Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2024 20:33

Ulu Öndərin təməlini qoyduğu inkişaf strategiyası uğurla davam etdirilir

Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi respublikamızda silsilə tədbirlərin və möhtəşəm layihələrin həyata keçirilməsi ilə yaddaşlarda qaldı, tarixə yazıldı.
Azərbaycan Ordusunda, müxtəlif dövlət qurumlarında, elm, təhsil, səhiyyə və digər təşkilatlarda, ölkəmizin hər yerində Ulu Öndərin keçdiyi şərəfli ömür və həyat yolu haqqında filmlər nümayiş olundu, müxtəlif elmi konfranslarda məruzələr dinlənildi, çıxışlar edildi.
Məhz Dahi Rəhbərin böyük uzaqgörənliyi, müdrikliyi sayəsində bugünkü müasir Azərbaycanımız quruldu. Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan dünyada tanındı, onun beynəlxalq nüfuzu gündən-günə artdı. Böyük fırtınalardan çıxmış Azərbaycanımızın müstəqilliyini əbədi, dönməz etdi. Ulu Öndərin Azərbaycana rəhbərliyinin hər iki dönəmində respublikamızın hərtərəfli inkişafında mühüm dövlət əhəmiyyətli qərarlar qəbul edilərək, müasir dövlət quruculuğunda tarixi nailiyyətlər əldə olunmuşdur.
Hər kəsə məlumdur ki, XX əsrin 60-cı illərinin axırlarında Azərbaycanın ictimai-siyasi həyatında ən yeni tarixi mərhələnin başlanğıcı oldu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul Plenumunda Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Bununla da böyük düha sahibi, görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətinin ilk mərhələsi başladı.
Doğma xalqının böyük təəssübkeşi olan Dahi Rəhbər Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün fəaliyyətə başladığı ilk vaxtdan ölkənin bütün sahələrində geniş islahatlar proqramı həyata keçirdi. Əvəzolunmaz tarixi şəxsiyyət yüksək dövlət idarəçilik bacarığı, dəmir iradəsi, qətiyyətli mövqeyi, müdrik siyasəti ilə Azərbaycanın iqtisadiyyatının, kənd təsərrüfatının, mədəniyyətinin inkişafında böyük uğurlara nail oldu. Qeyd olunan sahələr yüksək templə inkişaf etdirilərək, ölkəmizi nəinki keçmiş Sovetlər İttifaqında, o cümlədən dünyada geniş tanıtdı.
Respublikamızda müasir və mütərəqqi sənaye sahələri yaradıldı. Siyasi əhəmiyyətli tarixi qərarlar qəbul edildi. Ulu Öndər ölkəyə rəhbərliyinin birinci dövründə də ordu quruculuğuna daha böyük diqqət ayıraraq, nə vaxtsa sovet imperiyasının dağılacağına, Vətəni Azərbaycanın azad, müstəqil olacağına inanırdı. Dünya şöhrətli siyasətçi Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dönəmdə hərbi quruculuq məsələlərini önə çəkərək, bu istiqamətdə böyük addımlar atdı.
Sovet məkanında azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsi yolunda süni maneələr yaradıldığı bir vaxtda Ulu Öndərin göstərdiyi polad qətiyyəti, dəmir iradəsi bu gün də qəlbimizi qürur hissi ilə doldurur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1971-ci ilin aprelində gənclərimizin hərbi peşələrə hazırlanması barədə xüsusi sərəncam imzaladı. Elə həmin il iyunun 20-də ordunun kadr hazırlığında əsas baza rolunu oynayacaq ixtisaslaşdırılmış hərbi məktəbin bünövrəsi qoyuldu. Bu məktəbə xalqımızın sərkərdə oğlu general Cəmşid Naxçıvanskinin adı verildi. Təkcə bu faktın özü Ulu Öndərin imperiyanın ən sərt qanunları önündə belə əsl azərbaycançılıq ideyalarına sadiqliyinin əyani nümayişi idi. O vaxt respublika rəhbəri Heydər Əliyevin Sovetlər İttifaqının hərbi məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasına, Azərbaycanın ali hərbi tədris müəssisələrində milli kadrların yerləşdirilməsinə nail olması dahi şəxsiyyətin ölkəmizin gələcəyinə - bugünkü azad, müstəqil dövlətçiliyinə hesablanmış uğurlu addımları idi. Əvəzolunmaz tarixi şəxsiyyət Heydər Əliyev respublikaya rəhbərliyinin ilk vaxtlarında sovet Azərbaycanında yerləşən Xəzər Ali Hərbi Dənizçilik Məktəbini və Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbini ziyarət edir və bu hərbi təhsil ocaqlarında azərbaycanlıların oxumadığını görürdü. Həmişə azərbaycanlı övladlarının ali hərbi təhsil almasına böyük diqqət göstərən Ulu Öndər müdrik və uzaqgörən siyasəti ilə C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail olmuşdu. Bu gün müstəqil Azərbaycanın müasir ordusunun zabit heyətinin əsasını məhz C.Naxçıvanski adına Hərbi Liseyin məzunları təşkil edirlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yaratdığı bu məktəbin torpaqlarımızın azadlığı uğrunda canından keçən onlarla şəhid Milli Qəhrəmanı, Vətən Müharibəsi Qəhrəmanı var. Yüzlərlə məzun Azərbaycan dövlətinin müxtəlif orden və medallarına layiq görülüb. Liseyin məzunları arasında müxtəlif qoşun növləri üzrə neçə-neçə general və admiral, yüzlərlə yüksək rütbəli zabit yetişib.
Bütün bunlar Ulu Öndərin ölkəmizin hərbi qüdrətini artırmaq sahəsindəki gərgin zəhmətinin və fədakarlığının, müdrik və uzaqgörən siyasətinin nəticəsidir.  Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində Heydər Əliyevin təməlini möhkəm qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlu gələcəyə aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır. Azərbaycan və Heydər Əliyev adları əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Heydər Əliyevin siyasi kursunu - təməlini qoyduğu inkişaf strategiyasını yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Son 20 ildən artıq müddətdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli dövlətə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində fəxrlə bildirirdi: "Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum".

"Azərbaycan Ordusu"