27 sentyabr 2020-ci il tarixində düşmən növbəti təxribatlara əl atdı. İllərlə səbir etdiyimizi düşünən mənfurlar bu dəfə də belə yanaşacağımızı düşündülər. Lakin bu təxribatın səbrimizin son damlası olduğunu heç xəyallarından belə keçirmirdilər. 27 sentyabr tarixində onların həyata keçirdikləri genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyatlarda əsgər Bayram Qasımov da iştirak etdi.
Bayram Qasımov 2002-ci ildə Gədəbəy rayonunun Çiçəkli kəndində anadan olub. Çiçəkli kənd tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Gənc əsgər kimi hərbi hissələrin birində xidmət edib. Bir müddət sonra Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində xidmətini davam etdirib. Əsgəri xidmətini xüsusi təyinatlı kimi başa vurduqdan sonra uşaqlıq arzusunu həyata keçirdi. O, Azərbaycan Ordusunun hərbçisi oldu.
Haqq savaşımızın başladığı ilk andan etibarən silahdaşları ilə birlikdə işğalçılardan qisasımızı almağa başlayıb. Onun mərdliyi, şücaəti, igidliyi sayəsində düşmən ordusu xeyli sayda itki vermək məcburiyyətində qalıb. Bölmələrimiz bir çox əraziləri düşmən işğalından azad edərək, irəliləyiblər. Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı igidlik nümayiş etdirərək, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən asanlıqla gəlib. Bir neçə gündən sonra rəhbərliyin tapşırığına əsasən, Bayram döyüşləri davam etdirmək üçün Cəbrayıl rayonu istiqamətinə yollanıb. Burada da o komandirlərinin verdiyi bütün çətin döyüş əməliyyatı tapşırıqlarını məharətlə icra edib. Bir an belə durmadan irəliləyən cəsur oğullarımız artıq ərazilərimizin xeyli hissəsini erməni silahlı birləşmələrindən təmizləmişdilər. Oktyabrın 4-də Bayram Cəbrayıl rayonu istiqamətində gedən ağır döyüşlər zamanı snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. Məğrur hərbçilərimiz cəmi 44 gün ərzində tarixi torpaqlarımızı azad edib, Bayram kimi torpaq uğrunda şəhid olan soydaşlarımızın qisasını aldılar.
Belə cəsur Azərbaycan övladının ailəsi ilə tanış olmaq üçün Gədəbəy rayonuna yollandıq. Uzun yolları geridə qoyub, şəhid Bayramın yaşadığı ünvana çatdıq. Diqqətimizi çəkən ilk məqam evin önündə yaradılan guşə oldu. Burada şəhidimizin uşaqlığını, gəncliyini, döyüş yolunu əks etdirən foto-stendlər var idi. Bu mənzərəni seyr edərkən yalnız bir söz deyə bildik: "Vətən sağ olsun".
Şəhidimizin atası Arzu İbrahimovla görüşüb, evə daxil olduq. Bayramın otağına girəndə onun həyatı kino lenti kimi gözümüzün önündən keçdi. Çünki divarın hər bir yerində onu xatırladan foto şəkilləri asılmışdı. Çox təsiredici mənzərə idi. Atası ilə söhbətə başladıqda bildirdi ki, Bayram gənc yaşlarından əsl kəşfiyyatçı kimi böyüyürdü. Uşaqlıqdan heç nədən qorxan olmayıb. Arxamızda olan meşəyə günün istənilən vaxtında gedə bilərdi. Hətta dəfələrlə olub ki, meşədə və yaxud hər hansısa bir yerdə ilan gördüyü zaman onu əlləri ilə tutub, insanlardan uzaq olan yerə qoyurdu. Qorxmazlıqdan da əlavə bacarıqlı uşaq olub. Onun tərbiyəsi, mərifəti, qanacağı və vətənpərvərliyi bütün kəndə məlumdur. Xidmətə başlamazdan öncə dəfələrlə hərbçi olmağı və gələcək döyüşlərdə düşməndən şəhidlərimizin qisasını almağı düşünürdü. Xüsusi Təyinatlı Qüvvələrdə əsgəri xidmətini başa vurduqdan sonra orada müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirdi. Çox çəkmədi ki, Vətən müharibəsi başladı. Silahdaşları isə döyüşlər zamanı onun göstərdiyi igidliklərdən və qorxmazlığından danışırdılar.
