Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği və hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən həyata keçirilən tədbirlər davam etdirilir.
Cari il üçün imzalanan birgə tədbirlər planına uyğun olaraq, Hərbi Polis İdarəsinin tabeliyindəki hərbi hissələrdən birində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri şəxsi heyətlə görüşüblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə hərbi qulluqçuların mənəvi saflığının, psixoloji dözümlülüyünün artırılmasında, həmçinin vətənpərvərlik hisslərinin yüksək səviyyədə saxlanılmasında, hərbi kollektivlərdə qarşılıqlı münasibətlər, yüksək davranış qaydaları, sağlam əhval-ruhiyyənin yaranmasında və formalaşmasında islam dininin və mənəvi dəyərlərin rolu, şəxsi heyətin tolerantlıq ruhunda tərbiyəsi, eləcə də digər mövzularda söhbətlər aparılıb, Azərbaycan Ordusunda bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxış edənlər gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə söhbət aparılıb.
Tədbirdə, həmçinin hərbi kollektivdə düzgün qarşılıqlı münasibətlərin formalaşmasından, sağlam əhval-ruhiyyənin yaradılmasından danışılıb. Dini radikalizm və ekstremizm təhlükəsizliyinin müdafiəsinin vacibliyi qeyd edilib.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.
"Azərbaycan Ordusu"