Təlim öyrənilmiş hərbi biliklərin təcrübi təkrarı, öyrənmə, təkmilləşmə prosesinin davamıdır. Müdafiə nazirinin təsdiq etdiyi illik plana uyğun olaraq, keçirilən təlimlər öyrənilmişlərin çöl çıxışları ilə möhkəmləndirilməsidir. Təlimlər müəyyən qruplarla toplanışlarda öyrədilmiş biliklərin təcrübə vasitəsi ilə möhkəmləndirilməsi kimi aparılır. Manqa komandirlərinin kurs-toplanışında keçirilən təlimlərin də mahiyyəti belədir.
Quru Qoşunları komandanının müvafiq əmrinə əsasən, hərbi hissələrin manqa komandirlərinin toplanışı təlimlə davam edir. Təlimin rəhbəri polkovnik-leytenant Vüqar Məcidov dedi ki, təlimə cəlb olunmuş manqa komandirləri müxtəlif müddətlərdi xidmət edirlər. Fərq var, fərq təcrübədədi. Bu təlim tədris proqramı vasitəsilə döyüş hazırlığında eyniləşdirmə yaradır. Bu toplanışla müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ordu quruculuğunun yeni dövründə hərbi xidmətdə əsgərlərlə işin, onların döyüş hazırlığını yüksəltməyin yeni təkmil üsul və vasitələrini, müasir döyüş metodlarının xüsusiyyətlərini və s. mənimsəyirlər, mənimsədiklərini qoşunlarda əsgərlərə aşılayacaqlar. Sinif-dərs məşğələləri başa çatlb. İndi çöl təlimləri keçirik.
İkinci Qarabağ müharibəsi müharibə aparmada yeni dövr kimi tarixləşdi. Manqa komandirləri düşmənlə qarşı-qarşıya döyüşün üsullarını da bilirlər, döyüşə-döyüşə özünə necə ilkin döyüş səngəri düzəltməyi də, düşmənin döyüş texnikaları ilə atışmağı da, o texnikaları məhv etmə metodlarını da. Bu kimi təlimlərdə manqa komandirlərinə düşmənin uçuş aparatlarının, bu sıradan dronlarının müxtəlif üsullarla necə vurulması da həm nəzəri, həm də təcrübi yolla öyrədilir. Öyrətmə nəticə etibarilə əsgərlərin öyrədilməsi deməkdi...
Tarixi Zəfərdən sonra yeni qoşun növləri də yaradılmağa başladı. Komando hərbi hissələri də bu qəbildəndir. Əsgərlərin döyüş hazırlığı bu üslubda aparılır. Bu üslub və üsullar manqa komandirlərinə də ətraflı öyrədilməlidir ki, bu proses müntəzəm davam etdirilsin.
Təlimdə düşmən mövqeyinə yaxınlaşmanın müxtəlif üsulları mənimsədilir, manqa komandirləri mənimsənilmişləri məsuliyyətlə icra edirlər. Diqqət yetirirəm: bu üsullar mövqedən asılı olaraq dəyişir, təlimə cəlb olunmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (şərti düşmənin mövqeyinə hücum edən şərti döyüşçülər) müxtəlif məqamlarda müxtəlif formalı düzülüş alırlar, bu düzülüşlə irəliləyirlər; şərti düşmənin mövqeyinin ələ keçirilməsini təcrübi yerinə yetirirlər.
Əl qumbarası atmanın üsullarını da təkrarlayan manqa komandirləri döyüşçünün üstündən keçən düşmən tankının məhv edilməsini də eyni həvəslə yerinə yetirirlər. Əsgər (manqa komandiri) maket-tankın keçəcəyi yolda çaladadır. Tankın maketi onun üstündən keçdiyi anda çaladan dikəlir, tank əleyhinə qumbaranı tankın lüləsinin gövdəsi ilə birləşdiyi yerə atır. Bu atış tankın sıradan çıxarılması deməkdir; "döyüşçü" təklikdə şərti düşmənin döyüş texnikasını məhv etməyi bacarır...
Düşmən tankı görünür. Komandirin əmri ilə hamısı tankı atəşə tutur. Tankın bir qədər də yaxınlaşmasını gözləyirlər. Səngərdən dikəlib tanka tərəf tüstüləyici qumbara atırlar, yaranmış dumanlıqda tanka yaxınlaşırlar. Tankın ekipajı onları görə bilmir. "Döyüşçülər" tankın heyətini təslim olmağa məcbur edirlər. Bunlar məharətlə, peşəkarlıqla, əsl döyüş məsuliyyəti ilə yerinə yetirilir.
Təlimə cəlb olunmuş manqa komandirləri ərazidə səmtləşməni təlim rəhbərinin müdaxiləsi olmadan nəzəriyyə əsasında icra edirlər. Belə icra etmə təsdiqləyir ki, onlar bunu dəfələrlə məşq ediblər, bunun nəticəsi olaraq peşəkarlaşıblar...
Təlim rəhbəri onu da bildirdi ki, təlimə cəlb olunanlar təlim müddətində manqada olan silahlarla atış çalışmalarını da yerinə yetiriblər, taktiki atışları da. Təlim müddətində hər biri fiziki, sıra, atəş hazırlıqları, nəzəri biliklər üzrə məqbullar veriblər. Bu yoxlamalar təsdiqlədi ki, təlimə cəlb olunmuş manqa komandirləri təlim materiallarını yaxşı mənimsəyiblər.
Çavuşlar Elvin Bağırov, Əzim Salayev, Ruslan Bağırov 10 ildən çoxdur hərbi xidmətdədirlər. Əzim Salayev dedi ki, hansı həvəslə, maraqla öyrənmişiksə, biliklərimizi hansı maraqla təkmilləşdirmişiksə, əsgərləri də həmin həvəslə, həmin maraqla öyrədəcəyik. Ordumuzun döyüş hazırlığının yüksəldilməsində biz də iştirak edirik. Bu iştirak bizə hərbi xidmətimiz qədər böyük qürur verir. Əsgər Daşqın Xəlilov dedi: "İki ildi xidmətdəyəm. İxtisasımla bağlı müəyyən nəzəri biliklərə malik idim. Bu təlimdə həm nəzəri biliklərim genişləndi, həm də bildiklərimi təcrübədə yerinə yetirmə ustalığım. Zabitlərə də, təcrübəli təlim yoldaşlarıma da təşəkkürümü bildirirəm". Əsgər Elvin İsgəndərov 6 aydı manqa komandiridir. "Gənc əsgər hazırlığı kursunu bitirəndə hansı sevinci yaşamışdımsa, bu təlimin sonlarında da eyni sevinci yaşayıram. Hərbçi, manqa komandiri olmağımla qürur duyuram".
Təlimdə fasilə elan olundu. Bu fasilə manqa komandirlərinin yoldaşlıq duyğularının mehrinə dönəcək. Onlar da bilirlər ki, öyrənilmişlərin təkrarı təkmilləşmə deməkdir...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"