Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2024 20:33

Zenitçilərin təlim-toplanışı yüksək döyüş hazırlığına köklənib

Baş leytenant Rəhim Bayramovla məşğələ yerində görüşdük. Bir qədər sarışın olan bu zabitin davranışında zirəklik vardı. Onun bu cür çevik olması həm də məsuliyyətli və bacarıqlı zabit olmasından xəbər verirdi. "Hava hücumundan müdafiə" ixtisası üzrə bilik və bacarıqlara malik olan bu zabiti yuxarı komandanlıq zenit-raket kompleksinin manqa komandirləri ilə planlaşdırılan toplantıya rəhbər təyin edib. Zabit Rəhim Bayramov komandanlığın ona göstərdiyi etimadı doğrultmaq məqsədilə zamanında qazandığı nəzəri biliklərdən və praktiki çalışmalardan məharətlə istifadə edib.
O, manqa komandirlərinin cəlb olunduğu  həmin toplantı ilə bağlı bunları dedi:
- Komandanlığın göstərişinə əsasən, daşınan zenit-raket kompleksinin manqa komandirləri ilə keçirilən toplantının təlim rəhbəriyəm. Məqsədimiz toplantıya cəlb olunmuş kiçik komandirlərin bilik və bacarıqlarını təkmilləşdirməkdir. Həmçinin manqa komandirlərinin döyüş fəaliyyətlərinə hazırlıq dövründə və onun gedişində taqımın silahlarla idarəetmə sistemlərinin təkmilləşdirilməsi, real döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı bölmələrə praktiki rəhbərlik etmək bacarıqlarını artırmaqdır.
Təlim-toplanışa cəlb olunanlara taktiki, hərbi-tibb, mühəndis, topoqrafiya və başqa hazırlıqları keçməklə bu sahədə də nəzəri bilikləri artırmaq kimi qarşılarına mühüm məsələ qoyulub. Məşğələ rəhbəri gizir Ələddin Hüseynov raket qurğusunda növbəti dərsi keçirdi.
Ələddin Hava Hücumundan Müdafiə sistemləri haqqında yetərincə biliyə malik hərbi qulluqçudur. Bu səbəbdən də o, tez-tez keçirilən bu kimi təlim-toplanışlara cəlb olunur. Öyrənənlər arasında keçirilən həm nəzəri, həm də praktiki çalışmaları yüksək səviyyədə mənimsəyən manqa komandirlərinin olduğunu bildirdi. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Fərid Allahverdiyevin təlim-toplanışda bütün hazırlıqlar üzrə yüksək göstəricilər əldə etdiyini qeyd edən gizir Ələdddin Hüseynov digər dinləyicilərin də keçirilən dərsləri yetərincə mənimsədiyini dedi.
Sinif otağında məşğələ zamanı daşınan zenit-raket qurğusu haqqında bilgilər sərgiləyən gizir Ələddin Hüseynov məşğələnin sonunda keçdiyi mövzuya uyğun sualları ətraflı cavablandırdı. Onlar bununla bir daha mövzunu dərindən mənimsədiklərini sübut etdilər.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"