Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2024 16:51

Azərbaycançılıq qüruru

Yeniyetmənin marağı həvəsə dönür, həvəsi istəyə, istəyi arzuya, niyyətə. Yaşanılacaq illərə ömrün mənzilini niyyət müəyyənləşdirir. Bu səbəbdən niyyətə - arzuya dönməzlik işığı da deyirlər; ömür dönməzlik işığında yaşanılan illərdir. Bunları Elvin də bilirdi. Onu Biləsuvardan Cəmşid Naxçıvanski adına Hərbi Liseyə bu dərk gətirmişdi, bu dərklə təhsil alırdı. Marağı burada istəyə dönmüşdü, istəyi - niyyətə. Burada anladı ki, hərbçi olmaq vətənləşməkdi...
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alanda hərbçi olmağın qürurunun işığını da gördü - oxudu, öyrəndi, bildikləri çöl təlimlərində təkmilləşdi. Zabit olacaqdı. 2006-cı il idi...
"Torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandan əmr versəydi, kursant kimi döyüşəcəyik. Hərbi And içəcəyik, zabit kimi qoşunlarda hərbi xidmətə başlayacağıq, yəni, zabit kimi döyüşəcəyik..." - sevincini kursant yoldaşlarıyla söhbətlərində belə ifadə edirdi. O da əmin idi ki, sülh danışıqları baş tutmasa, Azərbaycan ədalətli müharibəyə başlayacaq...
2006-cı ildə zabit kimi hərbi xidmətə başladı. Niyyəti gerçəkləşmişdi - zabit idi, niyyəti gerçəkləşəcəkdi - Ali Baş Komandanın döyüş əmri ilə işğaldan qurtuluş döyüşlərinin iştirakçısı olacaqdı...
... İkinci Qarabağ müharibəsi başladı. Zabit Elvin Bayramovun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olunmuşdu. Böyük Bəhmənlidəydilər. Döyüşlərdə iştirak edən bütün bölmələri döyüş sursatı ilə, ərzaqla, yanacaqla vaxtında təmin etmək - onların döyüş tapşırığı belə idi. Bir döyüş dəsti qurtarmamış yeni dəst göndərilirdi. Göndərilənlər atəş altında çatdırılırdı. Ona görə döyüş şəraiti, əsas və alternativ yollardan istifadə imkanları, istifadə vaxtları, maşınların necə göndərilməsi və s. ciddi nəzərə alınırdı. Bilirdilər ki, döyüşən bölmələrin qələbəsi həm də döyüş sursatlarının dəqiqliklə, məsuliyyətlə çatdırılmasından asılıdır. Komanda məntəqəsindən verilən bütün əmrlər itkisiz, təhlükəsiz yerinə yetirilirdi...
Füzuli rayonunun Bobi kəndi yaxınlığındaydılar. Qarşıda ciddi döyüş gedirdi. Sövq-təbii hiss etdilər ki, döyüşçülərimizin sursatı azdır. Onda zabit Elvin Bayramov kəşfiyyatçılarla döyüş zonasına xeyli yaxınlaşdı. Atışın tempindən gümanında yanılmadığını qət etdi. Və sonra döyüşçülərimizə gərəkli miqdarda sursat çatdırıldı. "Bobi kəndi işğaldan azad ediləndə Vətən müharibəsində yaşadığım ən gözəl sevinclərdən birini yaşadım. Şükranlıqla Biləsuvara sarı baxdım, xəyalən mənim hərbçi olmağımı məsləhət görən atamı bağrıma basdım. Yanlarında olsaydım, Bobini işğaldan azad edənləri belə əzizləyərdim...", - Elvin Bayramov belə dedi.
Polkovnik-leytenant Elvin Bayramov da, hərbi hissənin şəxsi heyəti də noyabrın 2-də "Ohanyan səddi" yaxınlığında qələbə ərəfəsində olduqlarını duyublar. Artilleriyaçılar məsafədən döyüşsə də, ruhən döyüşçülərin içində olur. Onlar da döyüş-döyüş qələbəyə yaxınlaşırdılar. Sığnaq kəndindən atdıqları mərmiləri qələbə mərmiləri biliblər...
Şuşa işğaldan azad olundu...
Vətən müharibəsi başa çatdı. Azərbaycan Üçtərəfli Bəyanatı qalib dövlət kimi, Ermənistan məğlub  dövlət kimi imzaladı...
Polkovnik-leytenant Elvin Bayramov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib...
"Azərbaycanımızın ərazi bütövlüyü tam bərpa olundu. Hamımızın niyyəti bu idi, niyyətimizə çatdıq, xalqı niyyətinə ordumuz çatdırdı..." - polkovnik-leytenant Elvin Bayramovun qüruru azərbaycançılıq qürurudu...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"