Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Qoşun növləri üzrə hərbi hissələrin bir qrup zabit, gizir, əsgər və matros heyəti iştirak edən tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra tədbir iştirakçıları Ulu Öndərin şərəfli həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmi izlədilər.
H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşı Gülxar Məmmədovanın ssenari müəllifliyi ilə Dünya şöhrətli siyasi xadim, Əbədiyaşar Lider, Xilaskar Rəhbər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olundu. Mərkəzin solistləri Ulu Öndərin xatirəsinə musiqilər ifa etdilər.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"
Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin zabitləri, müharibə veteranları, Memarlıq və İnşaat Universitetinin tələbələri, kursantlar, ictimaiyyətin nümayəndələri və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan olundu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film təqdim olunduqdan sonra Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi istefada olan polkovnik Əzizağa Qənizadə çıxış etdi.
Muzeyin rəisi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının ictimai-siyasi həyatındakı rolundan söz açdı. Bildirdi ki, Heydər Əliyev müasir, qüdrətli Azərbaycanın, onun Silahlı Qüvvələrinin yaradıcısı olub. Qədirbilən insanlar, o cümlədən hərbi qulluqçular arasında həmişə dərin hörmət və ehtiramla anılır. "Müstəqilliyimizin ilk illərində Böyük Öndərin rəhbərliyi ilə Azərbaycan xaosdan azad olmağı bacardı. Xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərliyə başladıqdan sonra dövlət çevrilişi cəhdlərinə, müxtəlif maneələrə baxmayaraq, Ulu Öndər cəsarət və qətiyyət nümayiş etdirərək ölkəmizi ağır böhrandan xilas etdi, inkişaf və tərəqqi yoluna çıxardı. Böyük iradə və gərgin zəhmət bahasına Heydər Əliyev ölkə daxilində sabitlik yaratmağa nail oldu və respublikamızın inkişafı üçün zəmin yaratdı".
Muzeyin rəisi çıxışında onu da qeyd etdi ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər oldu. Yəni, o illərdə dövlətçiliyimizin möhkəm təməli qoyuldu. Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi. O illərdə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, siyasi sistem möhkəmləndirildi və ölkəmizin uğurlu inkişafı üçün zəmin yaradıldı. Ulu Öndərin həyata keçirə bilmədiyi işləri bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ləyaqətlə davam etdirməkdədir.
Tarixi şəxsiyyətlərin böyüklüyü öz xalqlarının tarixində oynadıqları rolla, cəmiyyətin inkişafına göstərdikləri təsirin miqyası ilə ölçülür. Dünya səviyyəli dövlət adamlarından söhbət düşəndə istər-istəməz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və onun Azərbaycan naminə gördüyü möhtəşəm quruculuq işləri yada düşür.
Azərbaycanın xarici siyasətindən söz açan tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov qeyd etdi ki, Azərbaycan xalqı tarixi müstəqilliyə qədəm qoyduqdan sonra dövlətimizin rəhbərliyində təmsil olunanlar arasında Ulu Öndər Heydər Əliyev qədər xarici siyasəti mükəmməl bilən və idarə edən güclü şəxsiyyət olmayıb. "1994-cü il mayın 12-də Ermənistanla cəbhədə atəşkəs əldə etdi. Ordu quruculuğuna, dövlətimizin inkişafı naminə qətiyyətli addımlar atdı. Həmin ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bu müqavilə ölkəmizin tərəqqisinə xidmət edən müqavilə idi. Növbəti illərdə "Bakı-Tbilisi-Ceyhan" neft, "Bakı-Novorassiyski" qaz kəmərləri kimi nəhəng layihələrin əsasını qoydu. Bu layihələr Azərbaycanın sürətli inkişafına zəmin yaratdı".
Vahid İsmayılov çıxışının sonunda bir daha qeyd etdi ki, Azərbaycan dövlətçiliyinin inkişafında böyük xidmətləri olmuş Dahi Rəhbər Heydər Əliyevin xatirəsini qədirbilən xalqımız həmişə ehtiramla yad edəcəkdir.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımızın tarixindəki mühüm rolundan danışdılar.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi vətənpərvərlik mahnıları ilə yekunlaşdı. Tədbirin sonunda solistlərə fəxri fərmanlar verildi, xatirə şəkilləri çəkildi.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"