Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının 2024-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak etdilər.
Tədbirdən əvvəl Milli Müdafiə Universitetinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi tərəfindən Hərbi liseydə ucaldılan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin büstləri ziyarət olundu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan və hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdən sonra tədbir açıq elan olundu. Liseyin Döyüş Bayrağı təntənəli surətdə meydana gətirildi.
Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov çıxış edərək əlamətdar gün münasibətilə məzunları Müdafiə Nazirliyinin rəhbərliyi və Milli Mudafiə Universitetinin kollektivi adından təbrik etdi, onlara gələcək xidmətlərində uğurlar arzuladı.
Polkovnik Gündüz Əbdülov qeyd etdi ki, bu buraxılış Azərbaycan dövlətçiliyi tarixində misilsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü ərəfəsində baş verir. Milli zabit kadrlarının hazırlanması məqsədilə Ulu Öndər Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bu gün də əbədiyaşar komandanın layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı.
"Ulu Öndərin təməlini qoyduğu bu sərkərdə ocağında təhsil almış bir şəxs kimi qarşınızda çıxış etmək mənim üçün qürurvericidir. Cəmşid Naxçıvanski adına Hərbi Lisey yarandığı gündən gənclərin milli hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların hərbçi peşəsinə yiyələnməsində və ən əsası ordumuzun peşəkar milli zabit kadrları ilə təmin edilməsində əvəzsiz rol oynayıb. Sizin hər birinizə yaxşı məlumdur ki, Ulu Öndər Heydər Əliyev bu təhsil ocağının yaradılması üçün böyük təzyiqlər və sınaqlarla qarşılaşıb. Çıxışlarında da dediyi kimi bu liseyi doğma övladı kimi sevib və hər zaman böyük qayğı göstərib.
Əziz məzunlar, bu gün siz dövlətimizin və xalqımızın müdafiəçiləri, milli və mənəvi dəyərlərimizin daşıyıcıları, parlaq gələcəyimizin təminatçıları kimi yeni bir mərhələyə yola çıxırsınız. Xüsusilə qeyd edim ki, siz ərazi bütövlüyü tam şəkildə bərpa olunan müstəqil Azərbaycanın ilk məzunlarısınız. Sizdən əvvəlki nəsil bu gün üçün mübarizə apardı və onların fədakarlıqlarının əbəs olmadığını sübuta yetirmək üzrə müqəddəs əmanəti təhvil aldınız. Məhz bu şüurla növbəti təhsil pilləsinə böyük məsuliyyətlə yanaşmalı, hərb sənətini dərindən öyrənməli və mənimsəməlisiniz. Bir daha sizi məzun olmağınız münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı və növbəti təhsil pilləsində uğurlar arzulayıram. Üzərinizdə əməyi keçən dəyərli valideynlərinizə, müəllimlərinizə və zabit heyətinə minnətdarlığımı bildirirəm", - deyə polkovnik G.Əbdülov qeyd etdi.
Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolat çıxış edərək iki ölkənin ordu quruculuğunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün rolunu, həmçinin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın son dövrdə daha da inkişaf etdiyini vurğuladı.
Sonra Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən XI siniflərin buraxılış imtahanında yüksək bal toplayan kursant Əlihəsən Musayev kursantlar adından çıxış edərək onlara göstərilən etimadı doğruldacaqlarını, növbəti ali hərbi təhsilləri dövründə daha da inamla çalışaraq gələcəkdə peşəkar zabit olacaqlarını, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərini, hərbçi şərəfini hər zaman uca tutacaqlarını bildirdi.
Çıxışlardan sonra kursu müvəffəqiyyətlə bitirən kursantlara liseyin döş nişanı təqdim olundu, təhsildə və intizamda fərqlənənlər fəxri fərmanlarla mükafatlandırıldılar. Kurs birincisi kursant Arif Əsgərov tərəfindən yaş kötüyünə 2024-cü ilin məzunlarının rəmzi simvolu vuruldu.
Daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş Bayrağı 2024-cü ilin məzunları tərəfindən növbəti buraxılışın kursantlarına təhvil verildi.
Hərbi orkestrin müşayiəti ilə kursantlar "Naxçıvanskilər marşı"nı ifa etdi, təntənəli marşla tribunanın önündən keçdilər.
Buraxılış mərasimi başa çatdıqdan sonra kursantlardan birinin zabitə yaxınlaşaraq "Cənab polkovnik-leytenant, oğlunuz kursant Məmmədli Cəmşid Naxçıvanski adına Hərbi Liseyi müvəffəqiyyətlə bitirdi", - deyə məruzə etməsinin şahidi oldum. Qürurla məzun oğlunu bağrına basıb təbrik edən ataya yaxınlaşdım. Öyrəndim ki, polkovnik-leytenant Rüfət Məmmədovun özü də 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olub. Zabit övladı Ceyhun Məmmədlinin onun kimi hərbi peşəni seçdiyinə görə qürurlu olduğunu qeyd etdi. "Bu gün mənim üçün sevincli bir gündür. Oğlum 26 il öncə bitirdiyim Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bu gün məzunu olur. Övladımın timsalında bütün məzunları təbrik edir, onlara hər zaman Vətənə sədaqətlə xidmət etmələrini, seçdikləri bu çətin və şərəfli yolda möhkəm olmalarını tövsiyə edirəm", - deyə zabit bildirdi.
