Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2024 19:13

“Heydər Əliyev - 101: Liderin Tarixi, Tarixin Lideri”

Hər bir xalqın görkəmli şəxsiyyətləri xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir, xalqı tanıdır, özü də tanınır. Azərbaycan tarixinin ən çətin və keşməkeşli dönəmində Vətənimizin və xalqımızın nicatı, qurtuluşu, xoşbəxt gələcəyi və dövlətimizin qurtuluşu naminə xalqın dəvəti ilə yenidən hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyev məhz belə dahi tarixi şəxsiyyətlərdəndir.
10 may 1923-cü il. Təqvimdə adi günlərdən biri olsa da, övladı dünyaya gəlmiş Əliyevlər ailəsi üçün əsl bayram idi. Adını Heydər qoydular. İllər ötdü, balaca Heydər böyüdü, fərqlənmə diplomu ilə ali təhsil aldı, Milli Təhlükəsizlik xidmətinin zabiti oldu, Azərbaycan Respublikası Kommunist Partiyasının birinci katibi olaraq ölkəmizə rəhbərlik etdi. Daha sonra SSRİ baş nazirinin müavini olaraq, yenə də Azərbaycanın çiçəklənməsi naminə çalışdı. Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra yenidən Vətənə döndü və xalqımızın ən taleyüklü məqamlarında onun yanında oldu. Ulu Öndər əzmlə, qətiyyətlə və müsbət şəxsi keyfiyyətləri sayəsində daima uğur qazandı, irəli getdi, yüksəldi. O, dahi şəxsiyyət oldu, qurtuluş gününün banisi oldu, respublikamızda dayanıqlı inkişafın, müasir Azərbaycan dövlətinin və qüdrətli ordusunun təməlini qoydu, müstəqilliyimizi qorudu, daimi, dönməz, əbədi etdi və nəhayət, xalqın qəlbində əbədiyaşar komandan, Ümummilli Lider Heydər Əliyev oldu. Artıq onun anadan olduğu gündən 101 il ötür. Bu gün artıq 10 may təkcə Əliyevlər  ailəsinin deyil, vətənsevər, qədirbilən bütün Azərbaycan xalqının bayramıdır.
Dahi şəxsiyyət, böyük dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əlirza oğlu Əliyevlə şəxsən görüşmək xoşbəxtliyi mənə bir neçə dəfə nəsib olub. Onun barəsində xoş sözlər yazmaq, haqqında fikirlərimi, təəssüratlarımı bölüşmək mənim üçün bir vətəndaşlıq borcu, həm də böyük insan, dünya miqyaslı dövlət xadiminə, onun həyat və yaradıcılığına hörmət və ehtiramımın göstəricisidir.
İlk olaraq onu demək istərdim ki, Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, oradan hər kəs özü üçün faydalana bilər. Onun dövlət idarəçilik bacarığı, diplomatik gedişləri, çətin anlarda vəziyyəti düzgün qiymətləndirərək çıxış yolları tapmaq məharəti, insanlarla ünsiyyət qurmaq bacarığı, yüksək biliyi, savadı və sadalamadığım digər müsbət keyfiyyətləri bir məktəbdir və illər, əsrlər ötsə də, onun təcrübəsindən bəhrələnmək mümkündür. Onun həyat yolu, mübarizliyi, xalqına bağlılığı, daima ölkəsini düşünməsi, bütün həyatı boyu insanların firavan və sülh şəraitində yaşaması üçün çalışması, sözün əsl mənasında, Heydər Əliyevin vətənpərvərliyinin ən sabit sübutudur.
Bu gün onu anarkən, fərəh hissi ilə deyirik ki, Ulu Öndərin ictimai-siyasi fəaliyyəti Azərbaycanın xalq və dövlətçilik ənənələrinin təcəssümüdür. Tarixdən hər kəsə məlumdur ki, hətta keçmiş sovetlər birliyi zamanı respublikamıza rəhbərlik edən Heydər Əliyev, sovet rəhbərliyinin qısqanclıqla yanaşaraq süni maneələr  yaratmasına baxmayaraq, respublikamızın inkişaf etməsi üçün əlindən gələni edirdi, əzmkarlığı sayəsində bütün istiqamətlərdə mühüm yeniliklərə, uğurlara nail ola bilmişdi. Azərbaycanda 60-cı illərdən başlayaraq hər sahədə baş verən müsbət dəyişikliklər, geniş vüsət alan quruculuq işləri və Heydər Əliyevin uzaqgörənliyi sayəsində xalqımızın qazandığı uğurlar təkcə ölkəmizdə deyil, ittifaq miqyasında da daim təqdir edilmiş, nümunə olaraq göstərilmişdir. İllər ötməsinə baxmayaraq, Vətənini sevən hər kəs fəxrlə qeyd edir ki, o vaxt Azərbaycan təkamül dövrünə qədəm qoydu.
