Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyun 2024 12:18

Yaşa, var ol, Azərbaycan Ordusu!

Ölkənin qüdrətinin əsas göstəriciləri sırasında onun güclü ordusu xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ötən əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra Milli Ordunun yaradılması haqqında qərar qəbul olundu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı tarix - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu.
Təməli ötən əsrin əvvəllərində qoyulan şanlı ordumuzun qısa müddətdə keçdiyi keşməkeşli yollar onu daha da möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında prioritet olaraq seçilmiş ordu quruculuğu sahəsi ölkəmizin qüdrətinin artmasına səbəb oldu. Ulu Öndər hələ Sovet dönəmində hakimiyyətdə olarkən, daxili təzyiqlərə baxmayaraq, Azərbaycanın hərbi ənənələrinin qorunması, onun təkamülü üçün görülən təxirəsalınmaz işlər hər bir soydaşımızın gələcəyə olan ümidini artırırdı. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması gənc zabit kadrlarımızın yetişməsində əsas hərbi təhsil ocağı oldu. Gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi (indiki Heydər Əliyev adına Hərbi İnstitut), Bakı Ali Hərbi Dənizçilik Məktəbivə SSRİ-nin digər nüfuzlu ali hərbi təhsil müəssisələrinə qəbul olunmasında müstəsna rolu olan Əbədiyaşar Komandan Heydər Əliyev Silahlı Qüvvələrimizin formalaşmasında mühüm rola malik dahi şəxsiyyətdir.
Müstəqilliyimizi bərpa etdikdən sonra hakimiyyətdə olan hərc-mərclikdən istifadə edən mənfur qonşularımız tarixi torpaqlarımızı işğal etməklə bizi uzun illər bimar qoyan münaqişəyə sövq etdi. Öz tarixi torpaqlarından didərgin düşən soydaşlarımız, amansızcasına qətlə yetirilən qadınlarımız, körpələrimiz, yaşlılarımız ürəyi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlını kədərə boğurdu. Nizami ordumuzun olmaması, döyüşən bölmələrimizin pərakəndəliyi labüd məğlubiyyətimizi tezləşdirirdi. Məlumdur ki, cəbhədəki uğurumuzun əsası da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin komandanlığı ilə Füzulinin Horadiz istiqamətində Ermənistan silahlı qüvvələri üzərində mühüm qələbə qazanıldı. Bunun səbəbi də bəlli idi. Ölkənin imkanlarının mühüm hissəsi ordu quruculuğuna yönləndirilmişdi. Könüllü döyüşçülərdən nizami qüvvəyə malik orduya keçidin vacibliyini anlayan Dahi Rəhbər Heydər Əliyev ordu quruculuğu sahəsində vacib qərarlar vermişdi. Döyüşçünün, hərbçinin yanında olan, onların qarşısında Ali Baş Komandan olaraq çıxış edən, tapşırıq və tövsiyələrini verən Heydər Əliyevin etimadını Azərbaycan əsgəri doğrultmağa borclu idi ki, bu borcu ləyaqətlə, layiqincə ödəməyi bacardı. Məlumat üçün qeyd edək ki, Horadiz əməliyyatı 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirilmişdi. Silahlı Qüvvələrimiz tərəfindən uğurla yerinə yetirilən əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu qələbədən sonra xalqımızın qələbəyə olan inamı artdı. Bu qələbə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sarsılmaz qətiyyəti, böyük sərkərdəliyindən ilhamlanaraq qazandığı qələbə idi.
Atəşkəsdən sonra ordumuzun modernləşdirilməsi və müasir tələblər səviyyəsində qurulmasına yönəlik ciddi, təxirəsalınmaz fəaliyyətlər planı həyata keçirildi. Ordu quruculuğunun təşkili elmi prinsiplərə əsaslandı. Dünyanın aparıcı ordularının standartlarının bizim qüdrət sahibi ordumuzda tətbiqi məsələləri sürətləndirildi. Ordunun təkmilləşdirilməsi, təşkilatlanması, təchizatlarının tələblərə cavab verməsi, yüksək nəzəri praktiki bilik və bacarığa malik zabit kadrlarının hazırlanması məsələləri prioritet olaraq qarşıya qoyuldu. Dahi Rəhbərin başlatdığı uğurlu hərb sahəsinin modernləşdirilməsi işlərini bu gün uğurla davam etdirən məhz Ulu Öndər kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev oldu. Məhz onun atdığı addımların nəticəsi idi ki, 1994-cü ildə qazanılan qələbənin sevinci 22 il sonra 2016-cı il Aprel döyüşləri ilə bir daha yaşandı. Mühüm strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəkliklərinin düşmən qüvvələrdən təmizlənməsi, əslində, Ermənistan ordusu üçün bir mesaj idi ki, haqq bizim tərəfimizdədir. Xeyrin şər üzərində qalib gəlməsi an məsələsidir. Çünki xalqımızın heç bir zaman işğalla barışmayacağını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında tez-tez vurğulayırdı. 2018-ci ilin may ayında xalqımız üçün zəfər, ordumuz üçün rəşadət tarixi olaraq yaddaşlara həkk olundu. Belə ki, Naxçıvan Muxtar Respublikasının tarixi ərazi inzibati vahidi olan Günnüt kəndinin işğaldan azad olunması ilə əlverişli mövqelər yenidən nəzarətimizə keçdi. Qalib xalq olaraq növbəti qələbəmiz Tovuz döyüşlərində oldu.
