Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2024 16:51

“Biz Vətənin övladlarıyıq”

Heyətlər dərs keçirdilər. Təkərli ağır toplar qoşqulardan ayrılaraq ərazidə düzülmüşdü. Heyət komandirləri dərs cədvəlinə uyğun tabeliyində olan heyət üzvlərinə vəzifələri izah edir, öyrətdiklərini əsgərlərdən soruşurdular. Baş leytenant Süleyman Ağayev dərsin gedişini nəzarətdə saxlayırdı. Ərazidə canlanma müşahidə olunurdu.
Zabitin yanında dayanan, sinəsində səyyar rabitə qurğusu olan əsgər aparatın dəstəyini qulağına tutub əvvəl dinləyir, sonra isə dəstəyin üstündəki düyməni sıxıb rəqəmlər söyləyirdi. Danışanda dəstəyin qulaqcığından gələn səs, uğultu ətrafdakı sükutu pozurdu. Əsgər dərs yerində heyət üzvləri, həmçinin hissə növbətçisi ilə müntəzəm əlaqə saxlayırdı. Növbətçidən aldığı komandaları dərs rəhbərinə çatdırırdı.
Baş leytenant Süleyman Ağayev rabitəçi əsgəri təqdim etdi. Sanki bayaqdan əsgərə yönəlmiş sual dolu baxışlarımı oxumuşdu.
- Əsgər rabitəçi olaraq üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. İstər səyyar, istərsə də xətli rabitəni mükəmməl bilməklə yanaşı, verilən bütün komandaları vaxtında səlist qəbul edir, ötürür. Əsgər Raqif Həsənov həm də ötən il sentyabrın 19-da keçirilən antiterror əməliyyatının iştirakçısıdır. O zaman biz də əməliyyat tədbirlərinə cəlb olunmuşduq. Heyətlərimiz qarşıya qoyulan döyüş tapşırığını uğurla yerinə yetirdilər. Döyüşü idarə etmək deyəndə ilk olaraq rabitə yadımıza düşür. Həmin vaxt Raqif rabitəçi kursunu keçib yeni gəlmişdi. Onun son dərəcə bacarıqlı və çevik davranışları məndə əsgərə olan rəğbətimi oyatdı.
Həmsöhbətim əsgər Raqif Həsənovun həm də nümunəvi, intizamlı bir hərbçi olduğunu dedi. Əlavə etdi ki, bir ildən artıq xidmət etməsinə baxmayaraq, digər əsgər yoldaşlarına həmişə örnək olub.
Əsgər Raqif Nicat oğlu Həsənov Daşkəsən rayonunun Yuxarı Daşkəsən kəndindəndir. Orta təhsillidir. Hərbi xidmətə gələndə valideynlərinə söz verib ki, nümunəvi əsgər olacaq. Vətən qarşısındakı xidməti borcunu şərəflə, ləyaqətlə başa vuracaq.
Bəstəboy, qaraşın əsgər silahdaşlarından fərqlənmək istəmədiyini, onlarla həmişə bir sırada olmaqdan qürur duyduğunu dedi. İstər çöl təlimləri olsun, istərsə də kazarma daxilində həmişə silahdaşları ilə səmimi olub. Hərbi xidmətə yeni gələn əsgər yoldaşlarına da kömək əlini uzadıb.
- Biz Vətənin övladlarıyıq. Məqsədimiz, amalımız da birdir, - deyən Raqifin üzündən bir təbəssüm sezilirdi. Sinəsində tutduğu səyyar rabitə qurğusundan çağırış eşidildi. Əsgər üzürxahlıq edib kənara çəkildi və xəttin o başına çağırış edən silahdaşına ləngimədən cavab verdi...
Əsgər Raqif Həsənovun bir daha xidmətə necə məsuliyyətli olduğunu və əsgəri intizamını saxlamaqla komandirlərinin və silahdaşlarının rəğbətini qazandığının şahidi olduq.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"