Respublikamıza rəhbərlik etməyə başladığı ilk günlərdən qəbul etdiyi qərarlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən, gələcəyə nikbin baxan rəhbər, müdrik dövlət xadimi olduğunun göstəricisidir. Rəhbər vəzifədə çalışdığı bütün zamanlarda çalışırdı ki, azərbaycanlı gənclər bütün sahələrdə, xüsusi ilə də hərbi sahədə uğur qazansınlar. Heydər Əliyev bunun üçün gənclərə lazımi imkanların yaradılması naminə daima çalışmış və tabeçiliyində olanlardan da bu işə ciddi yanaşmağı həmişə tələb etmişdir.
Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə müstəqil respublikamızda milli zabit kadrlarının hazırlanmasına da böyük diqqət ayırmışdır. Azərbaycan övladlarının hərbi xidmət keçməsi, ali hərbi təhsil alaraq hərbi karyerada yüksəlməsinə müxtəlif yollarla əngəllər törədilir, azərbaycanlı gənclər hərbi sahədə ögey münasibətə məruz qalırdılar. Düzdür, az sayda Sovet ordusunda xidmətə qəbul olunsalar da, azərbaycanlılar yüksək vəzifələrə təyin edilmir, məhz milli mənsubiyyətinə görə baş zabit və ali hərbi rütbələrə çox nadir hallarda layiq görülür, ali dövlət mükafatları ilə təsadüf hallarda təltif olunurdular. Yaradılan bu süni əngəllər və ədalətsiz yanaşma səbəbindən ittifaq miqyasında azərbaycanlı generalları, yüksək vəzifəyə təyin edilən, orden medallarla təltif olunan hərbçiləri barmaqla saymaq mümkün idi. Ali dövlət vəzifəsində çalışmağa başladığı ilk gündən Heydər Əliyev gördüyü işlərlə sübut etdi ki, bu hal onun üçün qəbulolunmazdır. Sovetlər dönəmində bu stereotipi sındırmaq üçün var gücü ilə çalışdı və bütün maneələrə baxmayaraq, Ulu Öndər buna nail oldu. Bu istiqamətdə atdığı ən böyük və qətiyyətli addım isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasıdır.
Dahi şəxsiyyətin böyük çətinliklər hesabına yaratdığı hərbiləşdirilmiş ibtidai məktəbə ilk illərdən başlayaraq qəbul olunanların böyük əksəriyyətinin azərbaycanlı yeniyetmələr və yerli gənclər olmasına nəzarət edirdi.
Bu gün Hərbi liseyin keçdiyi inkişaf yoluna nəzər salarkən tam əminliklə deyə bilərik ki, həmin illərdən başlayaraq məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseydə hərbi təhsildə ilk addımlarını atan gələcəyin zabitləri, illər sonra müstəqillik qazanan Azərbaycanın Silahlı Qüvvələrində uğurla xidmət edərək onlara göstərilən etimadı doğruldurlar.
Hərbi liseydə bütün işləri və tətbiq edilən yenilikləri, təminat və təchizat məsələlərini, təhsil prosesini həmişə nəzarətdə saxlayan Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində liseydə yerli yeniyetmələrin təhsil almasına üstünlük verilirdi. Çıxışlarının birində Ulu Öndərin özünün də dediyi kimi, o bu təhsil ocağını doğma övladı qədər sevər, diqqət və qayğı göstərər, mütəmadi olaraq liseyə gələr, burada azərbaycanlı kursantlarla görüşər, onların qayğıları ilə maraqlanar, təhsildə qazandıqları uğurlara sevinərdi. Heydər Əliyevlə o illərdə görüşən, onun xeyir-duası ilə müxtəlif ali hərbi məktəbləri bitirən zabitlər bu gün də ordumuzda xidmət edir, Vətən qarşısında övladlıq borcunu ləyaqətlə yerinə yetirir, Azərbaycan zabiti adını şərəflə qoruyurlar.
