Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2024 16:20

“Şəhidlərimizi tanıyaq və tanıdaq”

Şəhidlik müqəddəslikdir. Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur. Yalnız seçilmişlər yüksəlir bu məqama.
Azərbaycan Hərb Tarixi Muzeyində "Təşəbbüs" qrupu ilə birgə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi məsədi ilə "Şəhidlərimizi tanıyaq və tanıdaq" adlı anım tədbiri keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş hərbi qulluçuların ailə üzvləri, döyüşlərdə yaralananlar, ictimaiyyət və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Hərb Tarixi Muzeyinin rəisi istefada olan polkovnik Əzizağa Qənizadə tədbiri açaraq bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçməyi özlərinə şərəf bilmiş Vətən övladları hər zaman yaddaşlarda yaşayacaqlar. Şəhidlik zirvəsinə ucalmış hər bir şəxs qəhrəmandır və Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq və ruhlarını şad etmək hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. "Şəhidlərimizi tanıyaq və tanıdaq" adlı layihənin reallaşmasında da məqsəd Vətən uğrunda canını fəda etmiş şəhidləri daha geniş auditoriyaya tanıtmaqdan ibarətdir".
Şəhidlik haqqında ətraflı çıxış edən muzey rəisi qeyd etdi ki, Azərbaycan xalqının igid övladları 44 günlük Vətən müharibəsinin hər günündə dönə-dönə sübut etdilər ki, qoynunda dünyaya göz açdığımız, müqəddəs bildiyimiz bu torpaqların hər qarışı Vətəndir. "Özlərinə əbədiyyət heykəli ucaldaraq şəhid adını qazanan igid oğul və qızlarımız xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaqlar...".  
Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva vurğuladı ki, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. "Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə şəhadətə yüksələn gəncliyin olması xalqımızın aliliyinin, böyüklüyünün göstəricisidir. Şəhid verməyən xalqın mənliyi olmaz. Biz xalq olaraq daim şəhidlərimizi ehtiramla anırıq. Şəhid adını qazanan igid oğullarımız xalqımızın qəhrəmanlıq tarixində sonsuzadək yaşayacaq və xatırlanacaqlar. Onların Vətəninə, xalqına, dövlətinə olan sevgisi hər birimiz üçün örnəkdir".
Tədbirdə "Təşəbbüs" qrupunun rəhbəri Tofiq Həsənov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova, şəhid Elşad Əliyevin anası Flora Hüseynova, şəhid Sənan Rüstəmovun atası Əkbər Rüstəmov və başqaları çıxışlarında Müzəffər Ali  Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən, şəhidlərimizin şərəfli ömür yolundan, bu Zəfərin tarixi əhəmiyyətindən danışdılar. Bildirdilər ki, dövlət şəhidlərə böyük ehtiram göstərir, onların ailələri böyük ehtiramla, qayğı ilə əhatələnib, heç zaman unudulmayacaqlar. Şəhidləri tanıtmaq hər birimizin borcudur.
Anım tədbirində şəhidlərə həsr olunmuş videorolikin nümayişindən sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa etdilər.

 Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"