Azərbaycanın Milli Qəhrəmanı Vəzir Surxay oğlu Orucov təkcə Tərtər rayonunda deyil, ölkəmizin hər yerində cəsarətli, mərd, qorxmaz, igid bir döyüşçü kimi tanınmışdır. Onun əvəzsiz xidmətləri haqqında müxtəlif qəzetlərdə, kitablarda yazılar çap olunmuşdur. Bütün bunlar barədə Tərtər rayonunun Habil Məmmədov adına Xoruzlu kənd orta məktəbində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən anım mərasimində ətraflı danışıldı.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət Himni səsləndirildi.
Mərasimdə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi şücaətlərdən ətraflı söz açıldı. Onun həyatı, döyüş yolu haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Orucov Vəzir Surxay oğlu 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Onun ailəsinin taleyinə də qaçqınlıq, köçkünlük düşüb. 1950-ci ildə ailəsi Ermənistan ərazisində ata-baba yurdundan didərgin düşərək Tərtər rayonuna pənah gətirib və burada məskunlaşıb. Vəzir kənddəki məktəbdə təhsil alıb. Uşaqlıq və yeniyetməlik vaxtlarında el-obanın rəğbətini qazanıb. Sonra təhsilini Bakı Yüngül Sənaye Texnikumunda davam etdirib. 1975-1977-ci illərdə keçmiş sovet ordusu sıralarında xidmət edib. Xidmət müddətində də əsgər kimi ona göstərilən etimadı həmişə doğruldub. Hərbi xidmət illərində komandirlərindən aldığı təşəkkür məktubları və fəxri fəmanlar əsgər həyatından qalan yadigarlardır.
Vəzir Orucov əsgəri xidmətdən sonra Rusiyanın Arxangelski vilayətində ali təhsil alıb işləmək istəyirdi. Ancaq işlər onun gözlədiyi kimi olmadı. Ölkəmizə qarşı başlanan təhdidlər onu da ciddi narahat edirdi. Çətin və ağır günlərdə Vətəndən ayrı düşmək olmaz deyərək, Vətəninə qayıtdı. 1992-ci ilin fevralında baş verən Xocalı faciəsi onu daha çox hiddətləndirdi və düşmənə qarşı mübarizəyə başlamaq qərarına gəldi. Könüllü olaraq Tərtər özünmüdafiə taboruna yazıldı. Qısa müddətdə silahdaşları ilə birgə Vətənin müdafiəsi uğrunda döyüşlərə qətiyyətlə hazırlaşdılar. Ağdərə rayonunun Həsənqaya, Göyarx, Madagiz, Çıldıran və digər kəndləri, həmçinin Sərsəng su anbarı uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvə və texnikasını məhv etdilər. Düşmən hücumları isə ara vermirdi. 1 sentyabr 1992-ci ildə düşmən tankını vurmaq istəyərkən Vəzir ağır yaralanır və arxa cəbhəyə təxliyə olunur. Müalicə olunduqdan sonra cəbhəyə qayıdır və silahdaşları ilə birlikdə yenidən döyüşlərə qatılır. 1993-cü il martın 22-də Ağdərənin "Qlobus" yüksəkliyi uğrunda gedən döyüşlərdə Vəzir Orucov qəhrəmancasına şəhid olur. O, Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunur. 27 mart 1994-cü ildə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir. Milli Qəhrəman Vəzir Orucov xalqımızın tarixinə adı əbədi həkk olunan və tanınan igid qəhrəmanlardan biridir. Onun xatirəsini xalqımız həmişə uca tutur.
Milli Qəhrəmanın adını daşıyan məktəbin direktoru Elşən Səfərov çıxışında bildirdi ki, xalqımızın tarixində Vətəninə, xalqına sıx bağlı olan yüzlərlə, minlərlə qəhrəmanlar olub. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində onların yüzlərlə, minlərlə davamçısının yetişdiyinin bir daha şahidi olduq. Vətənin ağır və çətin günlərində soydaşlarımız Vətən hüdudlarından kənarda olsalar da, doğma el-obalarına qayıdaraq torpaqlarımızı müdafiə etmək üçün döyüşənlərin sıralarına qoşulublar. Vəzir Orucov da belə mərd oğullardan biri olub. O, Vətəndən uzaqlarda olsa da, geri qayıdaraq doğma yurdun müdafiəsinə qalxıb. Qısa müddət ərzində əsl qəhrəman kimi düşmənə qarşı döyüşlərdə yüksək vətənpərvərlik nümunəsi göstərib. Qarşıya qoyulan döyüş tapşırıqlarını silahdaşları ilə birgə həmişə yerinə yetirərək düşmənləri torpaqlarımızdan qovmağa çalışıb. O, həm də bacarıqlı kəşfiyyatçı komandir kimi də nüfuz qazanmışdır. Vətənimizin, xalqımızın tarixinə onun adı qəhrəman kimi yazılıb. Onun həyatı, keçdiyi döyüş yolu və vətənpərvərliyi hər bir azərbaycanlı gənc üçün əsl örnəkdir, nümunədir.
Vətən müharibəsi iştirakçısı Yaşar Hüseynov müstəqilliyin ilk illərinə nəzər salaraq, Vətənimiz, müstəqilliyimiz, dövlətçiliyimiz üçün yaranan ağır günləri xatırlatdı. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı dövlətçiliyimizin tarixində yeni dövrün başlanğıcı oldu. O, xalqımızın xilaskarına çevrildi. Ölkə həyatının bütün sahələrində sabitliyə, iqtisadi-siyasi hərbi sahələrdə yüksəlişə, tərəqqiyə nail oldu. Azərbaycan Ordusunu yenidən qurdu. Ölkəmizi dünya miqyasında tanıtdı. Böyük dövlətlərlə iqtisadi əlaqələr yaratdı. Ölkəmiz inkişaf etməyə başladı. Xalqımızın həyatında əsaslı dönüş yarandı. Məhz Ulu Öndərin misilsiz xidmətlərinin bəhrəsidir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün də böyük uğurlara imza atılır. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Ulu Öndərin siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan dünyada qalib ölkə kimi tanındı. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Bizə bu günləri bəxş edən Milli Qəhrəmanların, şəhidlərin xatirəsini həmişə böyük ehtiramla yad edirik. Bir vətəndaş kimi qürur hissi keçiririk ki, qalib bir xalqın övladlarıyıq.
Sonra tədbir iştirakçıları "Əsgərə məktub" layihəsi çərçivəsində rəşadətli ordumuzun əsgərlərinə məktublar ünvanladılar. "Əsgərin bir günü" adlı videoçarx nümayiş olundu, əsgərlərdən gələn məktublar səsləndirildi. Milli Qəhrəmana həsr olunan ədəbi-bədii kompozisiya rəğbətlə qarşılandı.
Sonda şəhidlər guşəsinin önünə tədbir iştirakçıları tərəfindən gül dəstələri düzüldü.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"