Vətən sevgisi... Təravətini və gücünü itirməyən bu müqəddəs məfhum bu sevgiyə köklənənlərin qarşısıalınmaz istəyini, duyğularını coşdurur. Bu coşqu müqəddəsliyə ucalmış igidləri qəlblərdə yaşatmağın təzahürüdür.
Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan Vətən övladları heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşurlar, Elnur Pirseyidov kimi...
Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olanların ailələrinə dövlətimizin rəhbərliyi hər zaman xüsusi diqqət və qayğı göstərir. Şəhidlərimizi yad etmək hər birimizin ən müqəddəs borcudur.
Elnur Pirseyidov 1993-cü il noyabrın 25-də Qusar rayonunun Avaran kəndində anadan olmuşdu. 2011-ci ildə Avaran kənd orta məktəbini bitirmişdi. Vətən qarşısında müqəddəs borcunu yerinə yetirdikdən sonra həyatını orduya bağlamaq qərarına gəlmişdi. Valideynlərinin xeyir-duası ilə gizir kimi xidmətə başlamışdı.
Azərbaycan Ordusunun giziri Elnur Pirseyidov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Ailəli idi.
Gizir Elnur Pirseyidov Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Müdafiə Nazirliyinin, Beynəlxalq Humanistika İnstitutu İctimai Birliyinin və Qusar rayon İcra Hakimiyyətinin əməkdaşları öncə kəndin mərkəzində Şəhidlər xatirə kompleksinə baş çəkdilər, abidə önünə gül dəstələri qoydular. Sonra şəhid gizir Elnur Pirseyidovun ailəsini ziyarət etdilər.
Beynəlxalq Humanistika İnstitutu İctimai Birliyinin sədri Elmira Məhəddinli qeyd etdi ki, Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın sərkərdəliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində Böyük tarixi Zəfərlə başa çatdı. "Bu müqəddəs yolda şəhid olanlarımızın Vətən sevgisi xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatmaqdadır. Vətən müharibəsində qazandığımız tarixi Zəfər Azərbaycan xalqının mübarizliyinin, ölkəmizdə dövlət-xalq-ordu birliyinin sarsılmazlığının təsdiqi oldu. Torpaqlarımızın azadlığı uğrunda 44 gün davam edən Vətən müharibəsi milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm Zəfər dövlətçiliyimizi möhkəmləndirdi. Bu Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi...".
Elmira xanım sözlərini şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin, müharibə iştirakçılarının hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhidlərimizə hörmət və ehtiramını ifadə etdiyi kəlamlarla bitirdi: "Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq".
Yaşadığımız qüruru da, sevinci də şəhidlərimizə borclu olduğumuzu deyən Qusar rayon İcra Hakimiyyəti başçısının Avaran kənd icra nümayəndəsi Sabir Fərzəliyev bildirdi ki, şəhidlərimiz Vətən müharibəsində torpaqlarımızı azad etdilər. Bu gün onların sayəsində Azərbaycan xalqı dünyada azsaylı qalib xalqlar sırasındadır. İşğaldan azad edilən torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Xalqımız şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid ailələrinə və övladlarına hər birimiz əziz və müqəddəs əmanət kimi ehtiram göstərməliyik.
Şəhidin atası Nasir Pirseyidov Birinci Qarabağ müharibəsi iştirakçısıdır. O, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi ədalətin bərpası olduğunu, rəşadətli ordumuzun göstərdiyi şücaəti əsl qəhrəmanlıq nümunəsi adlandıraraq igid, mərd oğullarımızın igidliklə döyüşdüyünü vurğuladı. "Xalqımız 44 günlük qurtuluş müharibəsində bütün dünyaya sübut etdi ki, Azərbaycanın Vətənini canından əziz bilən igid, mərd oğulları var. Özünü bu dövlətin həqiqi vətəndaşı bilən gənclərimiz şəhidlikdən çəkinmir. Mənim oğlum da belə oğulların sırasında oldu. Bu gün Elnur bütün Azərbaycan xalqının övladıdır. Mən belə bir vətənpərvər oğul böyütdüyüm üçün fəxr edirəm. Oğul itkisi ağır olsa da, şəhid atası olmaq bu ağrını qürura çevirir...".
Şəhidin atası bildirdi ki, oğlu ilə sonuncu dəfə oktyabrın 5-i telefon əlaqəsi saxlayarkən o, böyük ruh yüksəkliyi ilə tezliklə ordumuzun düşmən işğalında olan bütün torpaqlarımızı azad edəcəyindən danışıb.
Yeganə ana qürur qarışıq kövrəkliklə danışdı şəhid övladından. "Hələ kiçik yaşlarından övladlarımıza Vətənin, torpağın müqəddəs olduğunu öyrətmişik. Daxilindəki Vətən sevgisi onu hərb sənətinə çəkirdi. Əsgəri xidmətindən sonrakı xidmətinə sonsuz sevgi-istəklə, arzularla başlamışdı. Bəzi hissləri sözlərlə ifadə etmək mümkünsüzdür. Bir ana üçün övlad itkisinin yaşatdığı ağrı izahedilməzdir. Lakin bu ağrını oğlumun Vətənimizin, torpaqlarımızın azad olunması uğrunda şəhid olması yüngülləşdirir. Balamın ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olunması idi. Bu gün Elnurumun arzularının reallaşması bir ana olaraq mənim üçün böyük təsəllidir. Oğlum elə bir zirvəyə yüksəlib ki, hər birimiz o zirvəyə sadəcə həsrətlə baxırıq...".
Nərgiz atası şəhid olanda 9 aylıq olub. İndi 5 yaşı var. Düşünürəm ki, bu gün "Mənim atam qəhrəmandır. Mən atamla fəxr edirəm" deyən Nərgiz ata nəvazişinə həsrət böyüsə də, həyatı dərk edəndən sonra şəhid adının böyüklüyünü, şəhidlərin həyat boyda eşq ilə sevildiyini daha dərindən başa düşəcək.
Şəhidin qardaşı Zamir yeni dünyaya gələn oğluna şəhid qardaşının adını verib.
Nəhayət Şirinova, Səidə Əbilova, Gülşən Bəşirova, Vüsalə Nəcimova, Saida Musayeva və başqaları çıxış edərək Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən, şəhidimizin şərəfli ömür və döyüş yolundan, bu Zəfərin tarixi əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, şəhidlərimizin adları tarixdən də, ürəklərdən də heç vaxt silinməyəcək, onların qəhrəmanlıqları unudulmayacaq və xatirələri hər zaman ehtiramla yad ediləcək.
Sonda şəhidin valideynləri şəhidlərin xatirəsinin daim uca tutulduğuna və ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın sərkərdəliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti, igidliyi sayəsində Qələbə ilə başa çatdı. Azərbaycanın müasir qəhrəmanlıq salnaməsinə çevrilmiş bu tarix dildən-dilə dolaşır və dolaşacaq. Şəhidlər bu salnamənin unudulmayacaq fatehləridirlər.
Günay TAĞIYEVA "Azərbaycan Ordusu"