Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyun 2024 12:33

Qəhrəmanlara ehtiramımız tükənməzdir

Bütün tarixi dövrlərdə xalqını, Vətənini sevən, xidmətləri ilə seçilənlər həmişə əbədi yaşamaq haqqı qazanıblar. Bu tale, qismət hər kəsə nəsib olmur. Bu haqqı qazananlar həyatlarını, ömürlərini xalqına, Vətəninə həsr etməyi bacaran, seçdikləri yoldan dönməyənlərdir. İstər Birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Vətənin, xalqın, dövlətin gələcəyi naminə həyatlarını qurban verməyə hazır olan yüzlərlə qəhrəman oğul var. Belə vətənsevərlərdən biri də Rəşad Akif oğlu Mirabovdur.
Mingəçevir şəhərinin yetirməsi olan Rəşad Vətən qarşısında borcunu şərəflə, vicdanla, əsl vətənpərvərliklə yerinə yetirdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Bütün bunlar barədə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin və Mingəçevir şəhər Təhsil sektorunun birgə təşkilatçılığı ilə qəhrəmanın adını daşıyan məktəbdə keçirilən xatirə gecəsində ətraflı danışıldı. Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsi ikştirakçıları, müəllimlər, məktəblilər və şəhidin valideynləri iştirak etdilər.
Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət Himni səsləndirildi.
Milli Qəhrəmanın mənalı həyatı və keçdiyi döyüş yolundan, həmçinin müstəqilliyimizin, dövlətçiliyimizin müdafiəsində göstərdiyi şücaətlərdən danışıldı. Bildirildi ki, Rəşad Mirabov kimi mərd oğullar xalqımızın tarixində əbədi yaşayacaqlar. O, 3 may 1975-ci ildə Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhər 7 saylı orta məktəbdə təhsil alıb. 1993-cü ildə hərbi xidmətə göndərilib. Hərbi təlim mərkəzlərində hazırlıq keçdikdən sonra xüsusi təyinatlı hərbi hissədə xidmətə başlayıb. Həmin vaxtlar cəbhə bölgəsində gərgin döyüşlər davam edirdi. 1994-cü ilin yanvarında onları Tərtər bölgəsinə göndəriblər. Burada döyüşlərə qatılan Rəşad Mirabov və silahdaşları düşmənə qarşı fəal iştirak ediblər. Füzuli bölgəsində də döyüşlərdə düşmənə qarşı uğurlu əməliyyat keçiriblər. O, Vətən andına sadiq qalaraq əsgəri xidmətini şərəflə yerinə yetirib.
17 mart 1995-ci ildə müstəqilliyimizə, dövlətçiliyimizə qarşı dövlət çevrilişinə cəhd edən qüvvələrin qarşısının alınmasında onun da xidmət etdiyi hərbi hissənin şəxsi heyəti böyük fədakarlıqlar göstərib. Ölkəmizə qarşı çevrilən bədxah qüvvələrin niyyətləri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə puç edilir. Konstitusiya və dövlət quruluşunun müdafiəsində vətəndaşlıq borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 4 aprel 1995-ci ildə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib. Təhsil aldığı məktəb onun adını daşıyır, məktəbin həyətində isə xatirəsinə ehtiram olaraq büstü qoyulub. Məktəblilər hər gün onun xatirəsini yad edirlər.
Məktəbin direktoru Anar İsmayılov qədim və zəngin tarixə malik olan xalqımızın qəhrəmanlıq ənənələrinin davam etdirilməsindən danışaraq bildirdi ki, vətənpərvər oğullarımızın qəhrəmanlıq yolu hər kəsə örnəkdir. “Doğru deyiblər ki, tarix təkrar olunur. Əsrlər boyu torpaqlarımız Vətənin mərd, cəsur, qəhrəman oğulları tərəfindən qorunub. Yüz illər keçsə də, bu müqəddəs missiya heç zaman dəyərini itirməyib. Vətən müharibəsi, dövlətçiliyimizə qarşı çevriliş cəhdlərinin qarşısının alınması göstərdi ki, minlərlə oğul Vətənimizin, dövlətimizin yaşaması üçün canından keçməyə həmişə hazırdır. Belə də oldu, qəhrəman oğulların Vətən sevgisi qalib gəldi. Onlarla fəxr edirik, qürur hissi keçiririk. Biz qəhrəman oğulların həyatlarını özümüzə əsl vətənpərvərlik nümunəsi hesab edirik. Bu gün xatirəsini yad etdiyimiz məktəbimizin məzunu Rəşad Akif oğlu Mirabov da yurdunu, xalqını canından artıq sevən vətənpərvər qəhrəmanlardandır. Onların xidmətləri heç zaman unudulmayacaq. Çalışacağıq ki, şagirdlərimiz onlar kimi həyatda doğru yol seçsinlər, müstəqil dövlətimizin layiqli vətəndaşları olsunlar”.
Milli Qəhrəmanın valideynləri çıxış edərək dövlət rəhbərliyi tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Sonda "Əsgərə məktub" layihəsi çərçivəsində tədbir iştirakçıları əsgərlərə məktublar ünvanladılar. Şagirdlərə hərbi təhsil haqqında maarifləndirici bukletlər təqdim olundu.


Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"