Zaman keçdi, Heydər Əliyevin başladığı islahatlar, inkişaf, quruculuq prosesi Dahi Liderin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla, planlı şəkildə yüksələn templə davam etdirilir. Azərbaycan dövləti qüdrətləndi, ordumuz gücləndi, torpaqlarımız işğaldan azad edildi, suverenliyimiz tam bərpa edildi, separatizmin kökü kəsildi. Bu gün hamıya əyan oldu ki, Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş torpaqlarımızın tam azad edilməsi və ölkəmizin bütün ərazilərində üçrəngli bayrağımızın vüqarla dalğalanması dövlətimizin son illər yürütdüyü böyük bir strategiyanın nəticəsidir. Bu qətiyyətli strategiya çərçivəsində həyata keçirilən tədbirlərdə ordu quruculuğu prosesi daima ən əsas və prioritet məsələlərdən biri olmuşdur. Məhz bu səbəbdən Dahi Şəxsiyyət Heydər Əliyev yenidən hakimiyyətə gəldiyi ilk gündən ən çox diqqət yetirdiyi istiqamətlərdən biri də məhz vahid komandanlığa tabe olan ordunun yaradılması və iqtisadi gücümüzün yüksəlməsi nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması oldu.
Heydər Əliyev Azərbaycan Ordusunun yaradılmasına hələ Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdən başlamışdır. Və xoşbəxtəm ki, bu işlərin canlı şahidi olmaq mənə də nəsib olmuşdur.
Həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev, Naxçıvandan çıxarılan Sovet ordusu bölmələrinin bütün silah-sursatlarını, hərbi texnika və avadanlıqlarını, onun rəhbərliyi altında yaradılan Müdafiə Komitəsinə təhvil verərək çıxmalarına nail oldu. Məhz bu silah və texnikanın sayəsində Naxçıvanın müdafiəsi uğurla təmin olundu və erməni silahlı birləşmələrinin hücumlarının qarşısı qətiyyətlə alındı. Təbii ki, bütün bu proseslərə Ulu Öndər şəxsən rəhbərlik edirdi. Eyni zamanda, onun qətiyyəti sayəsində, Naxçıvanda fəaliyyət göstərən ayrı-ayrı özünümüdafiə taborlarının və müxtəlif şəxslərin nəzarətində olan silahlı dəstələrin vahid komandanlığa - Naxçıvan Milli Müdafiə Komitəsinə tabe edilməsinə nail olundu. Müdafiə Komitəsi nizami hərbi qurum kimi fəaliyyət göstərdi və sonradan yaradılan Azərbaycan Ordusunun tərkibində fəaliyyətini davam etdirdi. Hesab edirəm ki, dahi rəhbərin bu addımlarını Azərbaycanda vahid komandanlığa tabe olan nizami ordu quruculuğu prosesinin başlanğıcı adlandıra bilərik.
Dahi rəhbərin nəzarəti altında Naxçıvanda yaradılan nizami hərbi bölmələr Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə davam edən ordu quruculuğu prosesi sayəsində böyüdü, inkişaf etdi, gücləndi və bu gün Əlahiddə Ümumqoşun Ordu kimi Vətənimizin müdafiəsi naminə qarşıda duran vəzifələri uğurla yerinə yetirməkdə davam edir. Əlahiddə Ümumqoşun Ordu mənsubları Vətən müharibəsində də uğurla iştirak etdi və yüzlərlə hərbi qulluqçu nümayiş etdirdikləri fədakarlığa, şücaətə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən orden və medallarla, fəxri adlarla təltif edildilər.
Xalqın dəvəti ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev Naxçıvanda başladığı nizami ordu quruculuğu prosesini artıq bütün respublika səviyyəsində həyata keçirmək üçün daha qətiyyətli addımlar atdı. Azərbaycan Ordusunda həyata keçirilən köklü islahatlar nəticəsində vahid komandanlığa tabe olmayan, ordu rəhbərliyinin nəzarətindən kənarda qalan özünümüdafiə taborları, silahlı dəstələr ləğv edildi və bütün hərbi birliklər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin vahid komandanlığı altında birləşdirildi.
Müstəqil Azərbaycanın hərb tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolu hədsiz dərəcədə böyükdür. Ulu Öndərin  ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da xüsusi rolu olmuşdur. Bu üzdən də onu müasir Azərbaycan ordusunun banisi adlandırırıq.
Heydər Əliyev hərbçilərə və onların ailə üzvlərinə də xüsusi diqqət və qayğı göstərirdi. Dövlətimizin iqtisadi imkanları genişləndikcə hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılırdı. Hərbi qulluqçuların, müharibə veteranlarının sosial durumunun yaxşılaşdırılması məqsədilə aylıq məvaciblərinin müntəzəm olaraq artırılması bu qayğının təzahürü idi. Orduya və ordu mənsublarına, müharibə veteranlarına diqqət və qayğı göstərən  Ulu Öndər Heydər Əliyev həmişə belə insanlarla görüşür, onların qayğılarını dinləyir və qaldırılan məsələlərin həll edilməsi üçün lazımi tapşırıqlar verirdi.