Şəhidin anası Qəşəng İbrahimova oğlunun həyatından danışdı. Bildirdi ki, Bayram uşaqlığından həmişə sakit olub. Heç bir zaman uşaqlar çox olan yerdə olmazdı. Təkliyi sevərdi. Dəfələrlə meşəyə gedərdi. Oranın təhlükəli olduğunu ona deyirdim, lakin mənə narahat olmamağı deyirdi. Günlərin bir günü o meşədən gələndə mənə dedi ki, ana, mən bu gün tanımadığım bitkilərin dadına baxmışam. Niyə belə etdiyini soruşdum. O isə bildirdi ki, ana, gələcəkdə elə bir şərait ola bilər ki, ətrafımızda heçnə olmasın. Bu zaman isə biz həyatda qalmağı özümüz bacarmalıyıq".
- Günlərin bir günü həyətdə iş görürdüm. Bir anlıq oğlumun məzuniyyətə gələcəyini arzuladım. Çox çəkmədi ki, qapı açıldı və Bayram içəri daxil oldu. Düzünü desəm, heç tanımadım. Tamamilə dəyişilmişdi. Böyüyüb daha cüssəli olmuşdu. Bir anlıq duruxub gözlərinə baxdım. Bayram isə "ana, mənəm, oğlun" sözlərini dedi. Tez qaçıb boynuna sarıldım. Onun məzuniyyət dövrü sanki bir anda keçdi. Atası xaricdə işlədiyi üçün yenidən xidmətə yollananda onu buraxmaq istəmirdim. Xidmətdə olduğu zaman bir yuxu gördüm. Gördüm ki, qapımız açıldı və böyük qırmızı rəngli maşın daxil oldu. Mən də evdən gördüm ki, uniformalı iki nəfər maşından düşərək, Qasımov Bayramın burada qaldığını soruşdular. Bu an çox qorxdum və qorxu içində ayıldım. Sakitləşə bilmirdim. Çünki gördüyüm yuxu gözlərimin önündən getmirdi. Növbəti gün yenidən bu yuxunu gördüm. Gördüm ki, həyətdə iş görürəm və yenidən bu qırmızı maşın içindəki uniformalı iki nəfərlə yenidən qapımıza gəldi və pis xəbəri bizə dedi. Bu zaman sanki belim qırıldı. Bilmədim nə edim. Ağlamağıma məni evdəkilər yuxudan oyatdılar. İkinci dəfə bu yuxunu görməyim artıq məni tamamilə narahat etdi. Günlərlə özümə gələ bilmirdim. Sanki ruh kimi gəzirdim. Kim nə edirdi, kim nə deyirdi, bilmirdim. Fikrim o yuxuda və oğlumun yanında idi. Bir neçə gün keçdikdən sonra yenidən yuxu gördüm. Bu dəfə gördüm ki, balaca oğlum yatır. Anidən isə başını çarpayıdan qaldıraraq dedi ki, ana, qardaşım ölüb. Bu da artıq məni tamamilə məhv etdi. Növbəti gün oğlum bizə zəng etdi. Səsini eşidəndə çox sevindim. Sanki çiynimdən bir yük düşdü. Dəfələrlə onun səhhəti və xidməti haqqında ağlayaraq soruşdum. O da hər şeyin qaydasında olduğunu və niyə belə həyəcanlı olduğumu soruşdu. Lakin ona deyə bilməzdim gördüklərimi. Müharibə başladığı gündən etibarən demək olar ki, hər gün Bayramı yuxumda görürdüm. Sonuncusu isə onun şəhid olduğu günün gecəsi idi. Gördüm ki, Birinci Qarabağ döyüşlərinin şəhidi əmim oğlu Səyavuş Qasımov ilə görüşdürdüm və dedim ki, ay Səyavuş, Bayramla birlikdə ermənilərin qarşısını alın və onların hamısını məhv edin. Səhər isə oğlumun şəhid xəbərini aldım. Düzdür, hər kəsin bir taleyi və qisməti vardır. Oğlum şəhid oldu. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Qardaşı Ayaz İbrahimli isə Bayramı hər zaman sevəcəyini və onunla fəxr etdiyini dedi. "Mənim qardaşım igid, cəsur əsgər olub. Çünki o, düşmənlərimizi məhv edərək, torpaqlarımızı işğaldan azad edənlərin sırasında olub. Qürur duyuram ki, mən şəhid Bayram Qasımovun qardaşıyam".
Qeyd edək ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Qasımov Bayram Arzu oğlu "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Orxan HÜSEYNLİ
"Azərbaycan Ordusu"