Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2024 19:00

Sən bizim dağların ruhuna bir bax!..

Bu ruh Vətənin müqəddəsliyinin keşikçisidi. Min illərdi ellər dağlara mətərislənib, ağır ellər xalq olub, xalq dövlət qurub - dövlətləşib. Dağların yaşı bilinməz; yadları doğmalarından ayırd edən dağlarımızın ruhu xalq kimi tanıdığı dövlətləşən xalqın  ruhunun səyyarəsi olub. Dikəldiyi torpağı Vətən bilənlərin əli dağların sinəsinə toxunanda dizlərinin taqəti də artıb, ürəyinin təpəri də; dağların sözsüz səsini eşidənlər durulaşıb, saflaşıb, sabahlaşıb. Eynən xalqımız kimi...
Dağların ecazkarlığı Kəlbəcərdə daha böyük, daha bənzərsiz qürurla yaşanılır. Uzandıqca uzanan yollar boyunca sağda - dağlar, solda - dağlar, dağlarda irili-xırdalı mağaralar. On illər, yüz illər boyunca ayaq izi düşəni də var, hələ ayaq izi tanımayanı da. Dağlarda buludların axışını, şimşəklərin çaxışını, yazın-payızın yağışını hamı görə bilər, dağların ruhunun dediklərini ancaq qəlbitəmizlər eşidə bilir. Müharibədən əvvəl də belə olub, müharibədə də belədi, müharibədən sonra da.
Kəlbəcər işğaldan qurtulsa da, başı qeylü-qaldan qurtarmamışdı. Düşmən düşmənçiliyindəydi, imkan tapanda yolu-izi, əhəmiyyətli mövqeləri minalayırdı; dağların gördüyünü göylər görürdü, duyduğunu göylər duyurdu, ruhunun harayını göylər də eşidirdi, dağları ruhuna dilmanc bilənlər də.
1993-cü ilin aprelindən 2020-ci ilin qışına kimi işğal ucbatından Kəlbəcərdə gözəlliklərin necə sıralandığını görəmmədik. Sıralanan gözəlliklərin dağların daş əlləriylə möhürləndiyini, gözəlliyin ya dağlarla başladığını, ya dağlarla tamamlandığını zamanında görənlər unutmuşdu. İndidə görürsən, gördüklərinin başlanğıcmı, nəhayətmi olduğunu kəsdirə bilmirsən. Kəlbəcər ona görə bunca gözəldi, oylaqları, irmaqları, yaylaqları gencə - gözlədi. Kəlbəcərin gözəlliyi incə gözəllikdi.
Dağların sinəsi şırım-şırımdı. Elə bil təbiət daş kirkitlə dağların daş xanasında xalı toxumaq istəyirmiş. Ya zaman imkan verməyib, ya yağmur, çən-çisək, ya da tərsə əsən yellər. Dağların ruhunun dediklərini urəyinlə dinləsən, bunları da eşidərsən; dağlarımız belə dağlardı...
Ötən ilin payızında Kəlbəcərdə heyrətamiz ucalıqda xidmət edənlərimizlə görüşməyə, kəlmələşməyə sağından-solundan yad nəfəsi kəsilmiş yollarla gəlmişdik. 2022-ci il sentyabrın 11-14-də əsgərlərimizi bu ucalığa döyüşə-döyüşə ayaqlarının, dizlərinin açdığı izlər gətirmişdi. Göy üzü bu dağlarda da bayrağımızın işığına sarılmışdı, bu işığı burada qaranlıqlara son örtük eləmişdi... 2023-cü il sentyabrın 20-dən sonra bu örtüyün həmişəlik olduğu əminliklə yaşanılır. Dağların ruhu da belə deyir...
Dağlara baxırsan - min illərin nişanələrini görürsən, dağları dinləyirsən - min illərin olmuşlarını eşidirsən. Dağların ruhu onu da deyir ki, xalqımız min illərlə qananı Haqq əmriynən qandırıb, qanmayanı yan dəmiriynən (orta əsrlərdə cəza aləti). Azərbaycan əsgəri düşməni 2016-cı ilin Aprelində anlatmışdı, 2020-ci ilin payızında (Vətən müharibəsində) Haqq əmriynən (döyüşlə) qandırmışdı, qana-qana qanmazlıq elədiyinə görə 2023-cü ilin sentyabrında yan dəmiriynən (antiterror tədbirləri formatında) birdəfəlik qandırdı...
Birinci Qarabağ müharibəsində Zəngilanda, Şüküratazda nəfəs dərən, torpağı ovucunda dənələşdirən, əzizləyən əsgərdən nə düşündüyünü soruşmuşdum. "Torpağı...", - demişdi. Bu qüdrətli kəlməni Şüküratazın da eşitdiyinə zərrəcə şübhəm qalmamışdı - o anlarda həzin yel əsmişdi, əsə-əsə Şüküratazın o üzünə tələsmişdi...
Vətən müharibəsində Şükürataz torpağı düşünən o əsgərin (əsgərlərin) davamçılarını 27 il əvvəl həmin əsgərin dayandığı yerə çəkmişdi, düşünürəm; dağlarımız belə dağlardı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik". Bu qətiyyət dağlarımızda daha əzəmətlə səslənmişdi.
