflər heyəti tərəfindən aparılacaq. "Əsgər mahnısı" festivalında qaliblərə diplom və qiymətli hədiyyələr nominasiyalar üzrə təqdim olunacaq.

Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"