"N" hərbi hissəsində günün nizam qaydalarına uyğun olaraq idman şəhərciyində keçirilən fiziki hazırlıq məşğələsinin gedişatı ilə tanış olduq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nicat Hacıyevin nəzarəti altında hərbi qulluqçularımız verilən bütün komandaları dəqiq və asanlıqla icra edirlər. Bu da onların fiziki cəhətdən yüksək səviyyədə olduqlarından xəbər verirdi.
Məşğələ başa çatdıqdan sonra hərbi qulluqçuların fikirlərini qələmə aldıq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nicat Hacıyev bildirdi ki, şəxsi heyətin fiziki cəhətdən güclü olması onların döyüş ruhunu və qələbəyə inamını daha da artırır. Məhz buna görə də Müdafiə Nazirliyinin rəhbərliyinin tapşırıqlarına əsasən, ordumuzda fiziki hazırlıq məşğələsi daim diqqət mərkəzində saxlanılır. Hərbi hissələrdə yeni idman şəhərcikləri salınır, müasir idman alətləri ilə təmin edilmiş trenajor zalları fəaliyyət göstərir. Fiziki hazırlıq şəxsi heyətin təlim və döyüş tapşırıqlarının yerinə yetirilməsi üzrə hərbi təlimin mühüm və ayrılmaz hissəsidir. Fiziki hazırlığın əsas məqsədi döyüşçünün sağlamlığını, iradəsini, dözümlüyünü yüksəltmək, ağır silah və döyüş texnikasından asanlıqla istifadə etmək, döyüş fəaliyyətinin fiziki güc tələb edən ağırlığına, əsəb və psixi gərginliyinə, əlverişsiz faktorlara mətanətlə sinə gərməkdir. Bu məşğələ döyüşçülərimizi dərə-təpəli ərazidə piyada hərəkəti zamanı və sıçrama yürüşlərində, təbii və süni məneələrin dəf olunmasında, düşmənlə üz-üzə gəldikdə əlbəyaxa döyüşdə məhv etməyə köməklik edir. Biz bu dediklərimizin hər birini Vətən müharibəsi zamanı gördük. Hərbçilərimiz fiziki cəhətdən güclü olduqları üçün uzaq məsafələri asanlıqla dəf edib, düşmənə göz dağı verdilər. Yorulmadan irəliləyən mətin oğullarımız cəmi 44 gün ərzində düşməni məhv etdilər. Onların gücü sayəsində torpaqlarımız işğaldan azad edildi və şəhidlərimizin qisası alındı".
İdmanın əlbəyaxa döyüş növü üzrə dəfələrlə müxtəlif yerlərə layiq görülən əsgər Anar Rzayev də fiziki hazırlığın əhəmiyyətindən danışdı: "İlk növbədə müntəzəm idmanla məşğul olmaq sağlamlıqla yanaşı, özünəinamın hissini də artırır. Buna görə də hər zaman idmana böyük marağım olub. Daim öz üzərimdə çalışır, məşq edərək təcrübəmi artırırdım. Xidmətə başlamazdan öncə isə məni düşündürən məsələlərdən biri də idmanla necə məşğul olmağım olub. Lakin ordu sıralarına çağırıldıqdan sonra burada vəziyyətin heç də mülki həyatdakı idman şəhərciklərindən seçilmədiyini gördüm. Məhz bu səbəbdən də peşəkar komandirlərimizin nəzarəti altında məşqlərimi daha inamla davam etdirirəm. Günün nizam qaydalarına uyğun olaraq hər gün fiziki hazırlıq məşqləri ilə məşğul oluruq. Bunun nəticəsidir ki, təlimlər zamanı verilən əmr və tapşırıqların öhdəsindən layiqincə gəlirəm".
- Mən də əsgər yoldaşım kimi uzun zaman idmanla məşğul olmuşam. Məhz bu səbəbdən də idman artıq mənim həyat tərzimə çevrilib və mən idmansız günümü təsəvvür edə bilmirəm. Sevinirəm ki, hərbi xidmətdə də idmanla məşğul olmağa davam edə bildim. Peşəkar komandirlərimizin rəhbərliyi ilə keçirilən fiziki hazırlıq məşğələsində bilmədiyimiz bir çox yeni idman hərəkətlərini öyrənirik. Bu da bizim daha güclü olmağımıza birbaşa təsir edir. Düzdür, ilk günlər məşğələ zamanı hər hansısa tapşırıqda çətinlik çəkən silahdaşlarımız olur. Lakin bu zaman ya biz, ya da təcrübəli komandir heyətimiz əllərindən gələni edirlər. Keçirilən məşğələ sayəsində fiziki cəhətdən güclü olduğumuz üçün əminlikdə deyə bilərik ki, biz qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən asanlıqla gəlməyə hazırıq, - bu sözləri isə Masallı rayonundan hərbi xidmətə çağırılan əsgər Amal Teyyublu dedi.
Əsgər Tamerlan Muradov isə bildirdi ki, güclü olmağımız üçün komandirlərimiz əllərindən gələni əsirgəmirlər. "Hər bir idman fənnini uğurla həyata keçirə bilməmiz üçün bilik və bacarıqlarını səfərbər edirlər. Həmişə istəklərimizi nəzərə alırlar. Komandirlərimizin sayəsində fiziki imkanlarımız, idmana olan həvəsimiz gündən-günə daha da artır. Hərbi xidməti başa vurduqdan sonra da idmanla məşğul olmağa davam edəcəyəm”.
Əsgərlərdən Şamxal Hüseynov, Kamran Məmmədov, Kənan Abdullayev və digərləri söhbət zamanı xidmətlərindən, idmana olan sevgilərindən, Müdafiə Nazirliyinin rəhbərliyinin tapşırıqlarına əsasən, hərbi hissələrində fiziki hazırlıqların artırılması üçün yüksək şəraitin yaradılmasından, idmanla həvəslə və yorulmadan məşğul olmalarından, Vətənə layiqli xidmət etməyi özlərinə övladlıq borcu bilmələrindən və bir çox digər mövzulardan söhbət etdilər.
Orxan HÜSEYNLİ
foto
Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"