Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2024 19:13

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: 15 İyun müstəqillik tariximizin mühüm mərhələsi, Milli Qurtuluş Günüdür.

Suallar:

1. Müstəqillik tariximizin mühüm mərhələsi.

2. 15 İyun Milli Qurtuluş Günüdür.

Müstəqillik tariximizin mühüm mərhələsi
 
XX əsrin 90-cı illərinin əvvəllərində ən böyük arzusunu - dövlət müstəqilliyinin bərpasını reallaşdırmaq üçün Tanrı xalqımıza şans verdi. Yetmiş il dünyanı lərzəyə salan bir imperiyanın tərkibindən çıxaraq öz müstəqilliyinə nail olmaq isə elə də asan başa gəlmədi. Ölkəmizi müstəqilliyə aparan yol 20 Yanvar faciəsindən keçdi. SSRİ rəhbərliyi xalqın azadlıq arzusunu boğmaq üçün, hətta ordunun gücündən istifadə edərək qan tökməkdən belə çəkinməsə də, öz istəyinə çata bilmədi - Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi bərpa edilən Azərbaycan Respublikasına qarşı bir tərəfdən Ermənistanın əsassız ərazi iddiaları ilə bir neçə il əvvəl başladığı hərbi təcavüz davam edir, bu respublikada tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq qaçqına çevrilir, təcavüzün gedişində ərazilərimiz bir-birinin ardınca işğal edilir, tarixi mənsubiyyətini itirmək üçün yaşayış məntəqələri yandırılır, əhali məcburi köçkün edilir, digər tərəfdən isə hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında amansız mübarizə gedirdi.
1992-ci ilin mayında Azərbaycan Xalq Cəbhəsi silahlı yolla hakimiyyəti devirdi. Ölkədə AXC-Müsavat iqtidarı quruldu. Lakin yeni hakimiyyət Azərbaycan Respublikasının problemlərini nəinki həll edə bilmədi, əksinə, onları daha da dərinləşdirdi. İdarəçilikdə səriştəsizlik, problemləri yanlış qoyma və həllinə primitiv, məhdud yanaşma, idarəçilik bacarığının olmaması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə qanadları arasında qarşıdurma ölkəni böhrana gətirib çıxardı. Dövlət müstəqilliyinin bərpasından ötən müddət ərzində bir neçə dəfə hökumət dəyişmişdi. Yürütdüyü siyasətlə xalqdan ayrı düşmüş hakimiyyət ona bəslənən ümidləri doğrulda bilmirdi. Cəbhədəki uğursuzluqlar bir-birinin ardınca gəlirdi. Hakimiyyət mövcud problemləri həll etmək iqtidarında deyildi. Ölkənin şimalında və cənubunda xaricdən qızışdırılan separatçılıq hərəkətləri Azərbaycan Respublikasını didib-parçalayır, milləti və ölkəni dağıdan, dövlətin varlığını təhdid edən qondarma qurumlar yaradılırdı. Tarixən tək millət olmuş Azərbaycan dövləti məhvə doğru gedirdi. Bu azmış kimi, 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun rəhbərliyi altında hərbi qiyam baş verdi. Hərbçilər Bakıya doğru yürüş etdilər. Azərbaycan öz tarixində o zamanadək görünməmiş bir faciənin - vətəndaş müharibəsi ərəfəsində idi. Bəlkə də Azərbaycan tarixində millət və cəmiyyət heç bir zaman bu qədər qütbləşməmişdi.
Beynəlxalq aləmdə Azərbaycan dövlətinin səsi eşidilmirdi. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət beynəlxalq aləmdə ölkəni təcridçiliyə gətirmişdi. Diplomatiya dostlar əvəzinə daha çox düşmənlər qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin maraqları etibarlı qoruna bilmirdi.
Azərbaycan Respublikası dəhşətli bir vəziyyətə düşmüşdü. Bu, Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni, humanitar və psixoloji həyatını tamamilə bürümüş ağır ümumi böhran idi. Azərbaycan vətəndaşının yaranmış şəraitdən çıxmağa, sabaha ümidi yox idi. Müstəqil dövlət sanki kağız üzərində bəyanat xarakterli idi. Bərpa edilmiş dövləti təmsil edən hakimiyyət real olaraq hər hansı bir məsələni həll etmək gücündə deyildi. Xalq nicat yolu arayırdı. Belə şəraitdə vəzifədə olanlar bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini "dondurdular", bəziləri isə qaçıb gizləndilər. Xalq bir suala cavab axtarırdı: Nə etməli? Ölkəni ağır şəraitdən kim və necə çıxara bilər? Belə bir tarixi şəxsiyyət, lider varmı?
O zaman hakimiyyətdə olanların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində 1993-cü ilin iyunun əvvəllərində respublikada yaranmış gərgin ictimai-siyasi hadisələr kulminasiya nöqtəsinə çatdı, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni cənginə aldı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Çoxlu mürəkkəb suallar qarşısında qalan və xilaskar axtarışında olan Azərbaycan xalqı uzun illər boyu yaxşı tanıdığı, dövlət idarəçilik bacarığına və liderlik keyfiyyətinə inandığı, həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Dahi Lider Heydər Əliyevə üz tutdu. Xalqın inamına görə, yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni parçalanmaqdan, dağılmaqdan xilas edə, xalqı mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu. Ulu Öndərin hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində yeni bir dövr başladı. Bu, dövlətin və dövlətçiliyin xilası və möhkəm əsaslarda qurulması dövrü idi.

