Hərbi hissədə hər şey günün nizam qaydaları ilə tənzimlənir. Səhər "Qalx!" komandasından "Yat!" komandasına qədər günün nizam qaydalarına uyğun olaraq, əsgərlər taktiki, atəş, sıra, fiziki və digər hazırlıqlara qədər ixtisaslar üzrə həm nəzəri, həm də praktiki çalışmaları yerinə yetirirlər. Həmçinin şəxsi heyət üçün günün müəyyən vaxtı asudə vaxt, istirahət üçün nəzərdə tutulur. Bu saatın səmərəli keçməsi üçün müxtəlif tədbirlər planlaşdırılır. Zabit Zaur Əliyev bildirdi ki, əsgərlər asudə vaxtlarında qapalı məkanlarda stolüstü oyunlar oynayır, qəzet və jurnallar oxuyur, musiqi alətlərində ifa etməyi bacaran əsgərlərdən ibarət özfəaliyyət ansamblın konsert proqramları təşkil edilir. İstedadlıları aşkar etmək üçün əvvəlcədən onların arasında sorğu keçirilir, ifa bacarıqları müəyyənləşdirilir. Musiqi qrupları asudə vaxtlarında əyləncələr və maraqlı proqramlarla çıxış edirlər.
Hərbi hissədə asudə vaxt idi. Qarmon, nağara və saz ifaçılarından ibarət musiqiçilər qrupu bir-birindən maraqlı havalar ifa edir, əsgərlər dinləyirdilər.
Saz ifaçısı Ceyhun Musayev Laçındandır. Bərdədə doğulub, boya-başa çatıb. Bərdə şəhər 2 nömrəli musiqi məktəbinin "Saz" sinfini bitirib. Saza marağının hələ kiçik yaşlarından yarandığını deyir. Ona sazda ilk ifanı babası öyrədib.
- Mülki həyatda "Ruhani"ni, "Sarıteli", "Yurd yeri"ni və s. ifa etməyə həvəsliydim. Hərbi xidmətə sazımla gəldim. Elə bil sazım da xidmət edir. Burada "Misri", "Cəngi", "Qəhrəmani" kimi havaları ifa etməkdən zövq alıram. Əsgər yoldaşlarım sanki bu mahnıları ruhuna köçürüblər. Müharibə qurtarsa da, bu cür musiqilər əsgərlərin ruhunu torpağa sədaqətlə bağlayır..."..., - saz ifaçısı Ceyhun Musayev belə dedi.
Qarmon ifaçısı Ziya Əsədli ordu sıralarına Ağdaş rayonundan çağırılıb. Asəf Zeynallı adına Musiqi Kollecini qarmon ifaçısı ixtisası üzrə bitirib. Ən böyük arzusu hərbi xidməti başa vurandan sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil almaqdır. Qarmona böyük maraq göstərən Ziya özünü gələcəkdə bu sənətdən ayrı təsəvvür etmir.
Əsgər Elşad Cəlilov Şövkət Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbinin "Nağara" sinfində oxuyub. Burada Ceyhun kimi, Ziya kimi ona da yiyələndiyi sənətin əsgər yoldaşlarına xas gözəl ovqat bəxş etməsi üçün şərait yaradıldığını dedi. Buna görə komandanlığa minnətdar olduğunu bildirdi.
Zabit Pərvin Məmmədov əsgərlər arasında çoxlu istedadlı, yaradıcılıq qabiliyyəti olanların olduğunu bildirdi. Dedi ki, asudə vaxtlarda bacarıqlı, istedadlı əsgərlərin məharətindən səmərəli istifadə olunur.
Əsgərlərin bədii özfəaliyyət dərnəklərindəki çıxışları da daha maraqlı və yaddaqalan oldu.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"