Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2024 16:51

Vətənpərvərlik nümunəsi: qəhrəman Dilqəm Nağıyevin həyat hekayəsi

Torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda cəsarətlə və inamla döyüşən Vətən oğullarımız uzun illər boyu tez-tez xatırlanır və gələcək nəsillər üçün örnək olurlar. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər oldu, Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. İgidlərimizin bu yolda göstərdikləri qəhrəmanlıq xalqımızın qəlbində əbədi bir məşəl kimi yanaraq gələcək nəsillərə yol göstərir.
Ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq tarixinə yazan Azərbaycanın Milli Qəhrəmanı Dilqəm Heydər oğlu Nağıyevin də igidlikləri xalqımızın yaddaşında əbədi qalacaq.
Dilqəm Nağıyev 24 iyun 1975-ci ildə Mingəçevir şəhərində anadan olub. 1990-cı ildə 9 saylı Mingəçevir şəhər orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra 69 saylı texniki-peşə məktəbində təhsil alaraq, elektrik çilingəri peşəsini öyrənib. 1993-cü il avqustun 7-də ordu sıralarına çağırılan Dilqəm Vətənin müdafiəsinə yollanıb. Bakıdakı hərbi hissələrin birində təlim keçdikdən sonra Gəncə şəhərinə, oradan isə Füzuliyə döyüş bölgəsinə göndərilib. Dilqəmin ilk döyüş yolu da burada başlayıb. O, Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Böyük Bəhmənli, Kürdmahmudlu kəndlərinin müdafiəsində böyük qəhrəmanlıqlar göstərib. Komandirləri Dilqəmin döyüş qabiliyyətini yüksək qiymətləndirib, qısa müddətdə ona çavuş rütbəsi verdilər. O, daim öz üzərində çalışır, silahlardan istifadə etmək qaydalarını öyrənirdi ki, bu da onun döyüşlərdə uğur qazanmasına kömək edirdi. Dilqəm üçün Azərbaycanın hər bir ərazisi doğma və əziz idi. Silahdaşlarını dözümlü və cəsur olmağa ruhlandırırdı. Onun qanında və varlığında düşmənə qarşı nifrət və qəzəb vardı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir neçə dəfə xarici və daxili düşmənlərin dövlət çevrilişi cəhdləri ilə üzləşib. 1995-ci ilin mart hadisəsi də dövlətçiliyimizə qarşı yönəlmiş bir sui-qəsd idi. Erməni qəsbkarlarının törətdiyi fəlakətlərdən başı ayılmayan Azərbaycan təhlükəli anlar yaşayırdı. Xalq həyəcan içində idi. Silahlı Qüvvələrimiz dövlət çevrilişinin qarşısını qətiyyətlə aldı. Həmin gün Dilqəm də vətəndaşlıq borcunu yerinə yetirirdi.
1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd zamanı Dilqəmin xidmətləri böyük olub. 15 mart 1995-ci ildə ikinci dəfə dövlət çevrilişinə cəhd edilərkən, Tovuz-Ağstafa zonasında qiyamçıların ram edilməsi əməliyyatında şücaət göstərən Dilqəm Nağıyev qarşı tərəfdən açılan atəş nəticəsində şəhid olub. Dilqəm Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Nağıyev Dilqəm Heydər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Qeyd edək ki, 9 saylı Mingəçevir şəhər orta məktəbi onun adını daşıyır.
Dilqəm Nağıyevin qəhrəmanlıq hekayəsi yalnız bir insanın igidliyindən bəhs etmir, bu, eyni zamanda, bütün Azərbaycan xalqının mübarizə ruhunun, azadlıq arzusunun və Vətən sevgisinin parlaq nümunəsidir. Dilqəm adını şanlı tariximizə qızıl hərflərlə yazdıraraq, gələcək nəsillər üçün əsl qəhrəmanlıq simvoluna çevrilib. Onun həyat yoluna baxdıqda görürük ki, o, Vətəninə olan sevgisini yalnız sözlərlə deyil, ən çətin anlarda göstərdiyi igidliklərlə də təsdiqləyib. Düşmən qarşısından geri çəkilmədi, torpaqlarımızı müdafiə edərkən canını fəda etdi və bununla da əsl qəhrəmanlıq dərsi verdi. Bu gün Dilqəmin məzarını ziyarət edənlər onun döyüş meydanında göstərdiyi şücaətini, silahdaşlarına olan sədaqətini və Vətəninə olan böyük sevgisini xatırlayır.
Azərbaycanın hər bir guşəsində Dilqəm kimi qəhrəmanların xatirəsi yaşayır. Onun göstərdiyi igidlik və şücaət gələcək nəsillər üçün bir məşəl kimi parlayır, onları Vətən sevgisi ilə dolu olan bir yolda addımlamağa ruhlandırır. Bu qəhrəmanlıq dastanı, Dilqəmin adı ilə bağlı olan hər bir hekayə, Azərbaycanın parlaq gələcəyinə inamı daha da möhkəmləndirir. Gələcək nəsillər Dilqəmin həyat hekayəsini oxuyaraq, onun qəhrəmanlığından və vətənpərvərliyindən örnək alacaqlar.

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"