Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2024 20:33

“Vətən fədaisi”

Şəhidlik mənəviyyat zirvəsidir. Bu məqama yüksəlmək, bu zirvəyə çatmaq hər insana nəsib olmur. Buna yalnız seçilmişlər ucalırlar...
Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynovun anadan olmasının 55 illiyinə həsr olunmuş "Vətən fədaisi" adlı anım tədbiri keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin hərbi qulluqçuları, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri, döyüşlərdə yaralananlar, müharibə veteranları, ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Anım tədbirində Hərb Tarixi Muzeyinin rəisi istefada olan polkovnik Əzizağa Qənizadə "Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynovun həyat və döyüş yolu" adlı məruzə ilə çıxış edərək bildirdi ki, özlərinə əbədiyyət heykəli ucaldaraq, şəhid adını qazanmış igid oğullarımız xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaqlar. "Qarabağ müharibəsində minlərlə gənc Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla vuruşdu, adını tarixə yazdırdı. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynovdur.
Vüqar Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya göz açmışdı. 1976-1986-cı illərdə burada orta məktəbdə təhsil almış, sonra Bakıda 14 saylı texniki-peşə məktəbində elektrik qaynaqçısı ixtisasına yiyələnmışdi. 1987-1989-cu illərdə daxili qoşunlarda xidmət etmişdi. Hərbi xidmət dövründə "çavuş" rütbəsinə layib görülmüşdü. Hərbi xidmətini başa vurduqdan sonra Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi işə düzəlmişdi.
1990-cı ilin əvvəllərində mənfur erməni daşnakları ərazilərimizə basqınlar edəndə Vüqar heç cür rahatlıq tapa bilmirmiş. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinə yazılan cəbrayıllı gənc Xocalı, Goranboy, Çaykənd istiqamətində erməni quldurlarına qarşı rəşadətlə vuruşmuş, döyüş əməliyyatlarında yaxından iştirak etmişdi. Goranboy rayonunun bir sıra kəndlərinin erməni işğalçılarından müdafiə edilməsində qəhrəmanımız böyük şücaət və igidlik göstərmişdi".
Milli Qəhrəman haqqında ətraflı çıxış edən muzey rəisi qeyd etdi ki, şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında da Vüqar Hüseynovun böyük şücaəti olmuşdu. "20 iyul 1991-ci ildə ermənilər böyük qüvvə ilə Goranboy rayonunun Buzluq kəndinə hücuma keçmişdilər. Bu ağır döyüşdə Vüqar Hüseynov döyüş yoldaşları ilə birlikdə neçə-neçə erməni quldurunun məhv olunmasında, ələ keçirilməsində fəal iştirak etmişdi. Bu döyüşdə Vüqar və digər igid Azərbaycan oğullarının misilsiz hünəri sayəsində düşmən geri çəkilməyə məcbur olmuşdu. Ancaq igidliyi, mərdliyi, qorxmazlığı ilə fərqlənən Vüqar Hüseynov döyüş yoldaşları ilə birlikdə düşməni geri oturtmağı bacarsa da, özü düşmən gülləsinə tuş gələrək 21 yaşında ən ali zirvəyə yüksəlmişdi. O, doğulduğu Daşkəsən kənd qəbiristanlığında böyük ehtiramla dəfn olunmuşdu.
Müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il Fərmanı ilə Vüqar Tofiq oğlu Hüseynova erməni quldur dəstələrinə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdi. 1992-ci ildən təhsil aldığı Cəbrayıl rayonu Daşkəsən kənd orta məktəbi şəhidin adını daşıyır".
Azərbaycanın Milli Qəhrəmanının qardaşı Fuad Hüseynov Vüqar ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna və ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Tədbirdə şəhidin döyüş dostları - Rafiq Bayramov, Elmar Hüseynov, İlham Rüstəmov, Tale Naibov, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovolyovun qızı Regina xanım və başqaları çıxışlarında Milli Qəhrəman Vüqar Hüseynovun şərəfli ömür və döyüş yolundan, birlikdə həyata keçirdikləri əməliyyatlardan, Müzəffər Ali  Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbədən, bu Qələbənin tarixi əhəmiyyəti ilə yanaşı, nigaran şəhid ruhlarının rahatlıq tapmasından danışdılar. Qeyd etdilər ki, şəhidlərimizin adları tarixdən heç vaxt silinməyəcək, onların qəhrəmanlıqları unudulmayacaq və xatirələri hər zaman ehtiramla yad ediləcəkdir.
Tədbirdə şəhidə həsr olunmuş sənədli filmin nümayişindən sonra gənc müğənni Aysel Rzayeva vətənpərvərliyi tərənnüm edən mahnılar ifa etdi. Sonda xatirə şəkli çəkildi.

Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"