Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyun 2024 12:33

Keşiyindəyik, Ana torpaq!

"N" hərbi hissəsinin artilleriya bölməsinin çöl dərsinin canlı şahidi oluruq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ariz Babayev şəxsi heyətə məşğələnin mövzusunu, məqsədini və yerinə yetiriləcək tapşırıqları izah edir. Heyət nəfərləri onun dediklərini diqqətlə dinləyir, tapşırıqların icra ardıcıllığını öyrənirlər.
Təlimat başa çatdıqdan sonra heyət üzvləri şərti atəş mövqeyində öz yerlərini tuturlar. Oriyentirin seçilməsi ilə top komandiri hesablayıcını məlumatlandırır. Məşğələ rəhbərinin "döyüşə" komandasından sonra top komandiri bayrağı ilə heyətə işarə verir. Heyət nəfərləri öz vəzifələri üzrə artilleriya qurğusunu döyüşə hazır vəziyyətə gətirirlər. Tuşlayıcı oriyentirə uyğun olaraq topu hədəfə tuşlayır. Məşğələ rəhbəri icra edilən tapşırığın normativə uyğun olaraq yerinə yetirildiyini batareya komandirinə məruzə edir. Növbəti tapşırıq heyət üzvlərinin artilleriya vasitəsini "səfər" vəziyyətinə gətirməsi olur. Bu tapşırıq da batareyanın şəxsi heyəti tərəfindən operativ və dəqiq yerinə yetirilir. Bir sözlə, hər bir heyət nəfəri öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir. Tapşırıqları icra edən şəxsi heyətin peşəkarlığı həm də bölmənin yüksək döyüş hazırlığının göstəricisidir.
Məşğələ başa çatdıqdan sonra top heyəti ilə tanış oluruq. Məşğələ rəhbəri görülən fəaliyyətlərin tədris planına uyğun olaraq keçirildiyini, dərslərin həm sinif, həm də çöl şəraitində təşkil olunduğunu qeyd edir. "Ordumuzda döyüş hazırlığının yüksəldilməsi, şəxsi heyətin təcrübəsinin artırılması yuxarı komandanlıq tərəfindən qarşımıza qoyulan başlıca vəzifələrdəndir. Rəşadətli ordumuzun döyüş potensialında artilleriya bölmələrinin özünəməxsus çəkisi olduğu məlum həqiqətdir. Bunun üçün də qarşıya qoyulan tapşırığa əsasən, artilleriya bölmələrinin peşəkarlığının artırılması məqsədilə təcrübəli komandirlərimizin iştirakı ilə təlim və çöl çıxışlarında öz bilik və bacarıqlarımızı artırır, mənimsənilən praktiki və nəzəri biliklərimizi gənc əsgərlərimizlə bölüşürük. Onların hər biri tariximizə silinməz izlər qoyan artilleriyaçılarımız Səməd bəy Mehmandarovu, Əlağa Şıxlinskini, İsgəndər Aznaurovu özünə örnək bilərək xidmət edirlər. Bunun üçün də dərslərdə həvəslə və yüksək əhval-ruhiyyə ilə iştirak edir, öz ixtisas biliklərini artırırlar. Ordumuzun modernləşmə mərhələsi bu gün uğurla davam etdirilir. Müasir döyüşaparma üsul və vasitələrinin öyrənilməsi prosesinə komandirlərimiz tərəfindən mütəmadi nəzarət olunur. Bölməmizin hərbi qulluqçuları da öz növbəsində tədris olunan yenilikləri dərindən mənimsəyir və təlimlərdə qarşıya qoyulan tapşırıqları yüksək dəqiqliklə icra edirlər".
