Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2024 18:33

Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir keçirildi

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hərbi hissələrdə silsilə tədbirlər keçirildi.
Tədbirlərdə Ulu Öndərin və respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi böyük ehtiramla yad olundu. Mərkəzin əməkdaşları böyük tarixi şəxsiyyət, həyatını xalqına, Vətəninə həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətindən ətraflı məlumat verdilər. Bildirdilər ki, Ulu Öndər Azərbaycan dövlətinin, müstəqilliyinin əbədi və dönməz olması üçün bütün çətinlikləri uğurla aradan qaldırdı, böyük xilaskarlıq missiyasını həyata keçirdi. Xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Ermənistan ordusunun hücumları qətiyyətlə dayandırıldı. Düşmən atəşkəs müqaviləsi imzalamağa məcbur oldu. Ölkəmizin həyatında yeni yüksəliş dövrü başlandı. İctimai-siyasi sabitlik bərpa olundu. Yeni inkişaf strategiyaları ilə iqtisadi, siyasi, hərbi, sosial, mədəni sahələrdə dönüş yaradıldı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə bütün dünya azərbaycanlılarının həmrəyliyinə, birliyinə nail olundu.
Bu gün qürur duyduğumuz müasir Azərbaycan Ordusunu da Ulu Öndər yaradıb. Apardığı məqsədyönlü, xarici siyasət nəticəsində Ermənistan bir çox dünya dövlətləri tərəfindən işğalçı dövlət kimi tanındı.
Bu böyük siyasi kursun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan  əsgəri torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz tamamilə təmin olundu. Tarixi ədalətsizliyə son qoyuldu.
Mərkəzin əməkdaşları tərəfindən Ulu Öndərə həsr olunmuş sənədli filmlər, videoçarxlar nümayiş etdirildi, viktorinalar, idman yarışları təşkil olundu. Ulu Öndərin rayon və şəhər mərkəzlərində abidələri ziyarət olundu. Unudulmaz xatirəsi böyük ehtiramla yad edildi.
Müasir Azərbaycan dövlətçiliyinin memarı olan Heydər Əliyevin xatirəsi heç zaman unudulmayacaq.

Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"