2020-ci ilin yayında döyüş bölgəsində dağa söykənmiş bir əsgər əlini gözünün üstünə qoyub uzaqlara baxırdı. Gözlə görünən o uzaqlıqlarda düşmən vardı, döyüş növbətçiliyində olmasa da, iti gözlüm düşmənin tərpənişlərini izləyirdi; əsgərin Vətən sevgisində dağların ruhu, dağların ruhunda əsgərin Vətən sevgisi vardı...
27 il qəzəbi dumana dönən dağların ətəklərində çiçəklər açmırdı, təkəm-seyrək açan çiçəklərin ləçəklərinə şeh düşmürdü, bulaqlar səsini içinə çəkirdi, yellər tərsinə əsirdi. Dağların ruhunun dediklərini ürəyiylə, ruhuyla dinləyən Azərbaycan əsgəri dağları bu sıxılcımdan qurtaracaqdı.
Dağlarımız min illərdi xalqın ruhunu yaşada-yaşada torpaqlarımızın hayançısıdı. Ruhu xalqın ruhundan barındığına görə əsgərlərimiz dağların ruhunun sözsüz kəlamlarını xalqın sözü (niyyəti) bilir. Dağların ruhunu dinşəyənlər Dədə Qorqud xeyir-duası eşidir: Qılıncınız korşalmasın, gözlərinizin nuru azalmasın, barmağınız tətikdə titrəməsin! Dağlarımız belə dağlardı...
Dağlarımız yadellilərlə - yadlarla kəlmə kəsməz, dağların səsini, sözünü, kəlməsini, kəlamını ruhunda ruhunun eynini gördükləri eşidir, ruhunda ruhunun eynini gördüklərinin səsini-sözünü eşidir. Vətən müharibəsində Murovdağın da, Ərgünəşin də, Xəzəzin də, Böyük Kirsin də, Kiçik Kirsin də, Dəlidağın da, Şuşanın dağlarının da ətəklərində, ətəklərinə çataqlı yan-yörəsində ot basmış cığırlar Azərbaycan əsgərini döyüşə, döyüşdən qələbəyə aparırdı; Azərbaycan əsgəri dağların ruhunun alğışıyla döyüşürdü. Bu ruh Vətən müharibəsinin qüdrətiylə əsgərləşmişdi. Dağlarımız belə dağlardı...
Döyüşlərdə (müharibədə) dağların ruhunu duymaq da qüdrətdi, bu ruhun dediklərini eşitmək də. Azərbaycan əsgəri  döyüşə-döyüşə dağlara çatdı, nəfəs dərdi, dağların duruşunda döyüş əzmi gördü, döyüş əzmində - qələbə ruhu. Onu da gördü ki, döyüşçü ruhudu dağların ruhu. Döyüşçülərin qələbə ruhunu dağların ruhu ovxarladı. Azərbaycan əsgərini Şuşanın həndəvərlərinə, Şuşanın dağlarına bu iki ruhun doğmalığı, doğmalığın ayrılmazlığı yetirdi...
1993-cü ilin dekabrında Murovdağda, "Güzgü"də əsgərlərlə nəfəs-nəfəsə olduğumuz anlarda da dağların sərt baxışları bir mətləbə yozulmuşdu: Murovdağ sizə sərhəd olmamalıdı! Qarşınıza çıxanları çığnayıb keçin!
 Murovdağ silsiləsinin bizə səmt tərəfi əsgər nəfəsiylə əhatələnmişdi. Taborun əsgərləri "Güzgü"dən qarşıdakı mövqelərdə döyüş növbətçiliyi aparanları əvəzləyəcəkdi. Necə? - yüksəkliyə kəndir-kanatdan tuta-tuta çıxacaqdılar. Şaxtada, qar yağa-yağa. Hərbi əmr həm vətəndaşlıq borcu kimi, həm də qədərsiz sevgi kimi yerinə yetirilir. Belə xidmət Azərbaycan əsgərinin dizinin taqətidi, ürəyinin təpəridi. Ucalıqlar çağırırdı onları. Bu çağırış dağların ruhunun səsiydi: "Ömər"ə, "Ömər"dən Kəlbəcərə yolunuz oradandı. Barmağınız tətikdən üzülməsin!..
Mövqe döyüşlərində qazanılan qələbələr döyüşçüləri Şuşaya yaxınlaşdırırdı. Dərin dərələrdən, sıldırımlı dağlardan, sıx meşələrdən döyüşə-döyüşə Şuşanın hüdudlarına yaxınlaşırdılar. Bu istiqamətdə düşmən Ərgünəşdə, onun həndəvərlərində cəmləşdirdiyi qüvvələrə güvənirmiş...
1993-cü ilin payızında döyüşçülərimizin endiyi cığırlarda 2020-ci ilin payızında Zəfərə yol alanlarımızın güllələri daşlardan qamqalaq qopardırdı; Ərgünəşin bu tərəfinin yükü artdıqca, o tərəfinin yükü azalırdı. Hər qəlbi daşı döyüşçüyə həyan olan dağ da döyüşçüydü elə bil; döyüşçü qəlbi daşa sığınanda elə bilirdi ki, döyüşçü yoldaşıyla nəfəs-nəfəsədi...
Düşmən Ərgünəşdə duruş gətirə bilmədi - qaçıb uzaqlaşdı. Əsgərlərdən biri onun arxasıyca bir güllə atdı,  bir də bir daş: Get, dalınca bir qara daş! Ona elə gəldi ki, bu kəlmələri Ərgünəş dedi. Dağlarımız belə dağlardı...
Dağların boz yapıncısı çiyinindən sürüşmüşdü. Dumanı seyrələn dağlıq ərazinin ətəklərindən üzü yuxarı uzanan izlər güclə seçilirdi.

