Bu qayıdış bir başqa olacaq. Silahla, topla, atəş səsləri ilə deyil, gül-çiçəklə, musiqi sədaları ilə olacaq. Təkəli, Əyriqar, Qonaqgörməz, Səbətkeçməz hələ belə büsat görməmişdi. Həmin gün Batabatı dövrələyən Dərələyəz və Zəngəzur sıra dağları yallının birlik çağırışında baş-başa verdi. Sanki dağlar, qayalar da öz əzəmətini nümayişə çıxmışdı, onlar da yurd sevgisini sərgiləmək üçün rəqabətə girmişdi. Atlılar əllərində məşəl uca dağın başına qalxdılar, 3 tonqal qaladılar, lap "Kitabi-Dədə Qorqud" dastanında olduğu kimi... Bu torpaqlara can vermiş, uğrunda qan tökmüş dədələrin miras buraxdığı ənənələri unutmadıq, unutmarıq.
Zəngəzur Milli Parkının ərazisinə məxsus Batabat yaylağında 11 çadır qurulmuşdu: İrəvan, Sərdərabad, Dərələyəz, Zəngəzur, Göyçə, Şörəyel, Dilican, Gərnibasar, Qırxbulaq, Kərbibasar, Vedibasar.
Hər çadır adını daşıdığı mahalın adət-ənənəsinə uyğun bəzədilmişdi. Milli koloritli çadırların iç dizaynı xalçaçılıq məmulatları, məişət əşyaları, bir sözlə, keçmişdən süzülüb gələn dəyərlərlə, necə deyərlər, boyanmışdı. Bu görünüş istər-istəməz insanı keçmişə səyahətə aparır, nənələrin şirin laylasını, babaların xeyrin şər üzərində mütləq qələbəsi ilə bitən nağıllarını, qəhrəmanlıq motivləri ilə dolu dastanları xatırladırdı. Burada hər şey fərqli idi deyə bilmərəm, çünki sərgilənən nə var idisə, milli dəyərlərimizə, soykökümüzə dayanırdı.
Məlumdur ki, Naxçıvan ta keçmiş zamanlardan üzü bəri (əsasən də 1905-ci ildən) Qərbi Azərbaycandan məcburi köç edənlərin, qaçqınların pənah, ümid yeri olub. Kompakt şəkildə daha çox Culfa, Ordubad, Şahbuz rayonlarında məskunlaşsalar da, muxtar respublikamızın demək olar ki, bütün bölgələrində Qərbi azərbaycanlılara rast gəlmək mümkündür. Onlar bu gün də sevə-sevə adət-ənənəni yaşatmaqdadırlar. Hansı ki, biz Şörəyel çadırı önündə, Şərur rayonunda məskunlaşmış Qərbi azərbaycanlıların yallısını izlədik. Zəngəzur çadırı önündə saz havasından feyziyab olduq, hələ də yaşadılmaqda olan Çövkən atüstü oyununu maraqla izlədik. Ordubadın Parağa kəndində kompakt şəkildə yaşayan Qərbi azərbaycanlılar meydanda cövlan etdilər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Şuşada döyüşmüş cəngavərləri Şuşaya sancılmış və Zəfər paradında nümayiş etdirilən Zəfər bayrağını səhnəyə gətirəndə qəlbimiz bir ayrı fərəh hissi ilə döyündü. Alqış sədaları, gözlərdəki işıq, çırpınan ürəklər qəhrəman Azərbaycan əsgəri üçün idi. Qəlbləri riqqətə gətirən vətənpərvərlik mahnıları oxundu.
Bu festival həm də sarsılmayan birliyimizin göstəricisi idi. Hamı bir oldu, birlik oldu. Qərbi azərbaycanlıların yurd sevgisinə, qayıdış inamına şərik olub qol qaldırıb oynadıq. Bu şənliyin, əzəli yurd yerlərimizə çağırışın sədaları, əlbəttə ki, dağların o biri üzündə də əks-səda verdi...
Hər çadırın önündə rayonların folklor kollektivləri xalq mahnıları, oyunları, aşıq havaları, rəqs nömrələri və mətbəx nümunələri ilə Qərbi Azərbaycan mahallarının ümumdəyərləri konteksindən çıxışları sadəcə təqdirəlayiq idi.
Oğuz elində əsl toy-bayram idi. Əslən Qərbi Azərbaycandan olan iki gəncin keçirilən toy mərasimi, icra olunan adətlər bütövlükdə ruhumuzu oxşadı. Bir anlıq keçmişə qayıtdıq. Kimisi Vedidə, Qaraqayada, Sallıda, Horbadıqda, Comərdlidə, Urudda, Ərəfsədə, Ağdüdə keçirdiyi uşaqlığını, gəncliyini xatırladı. Ruhən pərvazlandıq.
Vətən müharibəsinin bəxş etdiyi Zəfər xalqımızda nə qədər böyük ümidlər yaradıb, illərlə Qarabağ ağrısının arxasında qalmış tarixi gerçəkliklərə işıq salıb. Beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan Qərbi Azərbaycana qayıdış konsepsiyası qəbul olunub. İdeya müəllifi Prezident cənab İlham Əliyev olan bu konsepsiyanın işığında mühüm tədbirlər həyata keçirilir. Naxçıvanda ikincisi baş tutan "Qərbi Azərbaycana qayıdış" festival-konqresinin Batabatda keçirilməsi də təsadüfi deyildi. Bu yaylaq bir zamanlar Naxçıvana pənah gətirən Qərbi azərbaycanlılara körpü olub. Biçənək aşırımından üzü bəri gələnlər indi yaylaqda birlik nümayiş etdirirlər. Dağların o biri üzü də Vətəndir. Rəmzi mənası yurd yerlərini sevən Qərbi azərbaycanlıların sevgisi, həsrəti qədər dərin və ülvidir…
Bu festival həm də dünyaya bir mesaj idi: sülh mesajı. Biz müharibə istəmirik, əzəli torpaqlarımıza - Qərbi Azərbaycana, haqqımız olan torpaqlara dinc yolla qayıtmaqdır amalımız. Bərbad olanları abad etməkdir. Yurdu yaşatmaq, insanlığı yaşatmaqdır. Bu dünyada ədalətin, haqqın təntənəsinin var olduğunu sübut etməkdir! Sülhlə, qan tökmədən haqqa çağırışdır.
Ulu Dədə Qorqudun dili ilə desək, çağlayıb axan sularımız qurumasın, qanadlarımız qırılmasın. Uca dağın ocaqları həmişə yanar olsun, əbədiyyən sönməsin!
Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının baş redaktoru