Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin hücumlarına cavab olaraq başlanılan və böyük Zəfərlə yekunlaşan Vətən müharibəsi hamını bir amal ətrafında bir yumruq kimi birləşdirmişdi. Xalqımızın 30 ilə yaxın həsrətə cəmi 44 gün ərzində son qoyan Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirən qəhrəmanlar qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəldilər, şəhidlərin qisasını aldılar.
Vətən müharibəsi iştirakçısı kapitan Mehman Gülümcanlının rəhbərliyi ilə artilleriyaçıların praktiki dərs prosesində onların bilik və bacarıqlarının şahidi oldum. Əsgərlərin hərəkətləri və icra etdikləri fəaliyyət bir-birini tamamlayaraq, nəticədə bölmənin qarşısına qoyulan tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsinə gətirib çıxardı. Şübhəsizdir ki, dərs və təlimlər zamanı qazanılan bilik və təcrübə nümunəvi xidmətin ilk addımlarıdır. Kapitan Gülümcanlı da bu fikirlə razı olduğunu bildirdi:
- Hər il üçün hazırlıq planları təsdiq ediləndə müxtəlif miqyaslı təlimlər də planlaşdırılır ki, bunlardan beynəlxalq səviyyədə olanları da var. Bu təlimlərdə qazanılan hərbi biliklər, vərdişlər, təcrübə ordunun gücünü artırır. Keçirilən təlimlər hərbçilərimizin peşəkarlığını, döyüş ruhunu Vətən müharibəsində qüdrətə çevirdi. 44 günlük haqq savaşımızda bütün qoşun növləri öz gücünü göstərdi. Artilleriya bölmələri də istisna olmadı. Artilleriya "müharibənin Allahı" adlandırılır. Hərb tarixinin bütün dövrlərində bu adın yükünü daşıyan, müharibənin gedişatında əvəzsiz rol oynayan artilleriya mükəmməl bir elmdir, qüdrətli döyüşaparma vasitəsidir. Hərbi təhsil aldığım Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) savadlı müəllim və komandir heyətindən aldığım bilikləri, artilleriyanın sirlərini indi tabeçiliyimdə olan şəxsi heyətə aşılayıram. Onların bu sənətə marağını gücləndirmək, savadını artırmaq mənim də vəzifə borcumdur.
Leytenant Qədir Nəsirov da komandiri ilə razı olduğunu bildirərək qeyd etdi ki, həyatında etdiyi iki seçim ilə böyük fəxr hissi keçirir. "Hərbçi olmaq uşaqlıq arzum idi. Kiçik yaşlarımdan ailəmdən və müəllimlərimdən aşılanan Vətən sevgisi məndə gələcəyimlə bağlı qəti qərar verməyimə zəmin yaratdı. Orta məktəbi bitirdikdən sonra sənədlərimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) verdim. İxtisas seçimi başlandıqda "yerüstü artilleriya"nı seçdim. Məndə bu marağı baxdığım hərbi kinolar, oxuduğum kitablar və görkəmli hərbi xadim, tam artilleriya generalı Əlağa Şıxlinski haqqında eşitdiklərim yaratmışdı. Bu iki seçim həyat yolumun cığırını açdı, hər ikisi ilə qürur duyuram".
Şəxsi heyət ilə tanış olduq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Orxan İsmayılov bildirdi ki, dərsin mövzusu "Uzaqölçənin yoxlanılması və uzaqlığa görə sıfırlanması"dır. "Dərs prosesində uzaqölçən haqqında biliklərimizi artırırıq, bu cihazlarla işləmək bacarıqlarını təkmilləşdiririk. Şəxsi heyət oriyentir və hədəflərə görə uzaqlıqları və istiqamətləri təyin etməyi bacarmalıdır ki, real döyüş şəraitində buna sərf olunan zaman maksimum azalsın, düşmənə qədər olan məsafə ən qısa zamanda təyin olunaraq artilleriyaçılarımız tərəfindən dəqiq atəşlərlə məhv edilsin".
Hesablayıcı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təbriz Səmədov, rabitəçi əsgər Mətin Nuri və başqaları da artilleriya ixtisasına böyük maraqla yanaşdıqlarını bildirdilər. Dərs prosesində fəal iştirak edən, artilleriyanın sirlərini tam mənimsəmək istəyən şəxsi heyət qürurla "Amalımız Vətəni qorumaqdır" dedilər...
İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"