...ya dizi.

Ya ayağı, ya dizi.

Dağ xalqındı, xalq - dağın,

Cığır olmaz yad izi!..

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına ad olan postdaydıq. Qanadları Yeri kölgələndirən bir qartal görünmüşdü. Qanad çalmadan başımızın üstündə dövrə vurmuşdu və ... üzü dağlara sarı uzaqlaşmışdı; qartal əsgərlərə dağların yolunumu göstərirdi, onları dağlaramı səsləyirdi, qartalın hər uçuşunu uğurlayan dağların əsgərləri də döyüşə uğurlamaq istəyiydimi, "Döyüş yolunuz dağlardan başlasın!" niyyətli qartal xeyir-duasıydımı?..
Mayor Ruslan Novruzov gümanlarımı əsgərlərə bildirmişdi. Dağlara, sonra yoldaşlarına baxan əsgər demişdi ki, dağların o üzü də bizim olacaq. Bu qartalın bu uçuşunu "Mübarizləşin!" niyyətli uçuşa yozuruq. Qartal bizə dağların ruhunun dediklərini çatdırır...
Sən bizim dağların ruhuna bir bax!..
Dağlarımızın ruhu Vətən müharibəsində də əsgərləşmişdi, dağlarımız belə dağlardı...
Sən bizim dağların ruhuna bir bax!..

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"