Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2024 19:28

“Naxçıvan cəngavəri” - Vəli Quliyev

Bir-birinə aid olanları aralamaq olar, amma ayırmaq mümkün deyildir. Hər şey bir gün mütləq aid olduğuna qovuşur. Qarabağ Azərbaycana qovuşduğu kimi.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixi zəfərin başladığı gün - 27 sentyabr 2020-ci ildir. Qarabağı geri qaytarmağa cəmi 44 gün kifayət etdi. Bütün dünya Azərbaycan oğullarının gücünü, qüdrətini gördü. Onlar Azərbaycan tarixinin ən şərəfli səhifəsini  yazdılar. Bu səhifələrin altında şəhid leytenant Vəli Quliyevin də imzası var.
Vəlinin Vətənə olan sevgisi hələ kiçik yaşlarından özünü göstərmişdi. Qazançı kəndində 3-cü sinifdə oxuyarkən müəlliminin şagirdlərə ünvanladığı - "Gələcəkdə kim hərbçi olacaq?" sualına ayağa qalxaraq, "Vəli Quliyev olacaq" deyərək cavablandırması bütün sinfi güldürmüşdü. 9 yaşlı, balacaboy və zəif olan Vəli bu cavabı özünəməxsus şəkildə, gələcəyin əsl döyüşçüsü kimi verir. Hələ uşaq olarkən atasından ağlayaraq istədiyi əsgər paltarı, oyuncaq silahlar bu sevginin ilk təməl daşları idi. Dediyi kimi də olur. Vəli Quliyev hərbçi olur, özü də əsl hərbçi. Hər kəsə əl tutan, əsgərlərinə qardaş münasibəti bəsləyən, qayğılarına qalan komandir.
Vəli Quliyev 20 iyul 1997-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olmuşdu. Əvvəl kənd məktəbində, sonra isə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə təhsil almışdı. Uşaq yaşlarından hərbiyə marağı olan Vəli Heydər Əliyev adına Hərbi Liseyi bitirmişdi. 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olan igidimiz 2018-ci ildə məktəbi başa vuraraq, "N" hərbi hissəsində xidmətə başlayır. Bir neçə aydan sonra ön cəbhəyə göndərilir. Taqım komandiri, Vətən müharibəsinin başlanmasına 5 ay qalmış isə bölük komandiri vəzifəsinə təyin olunur.
İgidliyi, mərdliyi, gözəl xarakteri ilə əsgərlərin könlündə taxt quran komandir 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuşdur. Vəli Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə igidliklə döyüşmüş, böyük rəşadət göstərmişdir. Vəlinin əsgərlərindən biri gərgin döyüşlərin birində yaralanır. O, əsgəri kilometrlərlə çiyinlərində daşıyır. Əsgər "Burax məni, komandir" desə də, Vəli "Komandir də əsgərini buraxar?" deyərək yaralı əsgərini döyüş meydanından çıxararaq hərbi hospitala yola salır. Həmin əsgər indi sağdır. Şəhid olmamışdan 1-2 gün əvvəl Vəli boynundan yaralanır. Onu xəstəxanaya aparmaq istəyirlər, lakin buna imkan vermir, yarasını sarıyıb döyüşlərə davam edir. Görünür, Vəlinin ürəyindəki Vətən sevgisi canındakı ağrıdan da çox imiş.
Döyüşlər zamanı daim əsgərlərindən öndə gedən Vəlinin bacarığına, qorxmazlığına, igidliyinə, yüksək döyüş məharətinə görə hərbçi yoldaşları ona "Naxçıvan cəngavəri" ləqəbini vermişdilər. O da sinəsində daşıdığı bayrağı Şuşaya sancacağını əsgərlərinə söz vermişdi. Müharibənin bütün çətinliklərinə baxmayaraq igidliklə vuruşan qəhrəmanımız oktyabrın 20-də öz bölməsi ilə yağışa düşüb islanır, aramsız döyüşlər, yuxusuz gecələr döyüşçüləri haldan saldığı üçün bir neçə saatlıq yerlərini başqa bölmə ilə əvəzləyirlər. Bu vaxt Vəlinin yadına düşür ki, neçə gündür evlə əlaqə saxlamayıb, ailə üzvləri indi yaman pərişandır, ən çox da anası. Çətinliklə də olsa anasına zəng edə bilir. Oğlunun səsini eşidən Həqiqət ana "Alo" deməmiş köks ötürüb ağlayır. Neçə gündür oğlundan xəbər ala bilməyən ana nə bilərdi ki... Vəli deyir: "Ana, ağlama, səsini bu cür eşitmək istəmirəm. Xahiş edirəm, ağlama. Neçə gündür düşmənlə ağır mübarizə məni zəiflətmir, amma sənin tökdüyün göz yaşları əlimi-qolumu qırır, qurban olum, ağlama. Tez özünü düzəlt, 5 dəqiqəyə təkrar zəng vuracam, gözəl danış, ürəkli danış mənimlə". Həqiqət ana gözünün yaşını silir və özünü ələ alır. İkinci dəfə anası Vəlinin istədiyi kimi danışır. Bu qəhrəmanımızın ailəsi ilə sonuncu telefon əlaqəsi olur. Bir-birinin ardınca torpaqlarımız azad olunur, ağır döyüşlər gedirdi. Vəli silahdaşları ilə birgə düşmənə aman vermədən irəliləyirdi. 2020-ci il oktyabrın 22-də gedən döyüşlərdə düşmənin atdığı mərmi bir neçə yoldaşı kimi, leytenant Vəli Quliyevin də arzularına son qoydu. Vəli ən ali məqama - şəhidlik zirvəsinə ucaldı. "Naxçıvan cəngavəri" İkinci Qarabağ savaşında ölümsüzləşən qəhrəmanlardan biri kimi adını tarixə yazdırdı. Naxçıvan şəhid leytenant Vəli Quliyevi 2020-ci il noyabrın 6-da fəxarətlə qarşıladı. O gün anası oğlunu çiyinlərinə qaldırdı. Azərbaycan qadını dünyanın ən ağır yükünü daşıyarkən belə necə də dik dayanıb, İlahi! Azərbaycan qadınının gücünə bax. Baxanda bilirsən ki, bu ana dünyaya ancaq qəhrəman oğul gətirə bilərdi.
Subay olan igidimiz Vəli Quliyev Naxçıvan şəhərində dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə leytenant Vəli Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqının yurd sevgisi heç nə ilə ölçülə bilməz. Leytenant Vəli Quliyev kimi igidlərimiz bundan sonra da Vətənin keşiyində daima əzmlə və şücaətlə dayanacaqlar.

Nuray NƏZƏROVA
Bakı şəhəri