Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhər və rayonlarımızda torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə igidlik, şücaət göstərən Milli Qəhrəmanların xatirəsinə həsr olunan tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Əsas məqsəd yeniyetmələrə və gənclərə Vətənə, xalqa məhəbbət, sevgi hisslərini aşılamaq, onların mərd və mübariz vətəndaşlar kimi formalaşmalarına hərtərəfli kömək etməkdir.
Növbəti belə tədbir Goranboy rayonunun Ağcakənd qəsəbəsində yerləşən 5 saylı Xocalı şəhər tam orta məktəbində Xocalı Təhsil Sektoru ilə birgə təşkil olundu. Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Xalqımızın qəhrəmanlıq tarixindən geniş söhbət açan mərkəzin əməkdaşları bildirdilər ki, min illər yaşı olan qəhrəmanlıq ənənələri həmişə igid oğullarımız tərəfindən davam etdirilib.
XX əsrin sonlarından başlanan hadisələr göstərdi ki, torpaqlarımızı müdafiə etməyə hazır olan, lazım gəldikdə Vətən uğrunda canlarını fəda etməyə qadir olan yüzlərlə, minlərlə qəhrəman oğul var. Onlar heç vaxt Vətən torpaqlarının işğalda qalmasına yol verməyəcəklərini dəfələrlə bildirməklə, silahdaşlarını da bu yolda qətiyyətli mübarizəyə səsləmişlər. Belə cəsur oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı Natiq İlyas oğlu Əhmədovdur.
Natiq Əhmədov 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. Sonra ailəsi Ağdam rayonunun Novruzlu kəndində məskunlaşıb. Natiq orta təhsilini Novruzlu kənd məktəbində alıb. Vətənpərvər, çalışqan, intizamlı şagird kimi tanınan Natiq idmana daha çox maraq göstərərək, bir çox yarışlarda da uğurlar qazanmış, təhsil aldığı orta məktəbin idman şərəfini həmişə qorumuşdur. Keçmiş sovet ordusunda hərbi xidmətini Kalininqrad şəhərində keçmişdir. Artilleriya hərbi hissəsində xidmət edən Natiq nümunəvi əsgər kimi tanınmış, təlimlərdə həmişə yüksək nəticələrə nail olmuşdur.
Hərbi xidmətdən sonra Natiq Xocalı rayon Polis şöbəsinin Yol Patrul xidmətinə işə qəbul edilir. Həmin vaxtlar artıq düşmən qüvvələri Qarabağın Ermənistana birləşdirilməsi iddiasına düşmüşdülər. Hər yerdə böyük təhlükələr, təhdidlər yaradılırdı. Mənfur düşmən soydaşlarımıza qarşı hücumlar təşkil edir, dinc əhalini ata-baba yurdlarından qovurdu. Kənd və qəsəbələrlə əlaqələr kəsilirdi. Ermənilər yol boyu pusqular qurur, terror hadisələri törədirdilər. Natiq və silahdaşları soydaşlarımızın təhlükəsizliyi üçün əllərindən gələni edirdilər. Ağdam, Şuşa marşrutu ilə işləyən sərnişin avtobuslarını mühafizə edərkən dəfələrlə ölümlə üz-üzə qalan Natiq soydaşlarımızı düşmən hücumlarından qoruya bilmişdi.
26 sentyabr 1991-ci ildə Əsgərandan Xocalıya işə gedərkən görürlər ki, ermənilər pusquya saldıqları sərnişin avtobusunu ələ keçirmək istəyirlər. Natiq və silahdaşları əhalini xilas etmək üçün erməni yaraqlılarına qarşı döyüşə atılırlar. Natiq döyüş zamanı soydaşlarımızı xilas etsə də, özü qəhrəmanlıqla şəhid olur. 8 noyabr 1992-ci ildə ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir. Vətənini, xalqını böyük məhəbbətlə sevən Natiqin xatirəsi heç vaxt unudulmur, həmişə ehtiramla yad olunur.
Məktəbin direktoru Mətanət Zamanova çıxış edərək bildirdi ki, qəhrəmanlar heç vaxt unudulmur, əbədi yaşamaq haqqı qazanırlar. “Böyük şairimiz Səməd Vurğunun müdrik misralarını yada salmaq istəyirəm:
Günəşi örtsə də, qara buludlar,
Yenə günəş adlı bir qüdrəti var.
Bu mənada qəhrəmanlar əbədi yaşamaq haqqı qazanaraq Vətənin, xalqın şanlı qəhrəmanlıq tarixinin səhifələrini yazanlardır. Natiq İlyas oğlu Əhmədov da adını tarixə yazan qəhrəman oğullardan biridir. İstər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı öz ata-baba torpaqlarının azadlığı, suverenliyi uğrunda hər zaman mübarizə aparıb. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətlə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyəvi dövlətə çevrildi. Azərbaycanın iqtisadi-siyasi, hərbi qüdrəti inkişaf etdirilərək daha böyük uğurlara imza atıldı. Ölkəmiz regionun lider dövləti kimi tanındı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə şanlı ordumuz tarixi Zəfər qazandı. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bu böyük tarixi günləri bizə bəxş edən şanlı ordumuz və Müzəffər Ali Baş Komandanla həmişə qürur hissi keçiririk”.
Vətən müharibəsi iştirakçıları, veteranlar çıxış edərək, 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbədən, Vətən sevgisinin qüdrətindən ətraflı bəhs etdilər.
Tədbirdə çıxış edənlər ölkəmizdə həyata keçirilən, cəmiyyətin həssas təbəqələrini əhatə edən sosial siyasətin əsasının da Ulu Öndər tərəfindən qoyulduğunu söylədilər. Bu siyasətin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırdılar. Şəhid ailələrinin üzvləri, döyüşlərdə yaralananlar onlara göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Mərkəzin əməkdaşları "Əsgərə məktub" layihəsi haqqında da məlumat verdilər. Tədbir iştirakçıları Vətənin keşiyində dayanan əsgərlərə qürur dolu məktublar ünvanladılar.
Sonda Milli Qəhrəmana həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"