Müdafiə Nazirliyinin təsdiq etdiyi tədbirlər planına əsasən, Vətən keşiyində dayanan əsgərlərin asudə vaxtlarının səmərəli təşkilinə həmişə yüksək diqqət yetirilir. Əsas məqsəd xalqa, Vətənə məhəbbət hissinin daha da artırılmasına, əsgərlərin mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdir.
Bu istiqamətdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təbliğat-təşviqat qrupunun üzvləri növbəti dəfə işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan "N" hərbi hissəsində hərbi qulluqçularla yaddaqalan mənalı, məzmunlu görüş təşkil etdilər. Öncə Ulu Öndər Heyər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət Himni səsləndirildi.
Mərkəzin əməkdaşları Azərbaycan xalqının qədim və zəngin dövlətçilik tarixindən, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin Vətənimiz, xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışdılar. Bildirdilər ki, xalqımıza böyük qələbə, zəfər sevincini yaşadan, onu dünyada qalib, tarixi həqiqətləri bərpa edən xalq kimi tanıdan Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı da XX əsr tariximizin möhtəşəm, şanlı səhfələrinin banisi də Ulu Öndər Heydər Əliyevdir. O, Azərbaycan xalqının tarixində Ümummilli Lider, Əbədiyaşar Komandan kimi yaşayacaqdır. Xalqımız böyük övladını həmişə dərin minnətdarlıqla yad edəcəkdir. Ulu Öndərin böyük siyasətini ləyaqətlə davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik, uzaqgörən, yorulmaz dövlətçilik fəaliyyəti ilə xalqımız yeni-yeni uğurlara, yüksəlişə nail olacaqdır. İftixar hissi ilə bildirmək olar ki, dövlətimiz dünya miqyasında iqtisadi, siyasi, hərbi, mədəni, elmi cəhətdən inkişaf edən ölkə kimi tanınmaqla qlobal səviyyədə önəmli yer tutan dövlətə çevrilmişdir.
Sonra təbliğat-təşviqat qrupunun üzvləri əsgərlər arasında müxtəlif stolüstü yarışlar, viktorinalar təşkil etdilər. Vətən müdafiəçiləri öz bilik və bacarıqlarını, istedadlarını yüksək səviyyədə nümayiş etdirdilər. Daha çox fərqlənənlərə "Azərbaycan bayrağı", "Xarı bülbül" döş nişanları təqdim olundu.
"Əsgərə məktub" layihəsi çərçivəsində soydaşlarımızın şanlı ordumuzun əsgərlərinə qürur dolu ünvanlanan məktubları təqdim olundu. Məktublarda Vətən keşikçilərinə olan böyük inam hissi onlarda xoş əhval-ruhiyyə yaratdı. Mərkəzin yaradıcı kollektivinin ifa etdikləri vətənpərvərliyi, qəhrəmanlığı təbliğ edən mahnılar şəxsi heyət tərəfindən coşquyla qarşılandı. Vətən müdafiəçiləri həmişə xalqa, Vətənə sədaqətlə xidmət edəcəklərini bildirdilər.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"