Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2024 17:48

“Xidmətimi məsuliyyətlə yerinə yetirirəm”

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rəşad Allahverdiyev təcrübəli sürücülərdəndir. Rəşad ilk dəfə hərbçi olmaq arzusuna düşəndə torpaqlarımızın 20 faizi erməni silahlı birləşmələrinin nəzarəti altında idi. Ölkəmizdə müharibə ab-havası vardı. Ordumuz Ermənistanla və işğal olunmuş ərazilərdə düşmənlə təmas xəttində dayanırdı. Onun doğma rayonu da düşmənin nəzarətində idi. Doğmalarından və yaxınlarından Ağdam haqqında çox eşitmişdi. Erməni işğalında qalmış torpaqlarımızı azad görmək Rəşadın ən böyük arzusu idi. Bir azərbaycanlı kimi, o da torpaqlarımızın azad edilməsinə öz töhfəsini vermək istəyirdi. Bunun üçün də hərbçi olmaq qərarına gəldi.
Kiçik çavuş Rəşad Sahil oğlu Allahverdiyev müddətli həqiqi hərbi xidmətini cəbhə bölgəsində keçirib. Düşmənlə üz-üzə xidmət etməyin nə qədər məsuliyyətli olduğunu görmüşdü. Buna görə də Vətənin müdafiəsində dayanmaq qərarını vermişdi. O, bu dəfə sürücü kimi xidmət etməklə ordumuza daha yaxşı xidmət göstərəcəyinə əmin idi. Çünki avtomobilə uşaq yaşlarından maraq göstərirdi. Avtomobili idarə etməkdən başqa, Rəşad onun təmiri ilə də məşğul olurdu. Belə olan halda xidmətini də sürücü kimi davam etdirmək istəmişdi.
Rəşadla qısa söhbətimizdən məlum oldu ki, o, Aprel döyüşlərində də iştirak edib. Sürücü kimi üzərinə düşən bütün tapşırıqları vaxtında yerinə yetirib. Hətta düşmənin nəzarətində olan yollarla ön mövqelərə sursat və digər ləvazimatları vaxtında çatdırıb. Bir neçə dəfə təhlükəli anlarla da üzləşib. Buna baxmayaraq, o, avtomobillə göstərilən ünvana vaxtında yetişib.
27 sentyabr 2020-ci ildə cəbhədə yenidən vəziyyət gərginləşdi. Düşmən hücumlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev cəbhə boyu hücum edən düşmənin qarşısını almaq və əks-hücuma keçmək barədə ordumuza əmr verdi. Döyüşlər başladığı ilk gündən Rəşad Allahverdiyev idarə etdiyi yanacaqdaşıyan maşını ilə cəbhədə olan döyüş texnikalarını yanacaqla təmin etdi.  
Rəşad bu gün də sürücü kimi xidmətini davam etdirir. Onunla avtomobil parkında görüşəndə çıxışa hazırlaşırdı. Park növbətçisi tərəfindən təlimat alıb avtomobilin sazlığını nəzərdən keçirirdi. Sonda “Mən xidmətimi məsuliyyətlə yerinə yetirirəm”, - deyərək yoluna davam etdi.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"