Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında anım günü keçirildi. Məzarı ziyarət olundu, üzərinə əklillər, tər qərənfillər düzüldü, ruhuna dualar oxundu.
Anım tədbirində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Dağ Yəhudiləri Dini İcmasının nümayəndələri, Veteran Tankçılar İctimai Birliyinin üzvləri, Milli Qəhrəmanın doğmaları, döyüş yoldaşları, vaxtilə təhsil aldığı məktəbin bir qrup müəllim-şagird kollektivi, veteranlar və başqa qonaqlar iştirak etdilər.
Çıxış edənlər bildirdilər ki, Azərbaycanın Milli Qəhrəmanı əfsanəvi tankçı Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Xalqımız Vətən, torpaq uğrunda ölümün gözünə dik baxıb canından keçmiş qəhrəman oğullarını unutmur, xatirəsini əziz tutur, daim ehtiramla anır. Qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinin dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunması istiqamətində mühüm addımlar atılmış, bu gün də atılmaqdadır.
Sonra Milli Qəhrəmanın ruhuna ehsan süfrəsi təşkil olundu.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində davam edən mərasimdə Birinci Qarabağ müharibəsinin əfsanəvi tankçısı Albert Aqarunova həsr olunmuş "Tank 533 Albert Aqarunov" filminin təqdimat mərasimi keçirildi.
Mərasimdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Təqdimat mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov çıxış edərək, qəhrəman tankçının şərəfli həyat və döyüş yolundan, Azərbaycan torpağına, xalqına bağlılığından, vətənsevərliyindən danışdılar. Onlar çıxışlarında ölkəmizin dünyada tolerant dövlət kimi tanınmasından, əsrlər boyu Azərbaycan və yəhudi xalqları arasında yaşanan mehriban qonşuluq, dostluq əlaqələrindən, respublikamızda multikultural dəyərlərin daim qorunmasından bəhs etdilər. Albert Aqarunovun şərəfli ömür yolunun hər bir gənc üçün örnək olduğunu, onunla qürur duyduqlarını və eyni zamanda, istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı naminə gedən döyüşlərdə ölkəmizdə yaşayan bütün azsaylı xalqların nümayəndələrinin də fəal iştirak etdiyini dedilər.
Milli Qəhrəmanın ailə üzvü Rantik Aqarunov qardaşının xatirəsinin daim yad olunduğuna və adının uca tutulduğuna görə Azərbaycan xalqına və Azərbaycan dövlətinə minnətdarlığını ifadə etdi.
Sonra "Tank 533 Albert Aqarunov" filmi qonaqlara nümayiş olundu.
Filmdə Albert Aqarunovun həyatından və müharibə cəbhələrində keçdiyi canlı döyüş yolundan söhbət açılır. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Kanadada fəaliyyət göstərən "ELTV" Media Qrupu və "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanmış filmin təqdimat mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, ictimai-siyasi xadimlər, veteran tankçılar iştirak etdilər.
Təqdimat mərasimi Milli Qəhrəmana həsr olunmuş tanınmış müğənni Dua Muradın ifasında "Vətən övladı Albert" musiqili videoçarxın nümayişi ilə sona çatdı.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"