Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2024 18:33

“İdman sahəsi də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır”

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi plana əsasən, Müdafiə Nazirliyinin baş idarə və idarələri arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan minifutbol turniri keçirildi.
Yarışda hərbi qulluqçular 10 komanda üzrə "A" və "B" qruplarında mübarizə apardılar. Gərgin mübarizə və dostluq şəraitində keçən oyunları Azərbaycan Ordusunun hərbi qulluqçusu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) referisi Nail Nağıyev idarə edirdi. Reqlamentə uyğun olaraq, qrup oyunları başa çatdıqdan sonra hər qrupda 1-ci və 2-ci yerləri tutan komandalar yarımfinal mərhələsinə yüksəldilər. Keçirilən final oyununda qalib komanda müəyyən edildi. Qaliblərin mükafatlandırılması mərasimində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev çıxış edərək Ulu Öndərin həyatından, ordu quruculuğuna verdiyi töhfələrdən danışdı: "Bu gün bütün sahələrdə uğurla inkişaf edən qüdrətli və nüfuzlu Azərbaycanın, rəşadətli və qalib ordumuzun banisi,  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür. Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü, rəşadətli Azərbaycan Ordusu Əbədiyaşar Komandanın şah əsərlərindən biridir.  Ulu Öndər Heydər Əliyevin hələ 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına ibtidai hərbi məktəb yaradılmışdır. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı. Orduda xidmət edən gənclərə yüksək diqqət və qayğı göstərən, onların xidmətini hər zaman yüksək qiymətləndirən Əbədiyaşar Komandan çıxışlarının birində hərbçilərimizə olan rəğbətini belə ifadə etmişdi: "Bütün peşələr şərəflidir, lakin hərb peşəsi bütün peşələrdən şərəflidir. Hərbçi olmaq sizlərin də ən birinci seçiminiz olmalıdır. Çünki bu yol mərdlik, cəsurluq, vətənpərvərlik yoludur.  Bu yol qəhrəmanlıq yoludur".
Çıxışına davam edən general-polkovnik Kərim Vəliyev müstəqil Azərbaycanda ordu quruculuğu prosesinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoyduğunu vurğuladı. "Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Azərbaycan Ordusunun ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz öz gücünü və yenilməzliyini Aprel döyüşlərində və Günnüt zəfərində, şanlı qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsində sübut etdi.  Döyüş meydanında rəşadətlə vuruşan igidlərimizin qəhrəmanlığı, Ali Baş Komandanın siyasi iradəsi ilə bütünləşərək tarixi qələbələr qazandı. Bu günlərdə respublikamızın hər yerində olduğu kimi, ordumuzda da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir, elmi konfranslar, idman yarışları təşkil olunaraq, Ulu Öndər  şəxsiyyətinə dərin ehtiram və hörmət ifadə olunur. Dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunur, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir. Nə qədər ki, qədirbilən xalqımız var, nə qədər ki, müstəqil Azərbaycan var, Ulu Öndər daima qəlblərdə yaşayacaq, xatirəsi ehtiramla anılacaqdır".
Bağlanış mərasimində digər çıxış edənlər turnir iştirakçılarını təbrik etdilər. Belə tədbirlərin Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji və fiziki hazırlıqlarının yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar. Qeyd etdilər ki, Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi, idman sahəsi də Azərbaycan dövlətçiliyinin təşəkkülündə və inkişafında misilsiz rol oynamış, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın tarixinə, öz xalqının milli xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyev xalqımızın idmana marağını yüksək dəyərləndirirdi. "Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər, Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir" demişdir. Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan  idman ölkəmizdə geniş miqyasda yayılıb. Bu sahədə aparılan uğurlu siyasətin nəticəsində respublikamızın hər sahəsində olduğu kimi, ordu quruculuğunda da idmana yüksək diqqət göstərilir. Hərbi qulluqçuların idmanla məşğul olmaları üçün hərbi hissələrdə bütün idman avadanlıqları ilə təchiz olunan idman şəhərcikləri fəaliyyət göstərir. Onlar da idmana böyük həvəs və maraq göstərir, mütəmadi olaraq fiziki hazırlıqlarını artırırlar.
Sonra Baş Qərargah rəisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunan minifutbol turnirinin kubokunu qalib komandaya təqdim etdi. Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən konsert proqramı təqdim olundu.



Mahmud MÖHBALIYEV

fotolar Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"