Batareyanın digər heyət üzvləri ilə də həmsöhbət oluruq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseyn Mahmudov bizimlə söhbəti zamanı bildirir ki, hərbi qulluqçu ixtisasının praktiki və nəzəri bilikləri ilə yanaşı, ona təhkim olunmuş silah və texnikanın da hər bir detalına, hissəsinə bələd olmalıdır. Hazırda keçirilən məşğələ şəxsi heyətin döyüş bacarıqlarını yüksəltməklə bərabər, onların öz ixtisaslarına sevgisini və marağını da artırır. Artilleriyaçı olmaq hərbi qulluqçudan möhkəm iradə, dözümlülük və yüksək fiziki göstəricilərə sahib olmağı tələb edir. Bölməmizin şəxsi heyəti komandirlərimizin rəhbərliyi altında müxtəlif hava şəraitində, günün müxtəlif vaxtlarında öz döyüşaparma və özünümüdafiə qabiliyyətini artırmaq məqsədi ilə həm dərslərdə, həm də təlim-məşq toplanışlarında iştirak edir. Təcrübəli komandirlərimiz hər bir heyət üzvünün öz vəzifəsinə uyğun olaraq formalaşmasında və özünü təkmilləşdirməsində mühüm pay sahibidirlər. Bizim də üzərimizə düşən əsas vəzifə komandirlərimizə bu mühüm işdə yardımçı olmaqdır".
Növbəti müsahiblərim gənc artilleriyaçılarımızdır. Əsgər İsmayıl Şükürov söhbətə başlayır. "Azərbaycan Ordusunun əsgəri olmaq üçün cəsur, məğlubedilməz və qalib olmalısan. Bu gün şanlı ordumuzun sıralarında xidmət etmək mənim üçün qürurvericidir. Vətən müharibəsi bizim şanlı Zəfər tariximiz oldu. Bu tarixi zəfəri yazan oğullarımızın sırasında olmağımdan duyduğum fəxarət hissini ifadə etməyimdə kəlmələr aciz qalır. Həyatımın ən yaddaqalan günləri məhz hərbi xidmət illərimdir. Bu mundiri geyinmək, təcrübəli komandirlərimizlə bərabər xidmət etmək, yaxşı dostlar qazanmaq xidmətimin ən qiymətli məqamlarıdır.
Komandirlərimiz bizim təcrübəli döyüşçü kimi yetişməyimizdə mühüm pay sahibləridirlər. Bizim də üzərimizə düşən əsas vəzifə hərbi biliklərimizi artırmaq, hərbi intizamımızı qorumaq, qarşıya qoyulan tapşırıqları dəqiq vaxtında icra etməkdir. Bu gün gənc artilleriyaçı olaraq, Vətənin keşiyindəyik. Onu qorumaq həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur".
Əsgər Həsrət Orucov içdiyi anda hər zaman sadiq, Vətəninə və xalqına bağlı olacağını qeyd edir. "Üzərimə düşən vəzifəni dərindən anlayıb öz hərbi biliklərimi keçirilən dərslərdə, çöl məşğələlərində artırıram. Vətən hüdudlarını qorumağa tam qadir olmağı qarşıma ümdə vəzifə qoyaraq, xidmət edirəm. Bir zamanlar bizim üçün qorunan Vətənimizi bu gün biz qoruyuruq. Qoruyuruq ki, gələcək nəsil onu bütövlüklə bizdən təhvil alsın. Qoruyuruq ki, əhalimiz öz həyatını firavan yaşasın. Qoruyuruq ki, bayrağımız daim qürurla dalğalansın".
Sonuncu müsahibim Mərahim Hüseynov da praktiki məşğələdə təcrübəsini yaxşı mənada göstərmiş əsgərlərimizdəndir. "Komandirlərimiz hər zaman deyirlər ki, bizim ordumuz hərbçilərimizin sayəsində güclüdür. Döyüş bacarığımız və vətənpərvərlik hissimiz yüksəkdir deyə ordumuz məğlubedilməzdir. Mən də bu gün iftixar hissi keçirirəm ki, güclü və qalib ordunun əsgəriyəm. Ordumuza layiq əsgər, Vətənimə layiq övlad olmaq üçün səylə çalışıram. Vətəni qorumaq hər birimizin borcudur. Onun hər qarışını canımızdan əziz bilməliyik. Bu missiyanı uğurla yerinə yetirmək üçün özümü təkmilləşdirir, bacarıqlı döyüşçü kimi formalaşmaq üçün dərslərdə və məşğələlərdə aktiv iştirak edirəm. Peşəkar komandirlərimizin təcrübələrindən faydalanır, onların tövsiyələrini diqqətlə dinləyir, xidmətimizi layiqincə təşkil edirik".

 

Fuad CƏFƏROV,

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"