Xalqımızın həmrəyliyinin, birliyinin əsas simvoluna çevrilən Tovuz döyüşlərindən sonra xalqımız küçələrə axışdı. Hər kəs döyüşmək, şəhidlərimizin qisasını almaq, tarixi torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın ətrafında sıx birləşdi.
2020-ci il sentyabrın 27-də düşmən təxribatına qarşılıq olaraq əks-hücum əməliyyatına başlayan ordumuz 44 günlük - hər günü bir ömrə bərabər mübarizəmiz başladı. 44 günlük Vətən müharibəsi adlanan haqq savaşımız Azərbaycanın hərbi qüdrətinin bir daha təsdiqi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı erməni ordusunu darmadağın etdi. Hər gün Prezidentimizin verdiyi qələbə müjdəli xəbərlər xalqımızın sevincinə səbəb olurdu. Hər bir soydaşımızın ürəyi cəbhədə öz əsgəri ilə birgə döyünürdü. Bütün dünya ordu-xalq-dövlət birliyinin necə olmasının şahidi idi. Düşmən haqqında uydurulan miflər alt-üst oldu. Ordumuz hər gün irəliləyirdi. İrəlilədikcə düşmən itki verərək geri çəkilirdi. Azad olunan ərazilərimizə bayraqlarımız sancıldıqca şəhidlərimizin ruhu ehtiramla yad olunurdu. Çünki döyüş meydanında qazanılan hər bir uğur şəhidlərimizin alınan qisası idi. Sentyabrın 27-dən başlayan haqq savaşımızda noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və yüzlərlə kəndimiz işğaldan azad edildi. Düşmən kapitulyasiya aktına imza atdı. Üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi.
Bəyanatın şərtlərinə görə üzərinə götürdüyü öhdəliklərə əməl etməyən, vaxt uzadaraq öz məkrli niyyətlərini həyata keçirməyə çalışan silahlı birləşmələrin qalıqları tarixi torpaqlarımızı tərk etməkdən boyun qaçırırdılar. Hətta təxribatlara əl atan düşmənin cavabını verərkən yenə şəhadətə yüksələn oğullarımız var idi. Bunun qarşılığında ordumuzun düşmənə cavabı daha sarsıdıcı olurdu, düşmən başına gətirilən rüsvayçı məğlubiyyətdən dərs çıxarmaq əvəzinə, təxribatçı, terrorist əməllərini davam etdirirdi. Bu gedişat Dəmir yumruğun yenidən işə düşəcəyini labüdləşdirirdi. Və nəhayət, 2023-cü ilin sentyabrında antiterror tədbirləri ilə  Ermənistan silahlı birləşmələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tamamilə məğlub edildi və bununla da separatizmə son qoyuldu. Bir gündən az zaman kəsiyində düşmən ağ bayraq qaldırdı. Bununla da haqq savaşımız Zəfərlə taclandı.
Ötən əsrin sonlarında öz yurdlarından məcburi didərgin düşmüş ailələrimiz bu gün alnıaçıq, üzüağ öz əzəli torpaqlarına yola düşürlər. Şəhid qanı ilə suvarılan torpaqlarımızın üzərində o yerlərin həqiqi sakinləri yaşayır, yaradır. Bu o deməkdir ki, qisas qiyamətə qalmayıb, düşməndən şəhidlərimizin qisası alınıb. Gənclərimiz bu torpaqların hər qarışını özünə əziz bilir. Və onu göz bəbəyi kimi qorumağın vacibliyini dərindən anlayır. Bir sözlə, tarixi ənənələrinə hər zaman sadiq qalmağı bacarmış atalarımızın açdığı yolda bugünkü sələfləri mətin addımlarla irəliləyirlər. Bu gün Azərbaycan Ordusunun gücü və qüdrəti dünya miqyasında məlum həqiqətdir. Bunun nəticəsidir ki, hər bir azərbaycanlı qürurla öz ordusuna arxalanır, ona yüksək etimad bəsləyir. Göstərilən etimadın nəticəsidir ki, Böyük Qələbəni bizə yaşadan ordumuzun müasir standartlar çərçivəsində qurulması günümüzdə də uğurla davam etdirilir. Belə ki, Dahi Rəhbər Heydər Əliyevin hərb siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu sahəyə olan diqqətini hər zaman çıxışlarında qeyd edir. Və bu fikirlərin təcəssümü və nəticəsi olaraq Azərbaycan əsgəri ona olan etimadı doğruldaraq qazandığı tarixi zəfərlə xalqımıza başucalığı gətirdi. Uzun illər həsrətində olduğumuz torpaqlarda bu gün əzəmətlə dalğalanan bayrağımız hər bir soydaşımıza könül xoşluğu bəxş edir.
Ərazi bütövlüyümüz, suverenliyimiz təmin olunduqdan sonra da dövlət başçımızın tapşırığına əsasən, ölkəmizin hərbi potensialının yüksəlməsi üçün kompleks tədbirlər görülür, zəruri islahatlar aparılır. Ölkəmiz dünyanın aparıcı ordularına malik dövlətləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində müasir silah-sursat, hərbi texnika, təchizat və təminat vasitələri ilə öz qüdrətini möhkəmləndirir. Qazanılan uğurlar Azərbaycanın təkcə regionda deyil, həmçinin dünyada hərbi-siyasi mövqeyini daha da gücləndirir və bu uğurun miqyası getdikcə daha da artır. Güclü lider, güclü xalq və güclü orduya malik odlar yurdumuz Azərbaycanın uğurları bundan sonra da davamlı olacaq. Çünki biz tarixdə misli görünməmiş Zəfəri qazanmışıq! Zəfərin davamlı olsun, Azərbaycan! Addımın mətin olsun, Azərbaycan əsgəri! Birliyin əbədi olsun, doğma xalqım!

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"