2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin döyüş əmri ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Şanlı ordumuzun hərbi qulluqçuları düşmənin üzərinə atıldı, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşdular. Bu gün ordu sıralarında minlərlə gənc zabit, gizir kadrları xidmət edir. Hər biri öz peşəsinə məsuliyyətlə yanaşır. Öz fiziki, sıra, döyüş hazırlıqlarını yüksək saxlamaq üçün daim inkişaf edirlər. Bunu, həmçinin tabeçilikdəki şəxsi heyətə də aşılayırlar. "N" hərbi hissəsində belə bir gənc zabitlə tanış olduq. Leytenant Şirin Əzizlinin xidmət etdiyi hərbi hissədə nümunəvi bir zabit olduğunu öyrəndik.
O, 1994-cü il mayın 3-də Qəbələ rayonunda anadan olub. Əsgəri xidmətini başa vurduqdan sonra zabit olmaq arzusunun arxasıyca gedərək, "Ehtiyat zabit hazlırlığı" kursunu başa vurub və 2022-ci ildə artıq gənc zabit kimi xidmətə yollanıb.
"Hələ uşaq olanda arzulayırdım ki, böyüyüb Vətən müdafiəçisi olum. Düzgün peşəni seçdiyimdən əminəm. "Ehtiyat zabit hazlırlığı" kurslarında təhsil aldığım müddətdə dərslərimdə fəal iştirak edir, səylə çalışırdım. Çalışqanlığımı və məsuliyyətimi artıraraq, ümumi hərbi biliklərimi təkmilləşdirdim".
Hal-hazırda artilleriya hərbi hissəsində xidmətini uğurla davam etdirən zabit Şirin Əzizli Vətən müharibəsindən də söz açdı. "44 günlük Vətən müharibəsi bizə sonsuz sevinc və xoşbəxtlik bəxş etməklə yanaşı, həm də bu hissləri xalqımıza yaşatmağın qürurunu keçirtmək imkanı yaratdı. Uzun illər sonra Qarabağ torpağına igid ayağı basıldı. Bütün dünya azərbaycanlıları üçün bundan gözəl, xoş heç nə ola bilməzdi. Mən də Azərbaycan vətəndaşı kimi çox sevinir, hərbi qulluqçu kimi qürurlanıram. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz düşməni əzəli torpaqlarımızdan qovdu. Dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusunun sıralarında olmaq hər birimiz üçün böyük fəxrdir", - deyərək zabit sözünü bitirdi.
Gənc zabitlə tanışlıq bizdə də xoş təəssüratlar yaratdı. Vətənin keşiyində durmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Leytenant Şirin Əzizli bunu tək borc kimi deyil, həm də Vətəninə və millətinə sevgisinin bariz nümunəsi kimi qəbul edir. Doğrudan da, şanlı ordumuzun sıralarında olan hər bir hərbi qulluqçu canı bahasına da olsa, ölkəmizin müdafiəsində dayanmağa hazırdır. Əminliklə demək olar ki, düşmən bir daha Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə göz diksə, Şirin kimi oğullar Ali Baş Komandanın döyüş əmri ilə düşmən üzərində yeni zəfərlər qazanacaq.
Elvin VƏTƏNDUST
"Azərbaycan Ordusu"