Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2024 19:13

Vətənpərvərlik tədbirləri davam etdirilir

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən vətənpərvərlik mövzusunda keçirilən rəngarəng tədbirləri hərbi qulluqçular rəğbətlə qarşılayırlar. Əsas məqsəd vətənpərvərlik ruhunun həmişə yüksək olmasına, müqəddəs borclarını şərəflə yerinə yetirən gənc əsgərlərin ölkəmizin layiqli, fəal qurucu vətəndaşları kimi formalaşmalarına kömək etməkdir.
Vətənpərvərlik tədbirlərindən biri Bakı şəhərindəki 216 saylı tam orta məktəbdə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və onların ailə üzvləri üçün təşkil olundu.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Sonra mərkəzin əməkdaşları müasir Azərbaycan dövlətinin qurucusu, böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Vətənimiz, xalqımız qarşısındakı əvəzsiz xidmətləri, dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat verdilər. Qeyd olundu ki, Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olması üçün Ulu Öndərin əvəzsiz xidmətlərini, yorulmaz fəaliyyətini xalqımız həmişə yüksək qiymətləndirir. Dahi şəxsiyyətin müdrikliyi sayəsində Azərbaycan dünya miqyasında tanındı, yeni inkişaf və tərəqqi yolunu seçdi. Dövlətimizin və müstəqiliyimizin dayağı olan güclü, qüdrətli ordunu yaratdı. Dünya miqyasında tanınan Ulu Öndər Heydər Əliyev böyük siyasətçi, görkəmli dövlət xadimi idi.
Azərbaycan dövlətinin əldə etdiyi tarixi uğurların, qələbələrin təməli də məhz Ulu Öndər tərəfindən qoyulmuşdu. Böyük siyasətin bəhrəsidir ki, ölkəmizin ərazi bütövlüyü, suverenliyi təmin olundu.
Tarixi Zəfərin qazanılmasında Hərbi Hava Qüvvələrinin şəxsi heyəti də yüksək döyüş qabiliyyəti, qələbə əzmi, böyük rəşadət nümayiş etdirdi, qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdi. Onların Vətən qarşısındakı xidmətləri dövlətimiz və xalqımız tərəfindən həmişə yüksək qiymətləndirilir. Vətən müharibəsində şəxsi igidlik, şücaət göstərənlər orden və medallara layiq görüldülər. Şəxsi heyət  xidmətlərini müharibədən sonra da fədakarlıqla davam etdirir.
Tədbirdə hərbi qulluqçuların övladları üçün bilik yarışları, müxtəlif oyunlar təşkil olundu. Şagirdlər tariximizə, mədəniyyətimizə aid sualları böyük həvəslə cavablandırdılar. Bilik yarışlarında fərqlənən şagirdlərə qiymətli hədiyyələr təqdim olundu. Hərbi Hava Qüvvələrinin Vətən müharibəsində göstərdikləri rəşadətləri əks etdirən sənədli film rəğbətlə qarşılandı. "Əsgərə məktub" layihəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verildi. Bildirildi ki, layihənin məqsədi cəmiyyətlə ordu arasında əlaqələri möhkəmləndirmək, şəxsi heyətin vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə nail olmaqdır. Tədbir iştirakçıları Vətənin keşiyində dayanan əsgərlərə qürur dolu məktublar ünvanladılar.
Mərkəzin "Vətən uğrunda" ansamblının vətənpərvərlik ruhunda hazırladığı konsert proqramı alqışlarla qarşılandı.

Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"