15 İyun Milli Qurtuluş Günüdür

Xalqın təkidi ilə Azərbaycan xalqının Ümummilli Liderinin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi inkişaf və siyasi sabitlik müstəqilliyimizin möhkəmləndirilməsində, sivil dünyaya qovuşmasında, beynəlxalq aləmə inteqrasiyasında və müasir cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bakıda hələ heç bir vəzifə tutmayan, millətin inam yeri olaraq milli liderlik missiyası daşıyan Ulu Öndər Heydər Əliyev şəraitlə yerində tanış olmaq məqsədilə təcili olaraq qiyamın baş verdiyi Gəncə şəhərinə getdi. Ağır bir şəraitdə iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi. Bu qayıdış sadəcə parlament sədri vəzifəsini tutmaq demək deyildi. Bu dönüş Azərbaycan xalqı və dövlətinin xilası, gələcək inkişafını müəyyənləşdirmək üçün olan əzablarla dolu ağır bir dönüş idi!
Hakimiyyətə yenidən qayıdan Ulu Öndər zəif və dağılmış ordu ilə müharibə aparan ermənilərlə yanaşı, silahlı qüvvələrin bir-birinə qarşı döyüşdüyü dağılmış Azərbaycan dövlətini yenidən ayağa qaldırmaq üçün hərəkətə keçdi. Dahi Lider bu ağır vəzifələri bir-bir yox, eyni vaxtda həyata keçirməklə, Azərbaycan dövlətini xilas edə bildi: dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş ölkədə kriminogen şərait yaradan ayrı-ayrı silahlı birləşmələri tərk-silah edilərək qanun qarşısına çıxartdı; xalqla hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırdı; insanların sakit və təhlükəsiz yaşayışını təmin etdi; ağır sosial-iqtisadi şəraitdə yaşayan xalqı inkişafa aparmaq və xalqın mənəvi-psixoloji ruhunu yüksəldərək dövlətin gücünü yaratmaq üçün addımlar atdı; köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar apardı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər gördü; neft müqavilələri imzalayaraq kiçik Azərbaycanı nəhəng ölkələrin hesablaşdığı ölkəyə çevirdi; ordunu nizama saldı; Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış bir çox kəndlərimizi düşməndən təmizlədi və dövlətin gələcəyini qurmaq üçün mövcud vəziyyəti nəzərə alaraq, Qarabağda atəşkəs sazişinə razılıq verərək, Ermənistanı dalan ölkəyə çevirəcək strategiyanı hazırladı.
Hakimiyyətə gəlməsi ilə Azərbaycan dövlətini dağılmaqdan, vətəndaş müharibəsindən xilas edən Ulu Öndər Heydər Əliyev indiki Azərbaycan dövlətinin qurucusu və memarı oldu. O, Azərbaycan Respublikasının eksperimentlər ölkəsinə çevrilməsi praktikasına son qoydu. Ulu Öndərin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi-demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması istiqamətlərində əsaslı addımlar atıldı. Azərbaycan dövləti 1994-cü ilin mayın əvvəlllərində NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qatıldı. Həmin ayda Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan edildi.
1994-cü il sentyabrın 20-də dünyanın bir sıra böyük ölkələrini təmsil edən transmilli şirkətlərlə "Əsrin müqaviləsi" imzalandı. Ulu Öndər Heydər Əliyevin qətiyyəti özünü "Əsrin müqaviləsi" imzalandıqdan sonra baş verən dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişi cəhdləri məhz Ulu Öndərin yenilməz qətiyyəti, siyasi bacarığı ilə iflasa uğradıldı. Bununla da silahlı yolla hakimiyyətə gəlmək kimi acı təcrübəyə son qoyuldu. Dövlət çevrilişlərinin qarşısı alındıqdan sonra Azərbaycan dövlətinə investisiya axını başladı. Müxtəlif neft boru kəmərləri işə salındı və ya təməli atıldı. Azərbaycanın xarici ölkələrdən enerji asılılığına son verildi. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin əsası qoyuldu. Bu boru kəmərləri layihələri təkcə iqtisadi deyil, eyni zamanda, Azərbaycan dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirən, müstəqilliyi gücləndirən, xalqın maddi rifah halının və mənəvi-psixoloji ruhunun yüksəldilməsinə kömək edən layihələr oldu.
Ulu Öndər Heydər Əliyevin səyləri ilə Böyük İpək yolunun bərpası həyata keçirildi. Şərqlə Qərbi birləşdirən, təkcə iqtisadi-ticarət deyil, eyni zamanda, böyük siyasi və strateji əhəmiyyət daşıyan TRASEKA proqramı reallaşdırıldı. Azərbaycan dövləti dünya ölkələrinin ticarətini əlaqələndirən qovşaq bir ölkə oldu. Azərbaycanı dünyanın mərkəzlərindən birinə çevirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsi ideyası və onun həyata keçirilməsi üçün hazırlıqlara başlanılması da müstəsna tarixi əhəmiyyət daşıyan hadisə idi. Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın əhəmiyyəti artdı, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı.
