Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 May 2024 17:43

“Hərbçi peşəsini daha üstün bildim”

Orduda ən gərəkli ixtisaslardan biri də psixoloqdur. Son illərdə ordumuzda bu sahəyə xüsusi önəm verilir. Psixoloqun üzərinə hər bir hərbi qulluqçunun fərdi keyfiyyətlərini öyrənmək kimi məsuliyyət düşür. O, bu barədə hər bir əsgər üçün ayrılmış kitabçada müvafiq qeydlər aparır. Hərbi qulluqçu haqqında doğru, dürüst məlumatlar toplayır və kitaba əlavə edir. Bu daha çox müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir.
Kapitan Məmmədağa Cahangirov ixtisasca filoloqdur. O, Azərbaycan Müəllimləri İnstitutunu bitirib. Ali təhsilini başa vurandan sonra hərbi xidmətə çağırılıb. Məmmədağa xidmətdə olanda öz gələcəyini zabit qismində görüb və hərbçi peşəsini daha üstün tutub. Beləliklə, Məmmədağa 2014-cü ilin oktyabrında "Zabit hazırlığı kursu"nu bitirərək "leytenant" hərbi rütbəsində xidmətə başlayıb. Onun hərbdə yiyələndiyi ixtisas "psixoloq" olub. Ordu sıralarına yenicə cəlb olunmuş gənc əsgərlərlə işləmək onun üçün ilk vaxtlarda çətin olsa da, sonrakı illərdə üzləşdiyi bütün çətinlikləri arxada qoya bilib.
Zabit hazırda gənc əsgərlər taborunda şəxsi heyətin psixoloji vəziyyətinin öyrənilməsi istiqamətində həvəslə çalışır. O deyir ki, hərbi xidmətə yeni gələn əsgərlər ilə fərdi söhbət aparır, onların mülki həyatda üzləşdikləri bütün çatışmazlıqları öyrənir, bu haqda hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi haqqında məlumat kitabçasında xüsusi qeydlər aparır. Hər bir hərbi qulluqçu haqqında bu cür məlumatların əldə edilib yazılmasının olduqca böyük əhəmiyyəti var. Toplamış olduğu hər hansı bir məlumat həmin hərbi qulluqçunun daim diqqətdə saxlanılmasını tələb edir. Bu cür mühüm məlumatlar onların gələcəkdə nöqsansız hərbi xidmətinin aparılmasına zəmin yaradır.
Kapitan Məmmədağa Cahangirov Quba rayonunda doğulub boya-başa çatıb. Hərbi xidmətinin ilk illərini düşmənlə təmas xəttində dağlıq ərazilərdə aparıb. Onun ordu sıralarında zabit kimi xidmət etməsinin əsas məqsədi də düşmən işğalında olan torpaqlarımızın azad edilməsinə öz töhfəsini verməsi olub. Belə ki, 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları zamanı ilk döyüşlərə cəlb olunan döyüşçülərimizdəndir. Kəlbəcər istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Məmmədağa bölüyün şəxsi heyətini döyüşə ruhlandırmaqla yanaşı, həm də onlarla çiyin-çiyinə döyüşüb. Onun bu xidmətləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə  qiymətləndirilib. "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Zabit Elşad Məmmədov da psixoloqun xidmətlərindən razıdır. O qeyd etdi ki, Məmmədağa üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələn bacarıqlı zabitlərdəndir. Onun apardığı psixoloji test nümunələri də bir daha bizə belə deməyə əsas verir.

Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"