Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2024 16:20

Cəsarətli, qorxmaz, bacarıqlı döyüşçü

Ermənistan ölkəmizə qarşı elan olunmamış müharibəyə başlayanda gənclər bütün ölkə üzrə mütəşəkkil qaydada Vətənin müdafiəsinə qalxdılar. Torpaqlarımız uğrunda düşmənə qarşı döyüşlərdə əsl şücaət, hünər, igidlik göstərdilər.
Havadarlarından dəstək alan düşmən torpaqlarımızın bir hissəsini işğal etsə də, mərd oğullar son damla qanınadək döyüşdülər. Əsl vətənpərvərlik, igidlik, vətəndaşlıq nümunəsi göstərdilər. Elgiz Kərim oğlu Kərimov da mərdliklə döyüşənlərin sırasındaydı.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin və Bərdə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimovun xatirəsinə həsr olunan tədbir keçirildi.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət Himni səsləndirildi.
Mərkəzin əməkdaşları Milli Qəhrəmanın həyatı, döyüş yolu haqqında ətraflı məlumat verdilər. Bildirdilər ki, Elgiz Kərimov Vətənini, torpağını canından çox sevən vətənpərvər bir gənc kimi böyüyüb. Ermənilərin torpaqlarımıza hücumu onu da həmişə narahat edib. Vətənpərvər ruhda böyüyüb.
Elgiz Kərimov 1971-ci ildə Bərdə şəhərində anadan olub. 1977-1987-ci illərdə orta təhsil alıb. Məktəb illərində intizamlı, çalışqan və fəal şagird kimi tanınıb. Sonra hərbi xidmətə çağırılıb. Sovet ordusu sıralarında xidmət edib. Xidmət müddətində döyüş silahlarından məharətlə istifadə etməyi öyrənib, müsəlləh əsgər kimi formalaşıb.
Ordu sıralarından tərxis olunduqdan sonra ölkəmizdə baş verən hadisələr, torpaqlarımızın işğal olunması onu Vətən müdafiəçiləri sıralarına qoşulmağa sövq etdi. Könüllü olaraq onların sırasına qoşuldu. 1991-ci ilin fevralından düşmənə qarşı döyüşlərə atıldı. Cəsarətli, qorxmaz və bacarıqlı döyüşçü kimi tanındı. Erməni silahlı birləşmələrinə qarşı döyüş əməliyyatlarında xüsusi ilə fərqləndi. Onların bir neçə canlı qüvvəsini məhv etmişdi. Əsgəran rayonu ərazisində gedən döyüşlərdə Elgiz və silahdaşları əsl vətənpərvərlik, igidlik nümunəsi göstərmişdilər.
Elgiz 1992-ci il martın 12-də Naxçıvanik kəndində düşmən qüvvələri ilə qeyri-bərabər döyüşdə mühasirəyə düşən silahdaşlarını xilas etsə də, özü düşmən gülləsinə tuş gəlir. 21 yaşında şəhidlik zirvəsinə ucalır. Bərdə rayonunda dəfn olunub. 1992-ci il iyunun 7-də ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Qəhrəmanın təhsil aldığı məktəbin direktoru Tofiqə Məmmədova Qarabağ müharibəsində gənclərin göstərdikləri şücaətlərdən, düşmənə qarşı keçirilən döyüş əməliyyatlarında igidliklə iştiraklarından danışdı. Bildirdi ki, gənclərimiz Vətən müharibəsində qələbə əzmi ilə döyüşmüşlər. "Onların məqsədi, amalı həmişə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımızı işğaldan azad etmək olub. Böyük Vətən sevgisi ilə ordumuz qarşısında duran tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı dövləti və ordusu ilə sıx birləşərək torpaqlarımızın işğalına böyük tarixi Zəfərlə son qoydu.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə bildirmişdi: "Döyüşlər vaxtı bir nəfər də olsun döyüş meydanını, xidmət yerini tərk etmədi. Ancaq düşmən ölkənin on min nəfərdən çox əsgəri fərarilik etdi. Ermənistan ordusunun əsgərləri onlara aid olmayan torpaqlar uğrunda döyüşmək istəmirdilər. Biz isə öz qədim ata-babalarımızın əmanəti olan Vətən torpaqları uğrunda döyüşərək, onu azad etdik. Bu gün Azərbaycan əsgərinin tükənməyən gücü, qüdrəti, Vətən sevgisi var". Biz çalışırıq ki, bugünkü yeniyetmələri, gənclərimizi Vətənimizin qəhrəman övladlarının davamçıları kimi formalaşdıraq. Onlar müstəqil dövlətimizin fəal, qurucu vətəndaşları olsunlar".
44 günlük Vətən müharibəsi iştirakçıları göstərdikləri misilsiz şücaətlərdən, Vətən, torpaq sevgisindən qürur hissi ilə danışdılar. XXI əsrdə Azərbaycanın hərb tarixinə yazılan şanlı qələbəmizin sayəsində Azərbaycanın dünyada artan beynəlxalq nüfuzundan ətraflı bəhs etdilər.
Milli Qəhrəmanların, şəhidlərin, döyüşlərdə yaralananların ailələrinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olundu.
Mərkəzin əməkdaşlarının "Əsgərə məktub" layihəsi də tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Vətənin keşiyində duran əsgərlərə məktublar ünvanlandı.
Milli Qəhrəmana həsr olunmuş ədəbi-bədii kompozisiya maraqla izlənildi. Şagirdlərə hərbi təhsil haqqında bukletlər təqdim olundu.

Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"