1995-ci il noyabrın 12-də ümumi seçkilər yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və müstəqil Azərbaycan Respublikası parlamentinə seçkilər keçirildi. Dünyanın ən demokratik konstitusiyalarından biri olan ana qanunumuzda insan hüquq və azadlıqları ilə bağlı müddəalarla yanaşı, Azərbaycan xalqı və dövlətinin gələcəyi ilə bağlı olan fundamental məsələlər təsbit edildi. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üstündə gedən mübahisələr dövründə ədalətə və artıq mövcud olan praktikaya dayanaraq Xəzərin Azərbaycan sektorunun ölkə ərazisi olmasının təsbit edilməsi və ölkə ərazisinin yalnız ümumxalq referendumu yolu ilə dəyişdirilməsinin mümkün olması Ermənistanın təcavüzünün davam etdiyi bir şəraitdə tarixi əhəmiyyət daşıyan bir addım idi. Bununla müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının memarı olan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikası dövlətinin gələcəyini müəyyənləşdirən bir dövlət xadimi oldu.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yürütdüyü siyasət nəticəsində Azərbaycanın müstəqillik tarixində ilk dəfə sabitsizlikdən, anarxiyadan sabitliyə, qarışıqlıqdan demokratiyaya, ağır həyat şəraitindən firavan bir yaşayışa keçid baş verdi. Azərbaycan xalqının sabaha və özünə inamı artdı. Ən başlıcası, Azərbaycanda təməlləri möhkəm olan, güclü dövlətçilik ənənəsinin, dərin dövlətin əsası qoyuldu. Ulu Öndər milli ideyaları milli ideologiya olaraq sistemləşdirdi və formalaşdırdı. Bütün ölkə vətəndaşlarını birləşdirən azərbaycançılıq ideologiyasının əsaslarını işləyib hazırlayaraq həyata keçirdi, etnik millətçiliyə dayanan yanaşmadan imtina edərək, bütün vətəndaşların şəxsiyyət vərəqəsində "Azərbaycan Respublikasının vətəndaşı" yazmağın təşəbbüskarı və onu reallaşdıran dövlət xadimi olaraq, siyasi milliyyətçiliyə, dövlət-millət anlayışına keçidin banisi oldu. Bu, Azərbaycan tarixində görünməmiş bir fəaliyyət və bir ilk idi.
Azərbaycan dövlətinin hərb sistemi quruldu. Ölkəni xarici təcavüzdən qorumağa qadir olan güclü ordu formalaşdırıldı. Atəşkəs dövründə Azərbaycan Ordusu döyüş hazırlığını artırmaqla yanaşı, müasir silah və sursatla da təchiz olunurdu. Şübhəsiz ki, Ulu Öndərin apardığı müdrik siiyasət nəticəsində müstəqilliyimiz qorunub, dövlətlə xalqın birliyi təmin edilib. Bu gün Azərbaycan qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırıbsa, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın Ermənistanın işğalına məruz qalan torpaqlarını düşmən tapdağından azad edibsə, bu uğurların təməlində Ulu Öndər Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır. Bu əsaslar Azərbaycanın ötən onilliklərdə güclənməsinə, iqtisadi, diplomatik, hərbi sahədə irəliləməsinə şərait yaratdı və əlbəttə ki, Ulu Öndərin siyasət mücəssəməsi məhz Zəfər tariximizə hesablanmış uzun, çətin bir yolun keçidi idi.
"Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra əsas hədəfi torpaqlarımızı azad edə biləcək gücdə dövlətin yaradılması oldu. Şuşanın azad olunduğu xəbərini xalqa çatdıran Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bildirmişdir ki, "Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim".
Bu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məğlubiyyəti dəyişdirəcək strategiyası, bu strategiyanı uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Zəfərə aparan siyasətinin tarixi bəhrəsidir. Bu gün torpaqlarımız azad edildiyi üçün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır, çünki onun ən böyük amalı torpaqları işğaldan azad edilmiş güclü Azərbaycan dövləti idi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev buna nail oldu.  Ulu Öndər Heydər Əliyev siyasəti, strategiyası, dövlətçilik fəlsəfəsi dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qarşısında yeni üfüqlər, hədəflər açır. Biz azərbaycançılıq  məfkurəsini rəhbər tutaraq bu hədəflərə doğru inamla irəliləyirik.
Dünyada elə bir xalq tapmaq olmaz ki, milli tarixinin ən mürəkkəb mərhələsində müstəsna rol oynamış, dövlətçilik ənənələrini formalaşdırmış milli lideri olmasın. Çünki liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, addımlarının təhlilini apararkən, onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. Bu mənada xoşbəxt xalqıq ki, bizim də əbədiyyət abidəmiz var - Ulu Öndər Heydər Əliyev!

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi