Hərbi hissələrdə günün nizam qaydalarına uyğun olaraq, əsgərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Asudə vaxt şəxsi heyətin hərtərəfli inkişafı, fiziki, mənəvi və estetik mədəniyyətini, dünyagörüşünü yüksəltmək üçün əsas vasitədir. Hərbi hissələrdə asudə vaxtın səmərəli təşkili üçün məqsədyönlü işlər görülür. İdeoloji otaqlar və istirahət guşələri yaradılır. Asudə vaxtlarında əsgərlər qəzet və jurnallardan hərbi biliklərini artırır, bədii kitablar oxuyur, televiziya verilişlərini, tariximizdən bəhs edən filmləri izləyir, dama, şahmat kimi stolüstü oyunlar oynayırlar. "N" hərbi hissəsində də asudə vaxtın səmərəli təşkil edilməsinin şahidi olduq. İdeoloji otaqda əsgərlər leytenant Xəyal Əhmədlinin rəhbərliyi altında asudə vaxtlarını keçirirdilər. Əsgərlər Əkbər Kərimli ilə Əbülfəz Kəlpalıyev dama oyununda qalib adı uğrunda mübarizə aparırdılar. Taqım komandiri leytenant Xəyal Əhmədli bildirdi ki, zabit və gizirlərimiz də asudə vaxtlarını burada keçirirlər. "Əsgərlərlə birgə televiziya proqramlarını izləyir, radio dinləyir, söhbət edirik. Bu gün isə əsgərlərimiz həm kitab, həm də "Azərbaycan Ordusu" qəzetini oxuyurlar. Həmçinin onların dama oyunundakı mübarizəsini də izləyirəm. İstəyirik ki, vaxtımız səmərəli keçsin, yaddaşımızda xoş xatirələr yaratsın".
- Asudə vaxtın düzgün təşkili gənclərin fiziki, psixoloji və şəxsi keyfiyyətlərinin formalaşmasına və inkişafına kömək edir, təhsilə və biliyə marağını artırır. Onların şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Şəxsi heyətin asudə vaxtının maraqlı təşkili həm də əsgərlərin dostluq münasibətlərini möhkəmləndirir. Onlara öz vaxtına düzgün və səmərəli nəzarətetmə duyğusu aşılanır ki, sabah həyatını, taleyini düzgün qurmaqda çətinlik çəkməsinlər.
Əsgər İlkin Qurbanov asudə vaxtlarının səmərəli keçdiyini bildirdi. "Komandirlərimiz bizə həm hərbi peşənin sirlərini öyrədir, həm də qayğı ilə yanaşırlar. Biz də xidmətimizi düzgün təşkil edir, verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetiririk".
Əsgər Məsim Mürşüdov hərbi xidmətin ona qazandırdığı müsbət keyfiyyətlərdən söz açdı: "Hərbi xidmət məni qorxmaz, mərd, cəsur döyüşçü kimi yetişdirib. Komandirlərimizin sayəsində döyüş, atəş, fiziki hazırlıqlarımızı, tarixi biliklərimizi artırırıq. Yuxarı komandanlığın göstərdiyi diqqət və qayğı nəticəsində sosial-məişət şəraitimiz yüksək səviyyədədir. Bizim borcumuz isə şərəflə xidmət etməkdir".
Əsgər Nihad Paşayev yaradılan şəraitdən razılığını bildirdi. "Yuxarı komandanlığa minnətdarıq ki, bizim üçün belə şərait yaradılıb. Asudə vaxtımız səmərəli keçir. Kitab və jurnallar oxuyur, oyunlar oynayır, eyni zamanda, xəbərləri, vətənpərvərlik mövzusunda filmləri izləmək imkanı qazanırıq. Televiziya və "Azərbaycan Ordusu" qəzetinin köməkliyi ilə istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrdən xəbər tuturuq. Hərbi verilişlərə maraqla baxırıq. Bunlar döyüş ruhumuzu, vətənpərvərlik hisslərimizi daha da artırır".
Əsgər Murad Sultanzadə əsgər yoldaşının sözlərinə qoşularaq əlavə etdi ki, asudə vaxtımızın müəyyən bir hissəsini şəxsi inkişafımıza, dünyagörüşümüzün artırılmasına, sağlamlığımıza, fiziki inkişafımıza sərf edirik. Bu inkişaf həm də mənəvi-psixoloji hazırlığımız üçündür.
Elvin VƏTƏNDUST
"Azərbaycan Ordusu"