Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2024 16:20

“Hərbi xidmət həm də məktəbdir!”

Rəvan Yardımlının Parsova kəndindəndir, Sumqayıtda 34 saylı orta məktəbi bitirib. Riyaziyyatı sevib, bu sevgi onun kompüterə marağının başlanğıcı olub. Orta məktəbi bitirəndə kompüter mühəndisi olmağı qərara alıb. Ona ilk xeyir-duanı müəllimi verib: "Kompüter mühəndisliyi ilə loğmanlıq arasında bircə nəfəs fərqi var. Sən bəşəriyyətə gərəkli olan bir peşəni öyrənəcəksən. Kamil mütəxəssis olmağa çalış...". Rəvanın istəyini atası da bəyənmişdi...
Rəvan Vətən müharibəsi başlayanda VIII sinifdə oxuyurdu. O da digər həmyaşıdları kimi müharibəni, döyüşləri müharibədən uzaqlarda izləyirdi. O da ruhən döyüşənlərin sırasındaydı. O da döyüşçülərin hamısını əzizi bilirdi. Qonşuları Raul İbadov şəhid olanda onun da yumruqları düyünlənmişdi, o da qəhərlənmişdi. Bəlkə yaşının azlığına da təəssüflənmişdi...
Test imtahanlarında topladığı balın miqdarı kifayət etmədi. Uğursuzluq onun istəyini korsaltmağa qadir deyildi; ağsaqqal kəlamı ona həm təsəlli oldu, həm də ümid: "Niyyəti sonda mənzili olan oğullardan ol, oğlum!". Gülümsündü, "niyyətim mənimlə xidmət edəcək, niyyətim də əsgər olacaq...", - dedi. Hərbi xidmətə bu qətiyyətlə getdi, bu qətiyyətlə Hərbi And içdi, bu qətiyyətlə xidmət edir.
Mayor Rauf Zeynalov dedi ki, hərbi hissəmizdə ali təhsil almağa meyilli, niyyətli əsgərlərə gərəkli şərait yaradılıb. Onlar asudə vaxtlarında imtahana da hazırlaşırlar, hərbi hissəmizdə xidmət edən ali təhsilli əsgərlərlə söhbətləşəndə həm də orta məktəb proqramları səviyyəsində elmi polemika da aparırlar. Əslində, belə söhbətləşmələr də öyrənmə prosesidir. Nümunəvi əsgər həm də hərbi hissədə öyrənmə, oxuma həvəsi ilə tanınır.
Kiçik çavuş Rəvan Xuduzadə nümunəvi əsgərdir. Zabitlərin tapşırıqlarını, əmrlərini məsuliyyətlə yerinə yetirir. "Hərbi xidmət mətinləşməyimə də, formalaşmağıma da şərait yaratdı, gələcək ömür yolumun başlanğıcı olacaq təhsilimə də. Mən hərbi xidmətimlə indi qürurlandığım səviyyədə gələcəkdə də qürurlanacam..." - əsgər Rəvan Xuduzadə belə dedi. Baş leytenant Pünhan Şirinov onun nümunəvi xidmət etdiyini bildirdi, buna görə fəxri fərmanla təltif olunduğunu da dedi...
"Hərbi hissəmiz mənə həm də əvəzsiz məktəbdir!" - kiçik çavuş nə gözəl düşünür!..

Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"