Kursant Niyaz Sarıyev Sumqayıt şəhərində anadan olub, orada təhsil alıb. 9-cu sinfi bitirdikdən sonra hərbçi olmaq istəyi ilə sənədlərini toplayaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyə müraciət edib. İmtahanlarda müvəffəqiyyət qazanaraq liseyə qəbul olub. Hərbi vətənpərvərlik mövzusunda çəkilən filmlərdən təsirlənərək hərbçi olmaq istədiyini deyən Niyaz Sarıyev bu peşəni seçdiyi üçün çox sevindiyini bildirdi. Kursantın atası Vüsal Sarıyev də övladının hərbçi olmaq istəyini daim dəstəklədiyini qeyd etdi. "Oğlum Niyaz hələ uşaq yaşlarından hərbçi olmaq istədiyini deyirdi. Hərbi məzmunlu filmlərlə, kitablarla maraqlanırdı. Bunlarla yanaşı, idmana da böyük marağı var. Liseyə qəbul olmamışdan öncə idmanın cüdo və qaydasız döyüş növü ilə məşğul olub. Hətta qaydasız döyüş idman növündə bir dəfə Respublika, iki dəfə isə Bakı şəhəri üzrə birincilik qazanıb. İnanıram ki, oğlum bundan sonrakı təhsilində də uğurlar qazanıb, zabit adını qazanacaq və Azərbaycan Ordusunun şərəfli, savadlı zabitlərindən biri olacaq", - deyə valideyn V.Sarıyev bildirdi.
Kursant Tərxan Rzayev isə Gəncə şəhərində doğulub. 2022-ci ildə yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Niyə hərbi qulluqçu olmaq istədiyini soruşduqda "Hər bir azərbaycanlıda qəhrəman, cəsur, hərbçi olmaq qanı var", - dedi. Növbəti ali hərbi təhsilini qardaş Türkiyə Respublikasında "Kara Harp Okulu"nda davam etdirmək, oranı birinciliklə bitirib Azərbaycan Ordusunda xidmət edərək Vətənə, dövlətə faydalı zabit olmaq istədiyini deyən Tərxan Rzayev bunun üçün var gücü ilə çalışacağına söz verdi.
Kursant Tamerlan İsmayılov Xızı rayonunda anadan olub. Bakı şəhərində 274 saylı tam orta məktəbdə təhsil alıb. Yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Hərbçi pilot olmaq istədiyini deyən Tamerlan hədəfinə çatmaq üçün çox çalışacağını dedi. "Bu gün biz kursantlar üçün əlamətdar və qürurverici bir gündür. Hərbin ilkin sirlərinə yiyələndiyimiz bu hərbi təhsil ocağının məzunu olduq. Qarşıda daha da məsuliyyətlə çalışacağımız günlər var. Sevinirəm ki, əsl vətənpərvər, Vətən torpağına olan sevgisini əməlləri ilə sübut etmiş, döyüş meydanında qəhrəmanlıq nümunələri göstərmiş zabitlər tərəfindən bu şərəfli yolda lazımi biliklərə yiyələnmişik. Kursant yoldaşlarım adından söz verirəm ki, gələcəkdə harada olmağımızdan asılı olmayaraq, Vətən, dövlət, xalq qarşısında üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək, hərbçi şərəfini uca tutacağıq. Vətənimizin müdafiəsində məğrur dayanacaq, şəhid qardaşlarımızdan bizə əmanət olan torpaqlarımızı göz bəbəyimiz kimi qoruyacağıq", - kursant T.İsmayılov dedi.
Kursant Allahverdi Əliyev də məzun olmağın sevincini yaşayır. Vətən müharibəsindən sonra hərbçi olmağa qərar verdiyini deyir. "Mənə elə gəlir ki, bütün peşələr gərəklidir. Ancaq hərbçi olmaq daha məsuliyyətli, daha vacibdir. Çünki ölkəmizin ərazi bütövlüyünün qorunması məhz hərbi qulluqçuların üzərinə düşən vəzifədir. Bu şərəfli peşəyə sahib olmaq istədiyimi dedikdə valideynlərim mənim qərarımı dəstəklədilər. Onların mənəvi dəstəyi ilə imtahanlarda müvəffəqiyyət qazanaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu oldum. Söz verirəm ki, bundan sonra da ali hərbi təhsil zamanı dərslərimə məsuliyyətlə yanaşacaq, valideynlərimin mənə olan inamını doğruldaraq, Azərbaycan Ordusunun şərəfli zabiti olacağam", - deyə A.Əliyev bildirdi.
Kursantlarımıza mən də gələcək həyatlarında uğurlar arzulayıb, onlardan ayrıldım. Buradakı məzunları tək bir amal birləşdirir - Vətən torpaqlarını müdafiə etmək və Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazır olmaq.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"