Mayor Məmmədov Qabil İsmixan oğlu 27 may 1989-cu ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda dünyaya göz açıb. 2007-ci ildə Bakı şəhəri Suraxanı rayonu Abil Səfərov adına 114 saylı tam orta məktəbi bitirib. Vətənini canından çox sevən Qabil onu qorumaq və işğalçılardan azad etmək üçün həyatını orduya bağlamaq qərarına gəlib. Məhz bu səbəbdən o, sənədlərini toplayaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. Tədris dövründə peşəkar müəllimlərinin biliklərindən faydalanaraq, hərbin sirlərinə dərindən yiyələnib. 2011-ci ildə isə həmin məktəbi müvəffəqiyyətlə başa vurub. Ardınca isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ixtisasartırma kursunu bitirib.
Ordu sıralarında xidmətə başlayan Q.Məmmədov ilk gündən etibarən özünü xidməti ilə doğrultdu. Bunun nəticəsidir ki, o, həm tabeliyində olan şəxsi heyətin, həm də komandirlərinin hörmət və rəğbətini qazandı. Müxtəlif yüksək vəzifələrdə xidmət edən zabit verilən bütün tapşırıqların öhdəsindən asanlıqla gəldi.
2016-cı ilin aprelində mənfur düşmənin həyata keçirdiyi təxribatların qarşısını almaq məqsədi ilə başlayan döyüşlərdə iştirak etdi. Tərtər rayonundan döyüşlərə qatılan batareya komandiri peşəkarlıq nümayiş etdirdi. Dəqiq hesablamalar apararaq, düşmənin cəmləşmə nöqtələrini, sığınacaqlarını, dayaq məntəqələrini və hərbi texnikalarını sərrast atəşlə məhv etdi. Qabil kimi məğrur döyüşçülərimizin sayəsində bir neçə gün davam edən döyüşlərdə düşmən məğlubiyyətə uğradı. 2020-ci il sentyabrın 27-də səhər saatlarında mülki yaşayış məntəqələrimizi, cəbhə boyu mövqelərimizi iriçaplı silah, pulemyot və artilleriya silahlarından atəşə tutan düşmənin qarşısını almaq məqsədilə Müzəffər Ali Baş Komandan döyüş əmri verdi. Haqq savaşımızda da mayor Q.Məmmədov iştirak etdi. Ağdam rayonu istiqamətində fəaliyyətə başlayan zabit burada da Azərbaycan hərbçisinə məxsus peşəkarlıq və şücaət nümayiş etdirdi. Düşmənin müşahidə məntəqələrini, atəş nöqtələrini, şəxsi heyətini sərrast atəşlə məhv etdi. Qabil Məmmədov rəşadətli Azərbaycan Ordusunun 2023-ci ildə həyata keçirdiyi antiterror tədbirlərinin də iştirakçısı oldu. Əlbəttə, iki döyüşdən alnıaçıq və qalib ordunun zabiti kimi çıxan Qabil burada da tabeliyində olan şəxsi heyətlə düşmənə göz açmağa imkan vermədi. Beləliklə, Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Ağdamın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
- Doğma Vətənimizi qorumaq və onun yolunda istənilən an canından keçmək hər birimizin övladlıq borcumuzdur. Çünki Vətən bizim anamız, səcdəgahımız və ən müqəddəs varlığımızdır. İllər öncə xain düşmən təpədən-dırnağadək silahlanaraq doğma torpaqlarımıza hücuma keçdi. Hücum nəticəsində minlərlə soydaşlarımız şəhidlik zirvəsinə yüksəldi, minlərlə həmyerlilərimiz itkin düşdü və əlbəttə, doğma el-obasından didərgin düşən soydaşlarımız oldu. İllərdir torpaqlarımızı işğalda saxlayan erməni əsgəri düşünürdü ki, bu hər zaman da belə olacaq. Lakin onların 2020-ci ildə həyata keçirdikləri təxribat hər şeyin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandanımızın döyüş əmri ilə əks-hücum əməliyyatına başladıq. Uzun zamandır bu günün həsrəti ilə yaşadığımız üçün döyüşlərə sevinərək qatıldıq. İlk gündən etibarən doğma torpaqlarımızı ard-arda azad etməyə başladıq. Çox vaxt keçmədən düşmən ordumuzun gücünü görərək, döyüş meydanında bizimlə bacara bilməyəcəyini anladı. Bu səbəbdən də onlar iri şəhər və rayonlarımızı raket hücumlarına məruz qoyaraq, xalqımız arasında təşviş yaratmağa başladılar. Cəmi 44 gün ərzində davam edən müharibədə şəhidlik zirvəsinə yüksələn həmvətənlilərimizin qisasını aldıq. Əminliklə deyə bilərəm ki, həyatımın son anınadək Vətənim üçün çalışacaq və istənilən an onun müdafiəsi uğrunda silaha sarılmağa və lazım gələrsə canımı verməyə hazıram.
Orxan HÜSEYNLİ,
foto Coşqun CƏFƏROVUNDUR
"Azərbaycan Ordusu"