Qədim tarixi, mədəniyyəti, poetik dünyası ilə seçilən Qazax rayonu qəhrəmanları, mərd igidləri ilə də tanınıb. Ermənistanın elan etmədən başladığı müharibədə qazaxlılar da torpaqlarımızın müdafiəsinə qalxıblar. Mərifət Əhməd oğlu Nəsibov da el-obaya arxa-dayaq olmağı bacaran igidlərdən olub.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi və Tovuz-Qazax Regional Təhsil İdarəsi Qazax sektorunun birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mərifət Nəsibov adına Qazax rayonu Aşağı Əskipara kənd orta məktəbində anım mərasimi keçirildi. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi böyük ehtiramla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mərkəzin əməkdaşı Şəhla Abduləliyeva Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Mərifət Nəsibov torpaqlarımızın qorunmasında şəxsi igidlik və vətənpərvərlik nümayiş etdirib. O, 1972-ci il mayın 5-də Məzəm kəndində anadan olub. 1989-cu ildə Aşağı Əskipara kənd orta məktəbini bitirib. Vətənsevər bir şagird kimi tanınıb. 1990-cı ildə sovet ordusu sıralarına çağırılıb. Həmin vaxtlar ölkəmizə qarşı düşmən qüvvələr tərəfindən təhdidlər başlamış, ermənilər Qarabağın Ermənistana birləşdirilməsi iddiasına düşmüşdülər. Sərhəd bölgələrində kənd və qəsəbələrimizə hücumlar təşkil edir, dinc əhalini qətlə yetirirdilər. Sovet ordusunda bir il xidmət edən Mərifət Nəsibov Azərbaycana qayıtdı və könüllülərə qoşuldu. O da döyüşlərdə yaxından iştirak etdi. Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm kəndlərinin müdafiəsində qətiyyət göstərənlərin sırasında oldu. Növbəti döyüşlərin birində düşmən gülləsinə tuş gəldi, şəhid oldu. Düşmənlərə qarşı mübarizədə göstərdiyi şəxsi igidlik və rəşadətə görə ölümündən sonra 7 iyul 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Xatirəsini yaşatmaq üçün Ulu Öndərin adını daşıyan parkda "Xatirə Bulağı" inşa olundu. Təhsil aldığı Aşağı Əskipara kənd məktəbinə onun adı verildi.
Məktəbin direktoru İslam Carçıyev bildirdi ki, Vətənimizin dövlətçilik tarixində görkəmli simalar, tarixi şəxsiyyətlər həmişə olub. XX əsr tariximizin böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. İstər sovet hakimiyyəti illərində, istərsə də ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin Vətən və xalq qarşısında tarixi xidmətləri ölkəmizi dünyada hüquqi, demokratik, bəşəri dəyərlərə söykənən ölkə kimi tanıtdı. Azərbaycan dövlətinin müstəqilliyini qorudu, onu dünya miqyaslı ölkəyə çevirdi. Ölkəmiz iqtisadi, siyasi, hərbi sahədə böyük uğurlara nail oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərkərdəliyi ilə xalqımızın və ordumuzun qüdrəti ilə torpaqlarımız işğaldan azad olundu. Yaxın keçmişdə dövlət başçımızın həyata keçirdiyi dönməz xarici siyasəti nəticəsində rayonumuzun işğal altında olan 4 kəndi də işğaldan azad edildi. İnanırıq ki, tezliklə qalan kəndlərimiz də azad olunacaq.
Tovuz-Qazax Regional Təhsil İdarəsinin əməkdaşı Orxan Əliyev ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında misilsiz xidməti olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasətin diplomatik fəaliyyətin əsaslarının yaradıcısının da Ulu Öndər olduğunu diqqətə çatdıraraq bildirdi ki, Vətənimizin tarixinə qızıl hərflərlə yazılan Zəfər günü kimi şanlı tariximiz var. Bu tarixi günə xalqımızı qovuşduran Müzəffər Ali Baş Komandana, hərbi qulluqçularımıza dərin hörmət və ehtiramımızı bildirməklə, şəhidlərimizin, Milli Qəhrəmanların xatirəsini həmişə uca tutacağıq. Belə qəhrəmanlardan biri də Mərifət Əhməd oğlu Nəsibovdur. O, Azərbaycan xalqının mərd, mübariz övladlarındandır. Biz onların xatirəsini yaşatmaqla vətəndaşlıq borcumuza həmişə sadiq qalacağıq.
Milli Qəhrəmanın ailə üzvləri adından çıxış edən qardaşı Hümbət Nəsibov Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi geniş miqyaslı quruculuq işlərindən, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan, şəhid ailələrinə göstərilən böyük diqqət və qayğıdan danışdı, dövlət rəhbərliyinə minnətdarlığını bildirdi.
Mərkəzin əməkdaşları "Əsgərə məktub" layihəsi haqqında da tədbir iştirakçılarına məlumat verdilər. İctimaiyyət nümayəndələri əsgərlərə qürur dolu məktublar ünvanladılar. Sonra ordu həyatından bəhs edən film nümayiş etdirildi.
Tədbir iştirakçıları Milli Qəhrəmanın Məzəm kəndindəki qəbrini ziyarət etdi, üstünə gül dəstələri düzərək hörmət və ehtiramlarını bildirdilər.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"