Vətən müharibəsindən bir neçə il keçməsinə baxmayaraq, qazanılan şanlı qələbəni hər bir azərbaycanlı qürurla xatırlayır. Döyüşlərin başladığı tarixdən 44 günlük Vətən müharibəsinin hər bir günü istər sevinciylə, istərsə də kədəriylə hər kəsin xatirində dərin izlər buraxdı. Hər ötən gün ordumuzu qələbəyə daha da yaxınlaşdırdı. Qəhrəman oğullarımız illərdir gözlənilən əmrin icrasını qısa zaman kəsiyində uğurla yerinə yetirdilər. Torpaqlarımız kənd-kənd, rayon-rayon işğaldan azad edildi. Bu zəfər ordu ilə xalq birliyinin vəhdətindən doğan zəfər oldu. Döyüşlər ordumuzun gücünə güc qatdı, xalqımızın ordunun qüdrətinə inamını daha da artırdı. Sübut olundu ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən gələcək gücə sahibdir. Ancaq, təəssüf ki, qələbələr itkisiz olmur. Bu haqq savaşında canını fəda edən, şəhidlik zirvəsinə ucalan oğullarımız da oldu. Belə qəhrəman oğullardan biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Amin Qurban oğlu Rzayevdir.
Şəhidimiz haqqında məlumat hazırlamaq və onun ruhunu yad etmək üçün doğulub boya-başa çatdığı Gədəbəy rayonunun Çobankənd kəndinə yollandıq. Şəhidin yaşadığı evin yaxınlığında xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılan bulaqdan su içib, həyətə daxil olduq. Şəhidin atası Qurban kişi ilə də elə burada görüşdük. Şəhidimiz haqqında bəzi məlumatlar öyrənmək istədiyimi deyəndə evə dəvət etdi. Mərd, mehriban, qayğıkeş bir insan olduğunu elə ilk unsiyyət zamanı gördüm.
Mənzilə daxil olduqda otaqlardan birində şəhid Rzayevə həsr olunan guşə var idi. Burada şəhidin şəxsi əşyaları, şəkilləri, xidmət dövründə müxtəlif vaxtlarda aldığı fəxri fərmanları, təşəkkürnamələri, Vətən müharibəsində layiq görüldüyü medalları və şanlı Azərbaycan bayrağı ilə örtülmüş yatağı saxlanılırdı. Atası Qurban Rzayev dedi ki, Amin vətənpərvər, xalqını, dövlətini sevən gənclərdən olub. O, hələ uşaq yaşlarından düşmənin Gədəbəy rayonu istiqamətində atəşkəsi pozmasının şahidi olurdu. Elə o vaxtdan böyüyəndə hərbçi olacağını və düşmənin atəş səslərini kəsəcəyini deyirdi.
Amin Rzayev Birinci Qarabağ müharibəsi şəhidi Firdovsi Əliyevin adını daşıyan Çobankənd tam orta məktəbdə təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Müddətli həqiqi hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaq üçün müvafiq qaydada müraciət edib. Fiziki hazırlıqlı olan Amin imtahanlardan uğurla keçərək qumbaraatan komandiri kimi hərbi hissələrin birində xidmətini davam etdirib. Xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarında fəal iştirak edib. Amin də döyüşənlərin sırasında olub. Döyüş yoluna Talışkənddən başlayan şəhidimiz düşmənə aman verməyib. Təəssüflər olsun ki, ömür yolu qısa yazılan Amin ağır döyüşlərin birində şəhid olub. Vətən müharibəsi zamanı şəhid olan oğlunu oktyabrın 2-də dəfn edən Qurban kişi "Vətən sağ olsun!" deyərək digər övladını oktyabrın 11-də hərbi xidmətə yola salıb. Qurban Rzayev özü də həmin günlərdə könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciət edib, ancaq ordumuzun yetəri qədər komplektləşdiyini və ona ehtiyac olmadığını cavabını alıb.
"Vətəni göz bəbəyi kimi sevmək, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaq ən müqəddəs duyğudur. Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəfdir. Müqəddəs amal uğrunda şəhid olan igidlərimiz xalqın qəhrəmanlıq salnaməsinə adlarını qızıl hərflərlə yazdılar. Mənim övladım da bu uca zirvəyə yüksələnlərdəndir. Bir valideyn üçün övlad itkisi ağır dərd olsa da, oğlumla hər zaman qürur duymuşam, duyacağam da", - Qurban kişi dedi.
Amin kimi oğullarımızın şücaəti nəticəsində cəmi 44 gün ərzində 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Əlbəttə, bu tarixi qələbəni bizlərə yaşadan şəhidlərimizi, döyüşdə yaralanan silahdaşlarımızı heç bir zaman unutmamalı və unutdurmamalıyıq. Şəhidlərimizin xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək hər bir azərbaycanlının ən müqəddəs vəzifəsi və vətəndaşlıq borcudur. Vətənə şəhid verən ailədən həm ürək ağrısıyla, həm də qürurla ayrıldıq. Ürəyimizi ağrıdan Aminin vaxtsız ölümü, qürur verən isə Vətən torpağının müdafiəsini müqəddəs amal bilən gənclərimizi yetişdirən Qurban kişi kimi valideynlərin olmasıdır.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"