Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2024 18:55

“Bizim borcumuz onları yaşatmaqdır”

XX əsrdə də böyük hərbi münaqişələr baş verib - bu əsrdə bəşəriyyət iki dünya müharibəsi görüb. Birinci Dünya müharibəsi ən dəhşətli sayılsada, İkinci Dünya müharibəsi bu baxımdan bəşəriyyətin faciəsi oldu - iştirakçı dövlətlərinin sayına, müharibənin aparılması metodlarına və vasitələrinə görə.
İkinci Dünya müharibəsinin ən əsas dövrü Almaniya və onun müttəfiqlərinin SSRİ ilə savaşı oldu. 1941-1945-ci illəri əhatə edən müharibə Böyük Vətən müharibəsi adlandırıldı.
Düşmən üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük rolu vardı. Azərbaycandan döyüşlərə göndərilənlər də rəşadətlə, mərdliklə döyüşdülər. Qələbənin qazanılmasında onların şücaəti də əhəmiyyətli dərəcədə böyük olub.
Azərbaycanlılar qələbə naminə arxa cəbhədə də böyük hünər göstərdilər. Azərbaycan nefti bu qələbənin qazanılmasının əsas şərtlərindən biri oldu. Azərbaycan elmi laboratoriyaları və s. ilə Böyük Vətən müharibəsində ümumi qələbənin təmin edilməsində misilsiz xidmətlər göstərirdi.
Azərbaycan xalqı bu müharibədə əzmkarlıq və qəhrəmanlıq nümunələri göstərdi.  
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın bu müharibədə iştirakı haqqında demişdi: "Böyük Vətən rnüharibəsinə Azərbaycandan 600 minə qədər insan cəlb olunmuşdu. Onlardan 300 min Azərbaycan vətəndaşı müharibədə həlak olmuş, geriyə dönməmişdir. Azərbaycanın qəhrəman oğulları Böyük Vətən müharibəsində şücaət göstərmiş, xalqımızın qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişlər və alman faşizmi üzərində çalınan qələbədə Azərbaycan xalqının da böyük payı vardır. Biz bu gün - Qələbə günü Böyük Vətən müharibəsində, faşizminin qarşısını almaq uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik".
Azərbaycanlıların Böyük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq və igidliklər haqqında minlərlə şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların adları əbədiləşdirilmişdir.
79 ildir ki, 9 May - faşizm üzərində Qələbə Gününü xalqımız da böyük ehtiramla qeyd edir. Minlərlə azərbaycanlı döyüşçü bu Qələbə naminə həlak oldu. Onlar doğma torpaqlarımızdan çox-çox uzaqlarda döyüşməklə həm də doğma Azərbaycanı qoruyurdular. Minlərlə azərbaycanlı döyüşçü orden və medallarla təltif edildi, 100-dən çox həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Ulu Öndər Heydər Əliyev Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyirdi: "…Azərbaycan xalqı sülhsevər xalqdır. Hitler faşizminə qarşı müharibədə xalqımız sülhsevər xalq kimi sülhü, əmin-amanlığı qorumaq, bəşəriyyəti faşizmdən xilas etmək üçün döyüşə qalxmışdı. Azərbaycan xalqı bu gün də yalnız və yalnız öz ərazisini, torpaqlarını, Vətənini, dövlətinin müstəqilliyini qorumaq naminə döyüşür, vuruşur. Biz müharibə istəmirik. Biz müharibə tərəfdarı deyilik. Biz heç kəsin torpaqlarına göz dikməmişik. Ancaq öz torpaqlarımızı da heç kəsə verməyəcəyik…".
Böyük Vətən müharibəsində qazanılan Qələbənin 79-cu ildönümü ərəfəsində Böyük Vətən müharibəsi iştirakçıları o ağır illəri kövrəkliklə xatırladılar....
Zinaida Rəsulova: "Bu tarix müharibədən qayıdanlar üçün daha həssas ovqat yaradır. Azərbaycan xalqının qəhrəmanlığını nə biz unudacağıq, nə də tarix unudacaq".
Hilal İbrahimov: "Müharibədə qazanılmış böyük Qələbəni qeyd etmək bizim də borcumuzdur. 9 May tarixi bizi bir araya gətirir və o illəri, o illərin qəhrəmanlığını xatırlatmaq üçün daha bir imkan yaradır. Biz Böyük Vətən müharibəsi veteranlarıyıq. 44 günlük Vətən  müharibəsində qələbə qazananlarımıza biz də minnətdarıq. Mən də xalqımın oğul və qızları ilə fəxr edirəm. Bizim xalqın gücü bütün dünyaya nümayiş etdirildi. Öz növbəmdə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, belə bir dövlət, belə bir ordu formalaşdırıb".
Məmməd Quliyev: "Bu gün 79 il əvvəl qazanılmış Qələbəni böyük sevgi ilə qeyd edirik. O müharibənin döyüşləri həm çətinliklərlə, həm də dostluq və qəhrəmanlıqla dolu idi. Neçə-neçə döyüşçü dostumu itirdim müharibədə, onların  hər biri mənim qəlbimdə və yaddaşımda yaşayır. Hər bir veteran bunu deyə bilər ki, biz müharibədən sonrakı ömrü həlak olmuş döyüşçülərimizin xatirəsinin yaşadılmasına həsr etmişik. İndi də yadımdadır: Kiyev uğrunda döyüşürdük. Onlarla döyüşçümüz həlak oldu. Müharibə bitəndən sonra mən həlak olan silahdaşlarımın ailələriylə görüşdüm. Onların qəhrəmanlığından danışırdım..."
Tamleyxa Həsənov: "Müharibədə qələbə qazandıq və bu gününü qeyd edirik. Bu müharibə bizim hər birimizə həyat dərsi keçdi. Mən öz uşaqlarıma da, nəvələrimə də həmişə bu müharibədə Azərbaycanın iştirakından, hünərindən danışıram".
Əzim İbrahimov: "Minsk uğrunda döyüşlərdə söz vermişdik ki, əgər hamımız həlak olub, birimiz belə sağ qalsaq, ailəmizə, uşaqlarımıza, gələcək nəsillərə hər birimizin döyüşlərindən, qəhrəmanlığından danışacağıq. Mən özümə borc bilərək təkcə mayın 9-da deyil, il boyu onları yad edirəm".
Ağababa İsgəndərov: "Həlak olmuş döyüşçü yoldaşlarımızı xatırlayırıq, onların ruhuna deyirik ki, siz də qaliblər sırasında oldunuz… …Biz - müharibədən qayıdanlar bu günü daha kövrəkliklə qeyd edirik".
9 May tarixində bütün Azərbaycan xalqı, Qələbə Gününü yadda saxlamaq və onun əhəmiyyətini qəbul etmək üçün bir araya gəlir.

Elvin VƏTƏNDUST, İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"