Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyun 2024 12:33

Vətən torpaqlarının layiqli müdafiəçiləriyik

Ordumuzun bütün bölmələrində şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş vərdişlərinin daha da təkmilləşdirilməsi həmişə diqqət mərkəzindədir. Bu səbəbdən Azərbaycan Ordusu illərdir ki, regionun ən güclüsü statusunu qoruyur, dünyanın ən qüdrətli orduları sırasında layiqli yerini tutmaqdadır.
Qazanılan nailiyyətlərin daha da artırılması məqsədilə tədris ili ərzində müxtəlif miqyaslı ölkədaxili və beynəlxalq təlimlər planlaşdırılır, bölmələrdə günün nizam qaydalarına uyğun olaraq atəş hazırlığı, taktiki hazırlıq və digər fəaliyyətlərlə əlaqəli dərslər keçirilir. Bu dərslərdə şəxsi heyət hərbi sirlərə yiyələnir, bilik və bacarıqlarını artırır, döyüş qabiliyyətini yüksəldir. Nəticədə hər bir əsgər bacarıqlı Vətən müdafiəçisi kimi formalaşır. Dərslərdə mənimsədikləri nəzəri bilikləri sonra atış çalışmaları və təlimlərdə təkmilləşdirərək, mühüm təcrübə qazanırlar. Bu onun göstəricisidir ki, ordumuzda döyüş hazırlığının artırılmasına yönəldilən bütün fəaliyyətlər yüksək peşəkarlıqla təşkil olunur, böyük həvəslə və məsuliyyətlə icra edilir.
"N" hərbi hissəsində günün nizam qaydalarına əsasən təşkil olunan dərsdə əsgərlər leytenant Ayxan Xalıqverdiyevin nəzarəti altında atəş hazırlığı dərsində fəal iştirak edirdilər. Belə məşğələlər də döyüş hazırlığının ayrılmaz hissəsi hesab edilir. Şəxsi heyətin hərbi intizamı da dərsin düzgün təşkilinin nəticəsi idi.
Əsgərlərə avtomatın natamam sökülüb-yığılması qaydasını, təyinatını danışan zabit silahın hissə və mexanizmlərinin iş prinsiplərini izah edir, verilən sualları ətraflı cavablandırırdı. Hiss olunurdu ki, silahların öyrənilməsinə yönəlmiş məşğələ yüksək səviyyədə təşkil olunub.
Öyrəndik ki, leytenant Ayxan Xalıqverdiyev Vətən müharibəsi iştirakçısıdır. Tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə kiçik çavuş rütbəsində iştirak edib, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Leytenant Ayxan Xalıqverdiyev keçirilən dərslə bağlı vurğuladı ki, əsgərlər atəş hazırlığı dərslərinə hər zaman böyük maraq və həvəslə yanaşır, fəallıq göstərirlər. Anlayırlar ki, döyüşdə silah onun ən yaxın dostuna çevrilir. "Bütün şəxsi heyət avtomatı sərbəst şəkildə normativə uyğun sökülüb-yığılmasını icra edir. Silahın təyinatını, hissələrini, zərbə-tətik mexanizmini əhatələyən bilikləri artıq tam şəkildə mənimsəyiblər. Onlar atəş hazırlığı dərslərində çalışqanlığı və təmkinliyi inkişaf etdirir, şəxsiyyət və döyüşçü kimi formalaşırlar", - zabit dedi.
Məşğələni təmkinlə dinləmələri təsdiqləyirdi ki, əsgərlər hərbin sirlərinə dərindən yiyələnməyə böyük maraq göstərirlər.
Hərbi xidmətə Ağdaş rayonundan çağırılan əsgər Azər Hüseynov hərbi xidmət haqqında söz açdı: "Hərbi xidmətdə yüksək intizama yiyələnərək, bir sıra müsbət keyfiyyətlər qazanırıq. Bizə hərbi intizam, dözümlülük, dəqiqlik, liderlik qabiliyyətləri aşılanır, yoldaşlıq, birlik hisslərimiz güclənir. Digər əsgər yoldaşlarım kimi, mən də yaradılan şəraitdən və qayğıdan çox razıyam. Keçirilən dərslərə böyük maraq göstərirəm, komandirlərimizin aşıladığı bilikləri həvəslə mənimsəyirəm. Qalib Azərbaycan Ordusunun əsgəri adına layiq olmaq üçün bütün gücümü səfərbər edirəm".
Əsgərlər Elsəvər Bağırov, Samir Çobanov, Mahir Balakişiyev, Saleh İsmayılov və başqaları dedilər ki, qürurluyuq və sevinirik ki, Azərbaycan Ordusunun əsgəriyik, Vətən torpaqlarının layiqli müdafiəçiləriyik".

 


İbrahim MƏMMƏDBƏYOV

"Azərbaycan Ordusu"