Qarabağ münaqişəsi 1988-ci ildən bəri Azərbaycan və Ermənistan arasında davam edən regional problem idi. 1994-cü ildə atəşkəs elan olunmasına baxmayaraq, münaqişə daim gərgin olaraq qalırdı. Mənfur qonşular tərəfindən atəşkəs rejimi müntəzəm olaraq pozulur, zaman-zaman bu pozuntular silahlı toqquşmalara səbəb olurdu. 2020-ci ilin iyulunda isə bu toqquşmalar Tovuz rayonu istiqamətində genişmiqyaslı döyüşlərə çevrildi. Cəsur hərbçilərimiz bu təxribatın da qarşısını qətiyyətlə almağı bacardılar.
Ordumuzun böyük qələbəsi ilə başa çatan Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərinin baş verməsindən artıq dörd il ötür. 12 iyul 2020-ci il tarixində günorta saatlarında Ermənistan silahlı birləşmələri Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu sahəsində mövqelərimizi ələ keçirmək məqsədilə qəfil hücuma keçdilər. Ağır artilleriya qurğularından istifadə edərək, Azərbaycanın Tovuz rayonunda yerləşən mövqeləri atəşə tutuldu. Lakin hərbi qulluqçularımızın ayıq-sayıqlığı nəticəsində görülən adekvat tədbirlərlə düşmən itkilər verərək geri çəkilməyə məcbur edildi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı rəşadətli ordumuz tərəfindən qətiyyətlə alındı və hər hansı ərazi itkisinə yol verilmədi. Döyüşlərdə mühüm strateji üstünlüklər əldə edildi. Ermənistan ordusunun hücumlarına cavab olaraq, Azərbaycan hərbçiləri düşmənin bir neçə mühüm mövqeyini və hərbi texnikasını məhv etdi. Bu döyüşlər Azərbaycan Ordusunun hazırlıqlı və qətiyyətli olduğunu bir daha sübut etdi. Ağır döyüşlər zamanı, təəssüf ki, Azərbaycan Ordusunun, biri general-mayor olmaqla, yüksək və kiçik rütbəli 12 hərbi qulluqçusu və 1 mülki şəxs qəhrəmancasına şəhid oldu. Onların şəhadəti Azərbaycan xalqı tərəfindən dərin kədər və böyük qürur hissi ilə qarşılandı.
Tovuz döyüşləri Azərbaycan xalqının vətənpərvərlik ruhunu daha da yüksəltdi, düşmənə olan nifrətini alovlandırdı. İnsanlar meydanlara çıxaraq qisas çağırışları etdilər. Şəhidlərin dəfn mərasimləri geniş xalq kütləsinin iştirakı ilə keçirildi. Onların məzarları üzərində abidələr ucaldıldı, adları parklara və küçələrə verildi. Qısa müddətli bu döyüşlər Azərbaycanın hərbi və siyasi sahədə qətiyyətini nümayiş etdirdi. Azərbaycan Ordusunun uğurlu müdafiə əməliyyatları və Ermənistanın ağır itkiləri xalqımızda böyük ruh yüksəkliyinə səbəb oldu, gələcək qələbələr üçün motivasiya yaratdı.
Tovuz döyüşləri beynəlxalq aləmdə də geniş rezonans doğurdu. Bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfləri aralarındakı gərginliyi azaltmağa və münaqişəni diplomatik yolla həll etməyə, sülhə və danışıqlara çağırdı. Qardaş Türkiyə Azərbaycanı dəstəklədiyini bildirdi və Ermənistanın hücumlarını qınadı. Türkiyə rəsmiləri, o cümlədən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana hər cür dəstək verəcəklərini bəyan etdi.
Dörd gün davam edən Tovuz döyüşləri, əslində, yeni zəfərin başlanğıcı idi. Bu hadisələr, həqiqətən də, Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsinin başlamasının qığılcımı oldu. Məğlubiyyətdən nəticə çıxarmayan düşmən 2020-ci il sentyabrın 27-də növbəti təxribata əl atdı. Bu dəfə daha genişmiqyaslı xarakter alan təxribata cavab olaraq Müzəffər Ali Baş Komandan tərəfindən əks-hücum əməliyyatı əmri verildi. Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək, işğalda olan torpaqlarımızı azad etdi. Döyüş meydanında qələbə qazanan qəhrəman hərbçilərimiz şəhidlərimizin qanını yerdə qoymadı, Azərbaycan xalqına qürurlu, sevincli anlar yaşatdılar. Böyük qələbənin başlanğıcı olan Tovuz döyüşləri Azərbaycanın tarixində mühüm bir dönəm olaraq hər zaman xatırlanacaq. Döyüşlərdə göstərilən qəhrəmanlıq və vətənpərvərlik nümunələri Azərbaycanın hərb tarixində əbədi olaraq qalacaqdır.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"