Günəşin ilk şüaları Xocalı şəhərinin üzərinə düşəndə, təbiət yeni bir günə oyanırdı. Bu məsum şəhərin sakit küçələrində, 1 iyun 1960-cı ildə bir igid dünyaya göz açdı. Adını Araz qoydular. Onun adı illər sonra Azərbaycanın qəhrəmanlıq tarixində əbədi olaraq qalacaq, Vətəninə olan sevgisi və fədakarlığı ilə hər bir azərbaycanlının ürəyində iz buraxacaqdı. Araz Səlimovun həyatı, mübarizəsi və şəhidliyi onun adını gələcək nəsillərə ötürəcək bir dastana çevrildi.
Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimov 1975-ci ildə Xocalı şəhərində orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, texniki-peşə məktəbində traktorçu peşəsinə yiyələnib. Bir müddət kolxozda çalışaraq, zəhmətkeş bir gənc olaraq yetişib. 1978-ci ildə Sovet Ordusu sıralarına çağırılan Araz xidmətini Çelyabinsk vilayətində keçib. 1980-ci ildə ordudan tərxis olunaraq, doğma yurdu Xocalıya qayıdıb və burada südçülük-tərəvəzçilik sovxozunda traktorçu olaraq işə başlayıb.
1988-ci ildən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başladı. Başlayan qanlı müharibə, Azərbaycanın hər bir igid oğlunu olduğu kimi, Araz Səlimovu da silah götürməyə vadar etdi. 1990-cı ildə könüllü olaraq Xocalı özünümüdafiə batalyonuna yazılan Araz ilk gündən öz cəsarəti ilə seçilməyə başladı. Bir pulemyotçu kimi Xocalı faciəsi zamanı erməni təxribatçılarına qarşı son gülləsinə qədər vuruşdu. Onlarla qız-gəlini, qoca və uşaqları erməni quldurlarının caynağından qurtararaq, əsl qəhrəmanlıq nümunəsi göstərdi. 1992-ci il fevralın 26-da bir daha sübut olundu ki, erməni quldurları ən ağır cinayətlərə əl atmaqdan belə çəkinmirlər.
Xocalıda törədilən soyqırımı tarixin ən dəhşətli faciələrindən biridir. Bəzi faktları olduğu kimi sadalayaq: Xocalı soyqırımında 63 uşaq, 100-dən çox qadın, 76 qoca, bir sözlə, 613 Xocalı sakini qətlə yetirilib. Yaşayan bir şəhəri Yer üzündən silmək ermənilərin başlıca məqsədi olub. Bütün bunları vaxtında, vədəsində dünyaya çatdıra bilməsək də, o vaxtdan bəri çox işlər görülüb. Ermənilərin belə vəhşiliklərindən xəbəri olan Araz Səlimov dinc əhaliyə kömək etmək üçün yorulmaq bilmirdi. Sonuncu dəfə Əsgərandan geriyə dönəndə düşmən mühasirəsinə düşdü. Onda qardaşı Fəxrəddinlə atası Bahadur kişi də yanında idi. Çətin vəziyyətdə qalmışdılar. Amma Araz son nəfəsinə qədər düşmənə asanlıqla təslim olmadı. Deyirlər ki, düşmən onu ələ keçirmək üçün bütün vasitələrdən istifadə edirdi. Ona görə ki, Arazın iştirak etdiyi əməliyyatlarda düşmən xeyli itki vermişdi.
Lakin erməni faşistləri onun izinə düşərək, qardaşı Fəxrəddinlə birlikdə onu Əsgəranda vəhşicəsinə qətlə yetirdilər. Xocalı faciəsi zamanı bu ailədən üç nəfər - ata və iki oğul şəhid oldu.
Evli və iki uşaq atası olan Araz Səlimova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1997-ci il fevralın 25-də ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. O, Ağdam şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Araz Səlimovun həyat yolu, Vətənə olan sevgisi və fədakarlığı hər birimiz üçün örnəkdir. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermişdir. Onun xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır. Onun qəhrəmanlıq dolu həyatı və igidliyi, gələcək nəsillərə ilham mənbəyi olacaqdır. Araz Səlimovun adı, Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və əbədi olaraq yaddaşlarda yaşayacaqdır.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"