On bir aydır hərbi xidmətdəyəm. Şabranlıyam. Laçının Qartaloylaqlı yüksəkliklərində xidmət edirəm. Uca zirvələrdən Vətən torpağını qoruya-qoruya seyr etmək, seyr edə-edə qorumaq çox möhtəşəmdir. Hərbi xidmətin özünəməxsus çətinlikləri də var. Uşaqlıqdan qayğısız böyümüşəm. İndi relyefə görə çətinliklərlə də əhatələnmişəm: soyuq, qar, çovğun ilk günlər hövsələmi daraltsa da, getdikcə bunlara alışdım. Topçuyam, mən də döyüşə hər an hazıram. Vətənə sevgim mənə əlavə güc verir, dözüm verir. Anamın sözləri yadımdan çıxmır: "Ordu kişilik məktəbidir, get, mətinləş, oğlum. Bizi qoru". Məni bu sözlərlə yola salmışdı... Kövrəlsə də, qürurla...
...Düşmən səngərləri ilə üz-üzəyik, aramızda çox az məsafə var. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əsgərlərə xüsusi qayğısı, hərbçiləri ordunun qızıl fondu bilməsi bizi daha da ruhlandırır. Düşmən hər an iğtişaş törədə də bilər. Vətən torpağı bir də yaralanmasın deyə biz ayıq-sayıq dayanmışıq.
Laçın respublikamızın dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşən səfalı ərazisidir. Qışı sərt keçsə də, yayda buralar könül açır. Hərbi xidmətdə yaxın dostlar tapmışam. Burada əsgərin ən yaxın könül adamı onun komandiridir. Komandirimiz polkovnik-leytenant Firdovsi Bəyovu özümə ən yaxın dost bilirəm. Təbii ki, bütün qaydaları, komandir-əsgər münasibətlərini aşmamaq şərti ilə. Komandirim sadə insandır, əsgəri səbirlə dinləyir, qayğısına qalır. Hərbi hissədə kiçik komandirlər də onun kimi olmağı özünə mənəvi borc bilirlər. Ürəyimdən keçənləri yazmaq haqqında divizion komandirimiz - mayor Vüsal Səmədovla məsləhətləşdim. Etiraz etmədi.
Mayor Vüsal Səmədov 1988-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Biləsuvar rayonunun Səmədabad kəndində orta məktəbi bitirib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirib. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub.
Mən komandirimlə fəxr edirəm. Ordumuzda belə zabitlər yüzlərlədir - ordumuzla hamımız fəxr edirik.
Əsgər
Murad ƏFƏNDİYEV
"N" hərbi hissəsi