Danılmaz bir həqiqətdir ki, son illərdə əldə etdiyimiz ən mühüm qələbə və uğurların ən əsas səbəbi Ümummilli Lider tərəfindən qoyulan proseslərin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla, planlı olaraq yüksələn templə davam etdirilməsidir. Bu gün yenə də ölkəmizdə ordu quruculuğu məsələsi prioritet istiqamət olaraq qalır. Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması, Şanlı Qələbəmizin təmin edilməsi uğurlu ordu quruculuğu prosesinin ən bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesinin ölkəmizin taleyində rolu və əhəmiyyətindən danışarkən iki məsələni xüsusi qeyd etmək istəyirəm. Birinci fakt - təcrübə nəticəsində artan peşəkarlıqdır. Məhz Dahi Liderin başladığı və Müzəffər Ali Baş Komandanımızın uğurla davam etdirdiyi islahatlar nəticəsində qüdrətlənən ordumuz Aprel döyüşlərində, Günnüt əməliyyatında, Tovuz döyüşlərində, Vətən müharibəsində düşməni məğlub edərək, ona  layiqli cavab verərək qələbələr qazanmaqla, Zəfərlər salnaməsi yazmaqla yanaşı, böyük döyüş təcrübəsi də qazandı. Qazanılan bu təcrübə və nail olunmuş peşəkarlıq Vətən müharibəsindən sonra həyata keçirilən "Fərrux", "Qisas", həmçinin 2023-cü ilin 19-20 sentyabrında baş tutan antiterror tədbirləri və digər uğurlu əməliyyatlarda özünü tam mənada büruzə verdi.
Diqqət yetirmək istədiyim ikinci məqam isə ordumuzun gücü-qüdrətidir. Bu gün Azərbaycan Ordusu Vətənimizə yönələn istənilən təxribatın qarşısını almağa, süverenliyimizə, ərazi bütövlüyümüzə göz dikən düşməni məğlub edən nəhəng bir qüvvəyə çevrilmişdir. Düzgün aparılan ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etməyə və qorumağa qadir ordudur.
Bu gün fəxrlə deyirik ki, Heydər Əliyev ideyalarına sadiqlik ölkəmizi regionda, eləcə də dünyada söz sahibi olan dövlətə çevirməklə yanaşı, ordumuzu regionun ən qüdrətli güc strukturunadək və dünyanın qabaqcıl orduları sırasında özünə layiqli yer tutmuş, Zəfər qazanan bir orduyadək yüksəltmişdir.   
Məhz bunun nəticəsidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən daima yenilənən, inkişaf etdirilən, qüdrətlənən müasir Azərbaycan Ordusu Hərbi Anda sadiq qalaraq, Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır.
Ulu Öndər Heydər Əliyev haqqında daima xoş sözlər deyilib, maraqlı  məqalələr yazılıb. Əminəm ki, həmişə də yazılacaqdır. Dahi Rəhbər xalqımızın həyatında və respublikamızın bütün guşələrində elə izlər  qoyub, elə bir ömür yaşayıb, elə bir mübarizə yolu keçib, Vətəni üçün elə böyük işlər görüb ki, ona daima hörmət və ehtiram ifadə ediləcəkdir. Sözün əsl mənasında, Heydər Əliyev  irsi tükənməz xəzinə, xidmətləri nəhəng, xatirəsi unudulmazdır.
Ulu Öndərin 101-ci ildönümündə onu dərin ehtiramla xatırlayan  cənab İlham Əliyevin fikirləri ilə əminliklə deyə bilərik ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı yaşayır, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi qəlbimizdə və tarixdə yaşayacaq, ideyaları ölməyəcəkdir.  
SÖZARDI: Heydər Əliyevin həyat yoluna, qurub-yaratdıqlarına, mübarizə yoluna, dövlət vəzifələrində və nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti olaraq çalışdığı, fədakarlıq göstərdiyi illərə, yəni, çağdaş Azərbaycanın son 101 illik dövrünə səyahət etdikdə səmimiyyətlə, qürur hissi ilə deyə bilərik ki, həmin dövr Dahi Liderin yaratdığı şanlı tarix, özü isə Tarixin Lideridir.

İsa İSMAYILOV

hərbi jurnalist, ehtiyatda olan zabit